Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:38

Rüşvət və cəmiyyət


AzadlıqRadiosunun «İşdən sonra» proqramında filosof Ağalar Məmmədov və hüquqşünas Erkin Qədirli «Rüşvət və cəmiyyət» mövzusunda fikirlərini bölüşüblər.

Ağalar Məmmədov:

«İnsan təbiəti ikilidir, təzadlıdır. İnsan olan yerdə yalan danışmaqdan tutmuş cinayətə qədər hər şey var».

«Dünyada rüşvət var, bizdə də var demək cığallıqdır».

«Tək-tük istisnalar xaric, cəmiyyət siyasi iradə ilə qurulur. Siyasi iradə yoxdursa, orda cəmiyyət yox, təbiət var».

«Azərbaycana gəldikdə, Azərbaycanda bir nökərçilik, tabeçilik şüuru var».

«Tabeçilik altında yaşayan insan, xalq mütləq məkrli planlara əl atacaq, qısa yolla getməyə çalışacaq».

«Biz rüşvətə öyrəncəliyik».

Erkin Qədirli:

«Əgər səbəb müstəmləkə və ya keçmiş siyasi sistem olsaydı onda bu Gürcüstanda da alınmazdı».

«Normalda insanlar boş yerə pul xərcləmir. Əgər insanlar toplum halında rüşvət verirsə, demək burda bir fayda görürlər ki, verirlər».

«Rüşvət insanların işini asanlaşdırır. Onlar rüşvət verməklə zamana və sinirlərinə qənaət edirlər».

«Qapalı sistemlərdə düzgünlüklə rahatlıq arasında ziddiyyət yaranır. Bu ziddiyyət olanda insanlar əksəriyyəti rahatlığı seçir».

«İnsanları qınamıram rüşvət verdiyinə görə. Çünki sistem onları bu hala təşviq edir».

«Birdəfəlik etiraf edək ki, insanlar bir dəfə yaşayır və bir dəfə yaşadığını bilir, yaxşı yaşamaq istəyir, bacarırsa başqalarına rahatsızlıq vermədən yaşayır».

«Məsələ nə bizim insanların «pisliyin»də, nə onların nəyə isə hazır olmamasında, nə onların guya ki, geridə qalmasında deyil. Insanlar hər yerdə eynidir. Fürsət görərsə rüşvət də alacaq, qaydaları da pozacaq».

Ağalar Məmmədov:

«İnsanlar bu vəziyyətlə barışmış kimidirlər. Səbəb axtarmırlar».

«Cəmiyyətdən vətəndaşlıq şüuru tələb etmək, amma özünün dövlətin funksiyalarını yerinə yetirməməsi böyük bir haqsızlıqdır».

«Küçədəki Məmiş kişi vətəndaşlıq nə olduğunu bilmir, yuxarıda da dövlətin nə olduğunu bilmirlər».

Erkin Qədirli:

«Bunlar prezidenti abstrakt hakimiyyət kimi qavramırlar. Bunlar üçün prezident İlham Əliyevdir».

«Kobud gerçəklik kimi bu gün rüşvət bütün sahələrdə var, bütün sistemimiz pozğundur, korrupsiya içindədir, ayrı-ayrı adamları qınamaqla, işdən çıxarmaqla və yaxud həbs etməklə iş düzəlməyəcək».

«Sistemi kökündən dəyişmək lazımdır».

Ağalar Məmmədov:


«Bunlar islahat-zad aparmaq fikrində deyillər. Çünki ümumiyyətlə anlamırlar bizi».

«Vəzifədən uzaqlaşdırılmağı cəza növü kimi qəbul edirlər. Çünki vəzifə bir yük deyil, vəzifə bir çörək ağacı kimidir».

«Prezidentin və yaxud siyasi hakimiyyətin cəmiyyətlə dialoqu- gedib, orta məktəb şagirdi ilə görüşüb, balaca bir körpə uşağı qucağına götürmək deyil».

Erkin Qədirli:

«Mən millətimizdən xahiş edirəm özlərinə qarşı bir az qürurlu olsunlar. Mən genetik kod anlayışını qəbul etmirəm. Alnımıza yazılıb, qanımızda var kimi belə anlayışları rədd edirəm».

«Bizim insanlar niyə mübarizəyə qalxmır. Çünki asan yol var».

«Dövlətin borcu odur ki, abstrakt hakimiyyət yaratsın, hüququn üstünlüyünü təmin etsin, mübahisələrin mədəni həlli yolunu tapsın, o da məhkəmə müstəqilliyidir, onun məmurları tutduğu vəzifəyə şəxsi xidmət sahəsi kimi baxmasın və vətəndaşa minnətlə yanaşmasın».

XS
SM
MD
LG