Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:38

«Dövlət əhəmiyyətli körpü» yaxınlığında aksiya


Saatlıda aksiya
Gözlə
Embed

No media source currently available

0:00 0:02:33 0:00

Sabirabad və Saatlı rayonlarının daşqınlardan zərər çəkən sakinləri Saatlının Novruzlu kəndində aksiya keçirməyə cəhd ediblər. Abbas Atilay və Sevinc Hüseynzadənin

Fevralın 24-də Sabirabad və Saatlı rayonunun bir qrup sakinini aksiya keçirməyə, demələrinə görə, dövlət məmurlarının hələ də onlara bir gün ağlamaması vadar edib. Əllərində keçmiş və indiki prezidentlər - Heydər Əliyevlə İlham Əliyevin şəkillərini tutan aksiya iştirakçıları polisin sərt davranışı ilə üzləşdilər.

“TERRORA VƏ KORRUPSİYAYA YOX DEYİRİK!”

Ötən ilin Kür daşqınlarından 9 ay ötməsinə baxmayaraq aksiya iştirakçılarının deməsinə görə, ya kompensasiya ala bilməyib, ya da cüzi məbləğlə kifayətlənməli olublar.

Bəzilərinin isə şikayəti başqadır. Evləri ziyan görməsə də, demələrinə görə onları məcbur edilirlər ki, öz ata-baba yurdlarından yeni salınmış şəraitsiz qəsəbələrə köçsünlər. Elə buna görədir ki, bu Kür daşqını qurbanları “Terrora və korrupsiyaya yox deyirik!” şüarı altında icazəsiz aksiya keçirməyə cəhd etdi:

“Bax niyə görə Sabirabadın polisi məni evimdə döyməlidir? Bir səbəbini deyin, sonra vurun”

“BİR İLDİR KƏNDİ SU APARIB, KÜÇƏDƏ QALIRAM...”


Səhər saat 10-dan yağışlı hava şəraitinə, palçıqlı-zığlı yollara baxmayaraq 5-6 kəndin əhalisi Saatlının Novruzlu kəndi yaxınlığındakı asma körpünün yaxınlığında toplaşmağa başladı. Aksiyaçıların sayı artdıqca əraziyə axışan polislərin sayında da artım hiss olunurdu. Təxminən 60-a yaxın aksiya iştirakçısının qarşısında elə bir o qədər, bəlkə də daha çox polis toplaşdı. Kəndlilər öz problemlərindən danışmağa başlamışdılar ki, polis dağılışmaq əmri verdi:

- Bir ildir kəndi su aparıb, küçədə qalıram, qonşunun evində. Təmir edəcəm, edəcəm. Nə vaxt edəcək?
- Hansı kənddir sizdə?
- Sabirabad rayonunun Qasımbəyli kəndi.
- Evimin həyətində 3 metr su olub, evimin döşəmələri “dsp” materialı olduğu üçün indi yaşayış mümkün deyil. Amma mən yaşayıram.

“POLİSLƏR MƏNƏ 50 DUBİNKA VURUB”


- 50 dənə dubinka vurublar mənə, boynuma, bədənimə, hər yerimə. Deyir niyə haqqınızı, hüququnuzu tələb edirsiniz. Bunlar kimlərə qulluq edir biz başa düşə bilmirik.

Asma körpü boyunca irəlidə aksiya iştirakçıları, arxalarında isə onları qarşıya - kəndə doğru itələyən polislər arasında bir qədər sonra insident yaşandı. Aksiya iştirakçıları polisə, polis isə onlara palçıq, daş atdı.

Aksiya vaxtı ərazidə olan Saatlı və Sabirabad rayon Polis Şöbəsinin rəisləri jurnalistlərə təzyiqin olduğunu, aksiya iştirakçılarının döyüldüyünü təkzib etsələr də bütün bunlar bizim gözümüzdən yayınmadı. Polis üstəlik aksiyanın məhz icazəsiz olduğu üçün dağıdıldığını bildirirdi. Saatlı Rayon Polis Şöbəsinin rəisi Ağəli Xəlilov:

“Burda 6-7 kəndin əhalisi toplanıb, cəmi 30-35 nəfərdir. Onlarla profilaktik söhbət aparıldı, sakitcə dağılışıb gedirlər. Heç bir qanun pozuntusu aşkar edilmədi. Onların aksiyası razılaşdırılmadığı üçün icazə verilmədi. Və burda dövlət əhəmiyyətli – Araz çayının üzərindən keçən körpüdür, o körpüyə olmaz yaxınlaşsınlar”.

Dəfələrlə Prezident Aparatı, Nazirlər Kabineti və digər rəsmi orqanlara qəbula düşməyən kəndlilər prezidentə bu aksiyadaca öz müraciətlərini səsləndirməyə imkan tapdılar:

NÖVBƏTİ AKSİYA PREZİDENT APARATI QARŞISINDA...


“Çox güman ki, yaxın günlərdə bizim bu aksiyamız böyük şəkildə Prezident aparatının qarşısında keçiriləcək. Nəticə əldə olunmayınca bizim camaat toxtamayacaq. Ona görə biz dəqiq qərara gəlmişik və hamı ayılıb ki, bizim camaat yüz faiz terrora məruz qalıb”.

Aksiyaya gələn “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının əlaqələndiricisi Oqtay Gülalıyev də daşqınlar başlanandan bu yana insanlara lazımi yardım edilmədiyini bildirdi:

“Ən yüksək məbləğ 1600 manat birdəfəlik yardım nəzərdə tutulur, Birincisi bu məbləğ çox kiçikdir, digər tərəfdən hətta bunun ozü bilə insanlara verilməyib”.

- Mən 200 manat pul almışam.
-3 uşağım məktəbə getməlidir, imkan daxilində onları məktəbə göndərə bilmirəm.
- 1 hektar bostanım batıb, yoncam, taxılım hamısı batdı. Cəmi adambaşına 200 manat verilib. Bu 9 ayda biz onunla necə dolanaq?
Bunları da aksiyaya gələn insanlar deyirdi.

“BİZİM EVLƏRİ BİR QRUP MƏMUR BASIB”

Aksiyaya iştirakçıları deyirdi ki, onların evlərini Kür yox, bir qrup məmur “basıb”. Sarısu gölünü bir neçə kəndə, o cümlədən Novruzluya tərəf açmaqla onlara qarşı “terror” edilib. İndi isə Novruzlu kəndlilərini yeni salınan qəsəbəyə köçürmək tələbi də bu “terror”un davamıdır. Sakinlər məmurların onların torpaqlarına göz dikdiyindən şikayətlənirdilər...

Sabirabad rayonunun Qasımbəyli kənd icra nümayəndəsi Babaxan Ənnağıyev isə deyilənləri təkzib etdi və yaxın günlərdə kompensasiyaların verilməsinin tamamlanacağını dedi:

- Ödənilib, bir-iki ailə qalıb, onlara da ödəniləcək.
- Bəs niyə bu vaxta qədər gecikdirilib?
- Fövqəladə Halların komissiyaları var, o komissiyalar dəqiqləşdirə bilmirlər ki, kiminki bəırkitmə, kiminki təmirdir, kiminki qəzalıdır. Bunlar ayrı-ayrı kompensasiyadır.

Aksiya zamanı 4 nəfər saxlanmışdı. Günün sonunda isə onların sərbəst buraxıldığı məlum oldu.

Ötən ilin mayından Kür çayı daşaraq ətraf rayonları basıb. Minlərlə evə ziyan dəyib. Prezident daşqının nəticələrini aradan qaldırmaq üçün 300 milyon manat vəsait ayrılması barədə göstəriş vermişdi.
XS
SM
MD
LG