Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:35

«11 mart»a qarşı hökümətin ehtiyat tədbirləri


AzadlıqRadiosunun «İşdən sonra» proqramında «Hökumətin ehtiyat tədbirləri» haqda danışarkən Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu belə deyir.

«Facebook» sosial şəbəkəsində «11 mart - xalq hərəkatı günü» səhifəsinin yaradıcılarından biri Bəxtiyar Hacıyev deyir ki, səhifənin təşkilatçısı və ya sifarişçisi yoxdur.

«Facebook»dakı həmin səhifənin təşkilatçıları kimi görünən şəxslər əslində texniki baxımdan təşkilatçıdırlar. Bu tədbir sadəcə olaraq elə bir məkan təklif edir ki, orada hakimiyyətdən narazı insanlar, xüsusilə gənclər və «Facebook» istifadəçiləri öz təkliflərini irəli sürsünlər, öz qərarlarını versinlər. Burda vahid bir təşkilatçı yoxdur».

Mübariz Əhmədoğlu isə deyir ki, 11 mart günü ilə bağlı çağırışlar hakimiyyət nümayəndələrini qətiyyən narahat etmir.

«Mənim hakimiyyətdəkilərlə təmasım var. Amma mən bir dənə də olsun 11 mart-12 mart söhbəti ilə bağlı söz eşitməmişəm. Mən elə başa düşürəm hazırda cari proseslər hökumət adamlarının gündəliyi əvvəlki günlərdən heç nə ilə fərqlənmir».

Mübariz Əhmədoğlu deyir ki, belə şeyləri qadağan etməklə bu hadisələrin qarşısını almaq olmaz. O deyir ki, bu əks effekt verə bilər.

«Mən inanmıram ki, hökumət tapşırıq versin, dövlət adamı ki, hansısa bir kollektivin rəhbərinə gəzin hamının ağzını yumun və tapşırın ki, filan işi etməsin. Bu əks effektdir. Bu mümkün deyil».

«Şərq- Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu isə deyir ki, hakimiyyətin tədbirlər planı var və bu təkcə 11 marta aid deyil.

«Mən deməzdim ki, bu tədbirlər proqramı, bu fəaliyyət təkcə 11 və ya 12 martla əlaqədardır. Bu ümumilikdə görünür. Artıq bir aya yaxındır ki, bu proses gedir. Əslində bir çox elə rəsmilərin özləri də dolayısı ilə etiraf etdilər ki, hakimiyyətin antikorrupsiya, rüşvətə qarşı kampaniyasının da kökündə bilavasitə dünyada baş verən inqilablar dayanır».

Ərəstun Oruclunun
fikrincə demək olar ki, bütün müsəlman ölkələrindəki rejimlər anoloji rejimlərdir. Buna görə də Azərbaycan hakimiyyəti də bu təhlükəni görür. Politoloqun fikrincə əsas prinsipial xətt olaraq baş verə biləcək bu cür xalq çıxışlarının qarşısını almaq üçün hakimiyyət gücə istinad edir.

«Bu gün Azərbaycanda cəmiyyətdə baş verən prosesləri, müxalifətdə baş verən prosesləri, vətəndaş cəmiyyəti və əsasən onun gənclik hissəsində baş verən prosesləri, dünyada Azərbaycan ətrafında baş verən prosesləri və eyni zamanda Azərbaycan hakimiyyətinin daxilində görünən prosesləri təhlil etdikdə görürsən ki, hakimiyyətdə belə bir hadisələrin Azərbaycanda təkrarlanacağı ehtimalı var və təkrarlanacağı halda da Azərbaycan hakimiyyətinin bundan qaçmaq üçün əsas nəzərdə tutduğu vasitə gücdür».

«Facebook» sosial şəbəkəsində «11 mart - xalq hərəkatı günü» səhifəsinin yaradıcılarından biri Bəxtiyar Hacıyev deyir ki, hazırda gənclər tərəfindən müxtəlif aksiyalar planlaşdırılır.

«İndi hazırda müzakirə olunur fərqli aksiyalar. Hansılar ki, yeri və tarixini çox az sayda adam bilir. Və onun qarşısını almaq bir az çətindir. Onlar haqqında həmin «Facebook» səhifəsində və başqa yeni yaradılacaq səhifədə məlumat veriləcək».

Politoloq Mübariz Əhmədoğlu isə bildirir ki, həmin aksiyalar zamanı 10 dənə yerə hər birinə ayrı-ayrılıqda 1000-1500 gənc toplaşsa da bunun qarşısını almaq çətin deyil. Amma belə aksiyalar onun özü üçün də maraqlıdır.

«Əhalidə müəyyən qədər dinamizmin olmağı cəmiyyətin inkişafı üçün faydalıdır. Bir yoxlayaq görək hələ bu flash aksiyalar nə qaydada keçəcək. Gənclərimizin düşüncəsinə təsirləri nə qədərdir. Sadəcə maraqdan o yana başqa bir şey görmürəm».

Mübariz Əhmədoğlu onu da bildirir ki, ərəb ölkələrində baş verənlərdən heç bir ölkə sığortalanmayıb.

Facebook sosial şəbəkəsində “11 mart - xalq hərəkatı günü” səhifəsinin yaradıcılarından daha biri Həbib Müntəzir isə hakimiyyətdə olanların özünü ehtiyatlı olmağa çağırıb.

«Mən hakimiyyətin üzvlərini özlərini ehtiyatlı olmağa çağırırıram. Özlərini toparlamağa çağırıram. Azərbaycan gəncliyini bu cür aşağılamaq, bu cür xor görmək bu hakimiyyətin bir növ alətinə çevrilib. Amma mən inanıram ki, ayın 11-də Azərbaycan gəncliyi öz gücünü, öz etiraz səsini, yeni nəfəsini bu hakimiyyətin özünə göstərəcək. Onu göstərəcək ki, Azərbaycan gəncliyi rüşvətə yox deyir. Onu deyəcək ki, bu gənclik sürünmək üçün doğulmayıb».

Həbib Müntəzir
deyir ki, bu aksiyaların nəticəsində nə baş verdiyini dəqiq bilməsə də, nəyinsə baş verəcəyinə əmindir. Həbib Müntəzir onu da deyib ki, bu səhifəni yaradan gənclər heç bir partiyanın üzvü deyil.

Politoloq Ərəstun Oruclu isə deyir ki, hakimiyyət anlamalıdır ki, artıq gənclik yetişib.

«Əgər doğrudan hakimiyyət də situasiyanı belə başa düşürsə, belə qiymətləndirirsə o zaman vəziyyət bizim təsəvvür etdiyimizdən qat-qat fəlakətlidir. Doğrudanmı Azərbaycan hakimiyyətində başa düşmürlər ki, bu gün artıq Azərbaycan cəmiyyətinin fəal hissəsi müxalifət partiyaları deyil. Bu gün artıq gənclik yetişib. Güclü bir gənclik yetişib»

XS
SM
MD
LG