Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:49

Üçrəngli bayrağı 1956-cı ildə Nyu-Yorkda kim ucaltdı?


Məcid Musazadə-Qarsalanlı
Martın 1-i AzadlıqRadiosunun yaranmasından 58 il ötür. Bu «İz» radionun yaranmasında iştirak etmiş, uzun illər radioda çalışmış, 70-ci illərdə radionun Azərbaycan xidmətinə başçılıq etmiş, üçrəngli bayrağı 1956-cı ildə ABŞ-ın Nyu-York şəhərində ucaltmış, Azərbaycanın müstəqilliyi uğrunda fəal mübariz Məcid Musazadə-Qarsalanlının əziz xatirəsinə həsr olunur. Verilişdə Məcid Musazadəni şəxsən tanıyan iki şəxs -- mühacirət tariximizin görkəmli araşdırıcısı, həyatının son illərində onunla dostlaşmış Ramiz Abutalıbov və onu gənclik illərindən tanıyan qohumu Bənövşə Ağamalıyeva xatirələrini danışır. Beləliklə, «Bir bayraq əfsanəsi» adlandırdığımız «İz» qarşınızdadır.

MƏCİD MÜƏLLİMLƏ 80-Cİ İLLƏRİN SONUNDA TANIŞ OLDUM

--Ramiz müəllim, Məcid Musazadə ilə harada tanış oldunuz?

Ramiz Abutalıbov:--Məcid Musazadə ilə məni ilk dəfə İkinci Dünya müharibəsindən sonra Avropada qalan soydaşlarımızdan biri-- Qədir Süleymanoğlu (indi də sağdır, Allah ömrünü uzun eləsin, yaşı 90-ı ötüb) tanış etdi. Qarabağ məsələsi təzə başlamışdı. O vaxt Bakıda «Samizdat» nəşrlər çıxırdı. Bakı Universiteti buraxırdı, Bəxtiyar Vahabzadə, Süleyman Əlyarlı məqalələr yazırdılar. Mən də onları alıb göndərirdim Məcid müəllimə. Hərçənd o vaxt təqaüddəydi, amma bütün materialları verirdi AzadlıqRadiosuna.

--O dönəmlərdə AzadlıqRadiosunun Baş ofisi Münhendə yerləşirdi...

--Elədir. Radioda belə bir bölmə vardı, yəqin arxivdə qalıb— «Arxiv samizdata». SSRİ-nin bütün respublikalarından gələn belə nəşrlər barədə həm verilişlər verirdilər, həm də arxivdə saxlayırdılar. Bir məqaləni də mən yazmışdım, müəllifini Çingiz Səttarov adlandırmışdım, axı sovet vətəndaşıydım, ora açıq yaza bilməzdim. Qarabağ məsələsindən yazdım, göndərdim Məcid müəllimə, verdi radioda.

--Bənövşə xanım, Siz Məcid Musazadənin nəyi sayılırsınız?

Bənövşə Ağamalıyeva: - Mən Məcid Musazadənin baldızı idim. Məcid 3 yaş məndən böyük bacım Nazlının həyat yoldaşı idi.

MƏCİD ALMAN DİLİNİ GÖZƏL BİLİRDİ

--Necə xatırlayırsınız Məcid bəyi?

--Müharibəyə qədərki dövrü xatırlayıram. Tez-tez bizim rayona gələrdi. Biz balacaydıq. O Bakıda universitetdə oxuyurdu, həm də Nizami Muzeyində işləyirdi. Onu çox müasir adam sanırdıq. Alman dilini gözəl bilirdi. Eşitdiyimə görə, Universitetdə alman dilində buraxılan divar qəzetinin redaktoru idi. 1941-ci ildə müharibə başlanandan bir ay sonra onu apardılar. Əvvəlcə Salyanski kazarmada 4-5 ay komandirlik oxudu. Həftədə bir dəfə iki saat evə buraxırdılar. Məcidin atası ilə bizim atamız lap cavanlıqdan dost olublar. Onları nişanladılar. 1941-ci ildə toya üç gün qalmış müharibə başladı...Məcid tək oğul olduğu üçün atası onu müharibəyə göndərməzdən əvvəl evləndirmək istəyirdi. Atama yalvardı ki, sənin 6 uşağın var, elə bil birini mənə verirsən. Qoy toy edək, Məcid getsə də, gəlin qalsın yanımızda. Atam da, bacım da yarıkönül razılaşdılar. Heç toy da olmadı. Biz Kürdəmirdə yaşayırdıq, Məcidgil Bakıda. Kəbin kəsildi, evləndilər. Bir həftə sonra Məcidi əsgər apardılar...

Ramiz Abutalıbov: -- Məcid Musazadənin təxəllüsü Kərsalani idi. Müharibə dövrü redaktoru olduğu «Azərbaycan» qəzetini belə imzalayırdı—Məcid Kərsalani. İndi yazdığım qeydlərə baxıram—1914-də anadan olub, 1990-cı ildə rəhmətə gedib. Son dəfə onunla Türkiyənin Kayseri şəhərində görüşdük. Orada 1-ci Millətlərarası Azərbaycan Konqresi keçirilirdi. Konqresdən bir az sonra dünyasını dəyişdi.

FƏLAKƏT!

- Bənövşə xanım, Məcid bəy bir də qayıtmadı. Bəs bacınız Nazlının həyatı necə keçdi?

--Fəlakət! Bir həftənin gəlini oldu. Məni də Bakıya gətirdilər ki, bacım darıxmasın. Hamilə qalmışdı. Bacımın doğuş ağrıları tutanda, qayınanası maşın tapmaq üçün getdi, həmin vaxt poçtalyon Məcidin ölüm xəbərini gətirdi. Halı necə ola bilərdi? Təzəcə Tibb İnstitutuna girmişdi. Qardaşımız müharibədən yazdı ki, Nazlı, sən Tibb İnstitutundan çıx, çünki orada hətta 6 ay oxuyanları da cəbhəyə basırlar. Bacım o üzdən institutu atdı. Uşaq olandan 20 gün sonra Məcidin atası qəzaya düşüb öldü...

Ramiz Abutalıbov
--Bəs bacınız oğlunu necə böyütdü?

--Atam gəldi Bakıya, bacımı qayınanası ilə bir yerdə Kürdəmirə apardı. Orada yaşadıq, uşaq böyüdü, bacım qiyabi ali pedaqoji təhsil aldı. Gecə-gündüz, hər gün, hər il, hər dəqiqə, hər saniyə Məcidi gözləyirdi...(Ağlayır). Sirdaşı da mən idim.

--Bəs ərə getmədi ondan sonra?

--Çox yerdən istədilər, getmədi. Oğlu 16 yaşında olanda, atamın, qohumların məsləhəti ilə ailə qurmağa razılıq verdi.

ABŞ-DA İLK AZƏRBAYCAN CƏMİYYƏTİNİ O YARADIB

Ramiz Abutalıbov: - Məcid Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdi. Müharibəyə qədər Nizami Muzeyində çalışmışdı. 1942-ci ildə əsir düşmüşdü, legionçulara qoşulmuşdu. Legionçuların orqanı olan «Azərbaycan» qəzetinin birinci nömrəsi Fuad Əmircanın redaktorluğu ilə çıxmışdı. Amma Fuad bəy Türkiyə türkcəsi ilə yazdığından, legionçular qəzeti tam anlamırdılar. O üzdən ikinci nömrədən qəzet Məcid Musazadənin redaktorluğu ilə çıxmağa başladı. Sonra legionçular 1943-cü ildə böyük bir Konqres keçirdilər. O Konqresdə Milli Birlik Məclisi yaradılmışdı. Azərbaycanın istiqlalı ön plana çəkilmişdi. Konqresin təşkilat komitəsində polkovnik İsrafil bəy və Məcid Musazadə vardı. Məcid Musazadə Nyu-Yorkda da yaşamışdı. «Amerikanın səsi»ndə işləməyə başlayan ilk azərbaycanlılardandır. Hətta Nyu-Yorkda Ənvər Sultanzadə ilə ilk Amerika-Azərbaycan Cəmiyyəti də yaratmışdı. O cəmiyyət indiyəcən qalır.

MƏCİDDƏN KAĞIZ GƏLDİ Kİ, SAĞAM!


--Bənövşə xanım, nə vaxt eşitdiniz ki, Məcid Musazadə sağdır?

--İli dəqiq yadımda deyil. O vaxt mən ərə getmişdim. Həyat yoldaşım zabit idi, Almaniyada xidmət edirdi. Bir dəfə məzuniyyətə gələndə, bacım mənə gizlicə bir kağız göstərdi. Kağızı ona Məcidin keçmiş universitet müəllimi gətiribmiş. Müharibə bitəndən sonra legionçuların düşərgəsində bu müəllim Məcidlə qarşılaşıb. Məcid ona kağız verib ki, filankəslərə çatdır. Müəllim qorxudan o kağızı gizlədib, bir neçə aydan sonra gətirib Nazlıya vermişdi ki, sənin ərin sağdır. O kağız bacım ölənə qədər—2002-ci iləcən onda idi...

--Belə çıxır ki, bacınız müharibədən sonra bilib ərinin sağ olduğunu...

--Hə, o bildi ki, Məcid sağdır, bildi ki, Məcid evlənib, hətta uşaqları olub, ondan sonra ərə getməyə razı oldu. Mənim bibim oğlu da müharibədə əsir düşmüşdü. O, qayıdanda danışırdı ki, Məcidi orda görüb. Azərbaycan dilində buraxılan qəzetin redaktoru imiş. Düşərgədə azərbaycanlılar arasında təbliğat aparırmış.

ONA GÜLLƏLƏNMƏ KƏSMİŞDİLƏR

-- Siz özünüz də müharibədən sonra Şərqi Almaniyada—Drezdendə yaşayırdınız, Məcid bəyin yaxınlığında...Heç bir cəhd etdinizmi görüşməyə?


--Mümkün idimi? Hətta bizə çatdırmışdılar ki, ona Sovet hökuməti güllələnmə kəsib. Vətənə gəlsəydi, öldürəcəkdilər.

--Bəs Sizi incitmədilər onun legiondakı, AzadlıqRadiosundakı fəaliyyətinə görə?


--Atam bacımı rayona aparandan sonra Nazlını tez-tez Kürdəmirdə KQB-yə çağırdıqları yadıma gəlir. «Əlaqən varmı»--deyə soruşurdular. «Kimi gözləyirsən, niyə ərə getmirsən?»—deyirdilər. Məcidin anasına da 40 il biz baxdıq.

BÖYÜK ARXİVİ VARDI

Legionçuların orqanı olan «Azərbaycan» qəzetinin birinci nömrəsi Fuad Əmircanın redaktorluğu ilə çıxmışdı.
Ramiz Abutalıbov:--Müharibədən sonra AzadlıqRadiosu yarananda, Azərbaycan xidmətinin rəhbəri Azərbaycan legionçularının başçısı Ə.Fətəlibəyli-Düdənginski oldu. İsmayıl Əkbər, Məcid Musazadə, Əli Həsənzadə və b. Münhendə işləməyə başladılar. Əvvəllər sıravi işçi idi. İsmayıl Əkbərdən sonra 1977-79-cu illərdə AzadlıqRadiosu Azərbaycan xidmətinin rəhbəri olmuşdu. Təqaüdə çıxmışdı. 1988, ya da 89-cu il idi, məni qonaq çağırdı, Parisdən Münhenə getdim, onların evində qonaq qaldım. «Əli və Nino»nu Azərbaycan dilinə ilk dəfə o tərcümə etmişdi. Həmin tərcüməni də mənə verdi. Böyük arxivi vardı. Hamısını gətirə bilmədim. Məni Nyu-Olm şəhərinə-- Ə. Fətəlibəyli-Düdənginskinin məzarını ziyarətə də apardı. Həyat yoldaşı alman idi—İren Qreqori-Musazadə. İki qızları vardı, amma onları görə bilmədim, ABŞ-da idilər. Məcid müəllimin ölümündən bir il sonra Münhenə getdim. Həyat yoldaşı ilə birgə qəbrini ziyarət etdim. Alman qəbiristanlığında dəfn olunub.

ATA-OĞUL GÖRÜŞDÜLƏR


--Bənövşə xanım, Məcid bəy buradakı ailəsiylə 80-ci illərdə əlaqə yaratmadı?

--Hə, «perestroyka» dövründə bizim nümayəndəmiz ora getmişdi—professor Ağamusa Axundov, o, Məcidlə görüşmüşdü. Gələndən sonra bacımı tapdı, danışırdı ki, çox yaxşı adamdır, elədir-belədir. Məcid Ağamusa müəllimə söz vermişdi ki, bir az sakitlik olsun, Bakıya gələcəyəm. Çox sevinirmiş. Sonra oğlu da getdi atasının yanına.—1989-cu ildə. Görüşdülər. Məcidin o biri həyat yoldaşından iki qızı da varmış. Çoxlu söhbətlər gətirdi. Deyirdi ki, atamla çox oxşayırıq. Amma Məcid Bakıya gələ bilmədi...

BÖYÜK VƏTƏNSEVƏR, GÖZƏL İNSAN...

Ramiz Abutalıbov:--Məcid müəllim çox gözəl insan idi. Böyük vətənpərvər, savadlı adamdı. Gözəl məqalələr yazırdı. O yazılardan bəzisini vermişəm Dövlət Arxivinə, vaxtınız olsa, baxarsınız. Mənim arxivimin içindədir. Müraciətləri var beynəlxalq təşkilatlara, dövlət başçılarına Qarabağ məsələsi ilə bağlı. O dövrdə ikisi də çox aktiv idi—həm Əli Həsənzadə, həm də Məcid Musazadə.

UŞAQ KİMİ AĞLAYIRMIŞ...


Bənövşə xanım:--Hələ oğlu Almaniyaya getməmişdən əvvəl mən bütün qohumları yığıb videoya aldırmışdım. Oğlunu da otuzdurdum yanımda, o gedəndən sonra doğulan uşaqları da. Nazlının qızları da ordaydı. Dedim, Məcid, bax, bu oğlundur, biz böyütdük, bax, bu filankəsdir...Olan dəyişikliklərdən danışdım. Dedim, biz səninlə uzun illər yaxın şəhərlərdə yaşamışıq, amma bir-birimizə çata bilmədik...Göndərdik Almaniyaya. Sonra oğlu ora gedəndə, qızı deyib ki, o videonu alandan sonra atam özündə deyil, bütün günü ağlayır, baxır, uşaq kimi ağlayır...Yəqin o da ona bir zərbə oldu, yaşlı adam idi...

--Bənövşə xanım, bəs Məcid bəyin oğlunun başına nə gəldi?


--Oğlu Bakıda atasından üç il sonra—1993-cü ildə elə yatdığı yerdə dünyasını dəyişdi. İki qızı qalıb, nəvələri var.

P.S. «İz» proqramı Məcid Musazadənin Dövlət Ədəbiyyat və İncəsənət Arxivindəki yazılarına, məktublarına da nəzər yetirdi. Verilişdə Məcid bəyin 1956-cı ildə Cümhuriyyət Bayrağını Nyu-Yorkda necə hazırlatdığını və ucaltdığını öz dilindən səsləndirmişik. Dinləyə bilərsiniz. Yeri gəlmişkən, Məcid bəyin yazılarının surətini AzadlıqRadiosuna təqdim edən Arxivin direktoru Maarif Teymura, bizi Bənövşə xanımın izinə salan Ruhəngiz Fətullayevaya təşəkkürlərimizi bildiririk.
XS
SM
MD
LG