Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:44

Azərbaycan aktyoru nədən qorxur?


Kamran Yunis
«Azərbaycan aktyorlarının vəziyyəti çox acınacaqlıdır»

Bu sözləri «Yuğ» Dövlət teatrının aktyoru Kamran Yunis AzadlıqRadiosunun «Can Bakı» proqramının 10 mart—Teatr Günü»nə həsr olunmuş «Sən necə yaşayırsan, Azərbaycan aktyoru?» mövzusunda keçirdiyi müzakirədə söylədi.

AKTYOR TAMADALIQ EDİRSƏ...

Bunu deməyin, açıqlamağın önəmli olduğunu, çoxdan zamanı gəldiyini düşünən Kamran Yunis Azərbaycan aktyorlarının vəziyyətini «həddən ziyadə pis» adlandırmaqdan da çəkinmədi: «Aktyor toylarda tamadalıq edirsə, demək, onun oynadığı obrazların səviyyəsi də düşür».

TEATRA DƏRİNDƏN BAXAQ...

Kamran Yunis teatra səthi deyil, dərindən nəzər salmağın gərək olduğunu bildirdi: «Düzdür, səthi baxanda, tamaşalar hazırlanır, qastrollara da gedirik, mükafatlar da alırıq, amma fikrimcə, aktyorların durumunu daha dərindən düşünmək lazımdır».

QORXURAM!--NƏDƏN?


Hazırda ölkə teatrlarının dünya standartlarına can atdığını, bərpa olunduğunu önə çəkən Kamran Yunis bir şeydən qorxduğunu da etiraf etdi: «Qorxuram ki, teatrlarımızın səviyyəsini yüksəldək, amma o məqama çatanda, Azərbaycanın 120-180 manat maaş alan möhtəşəm sənətkarlarını itirək. Bax, bu, dəhşətdir! Çünki ara-sıra uzaqdan sezilən işığı itirməkdən qorxuram».

BU MAAŞLA YAŞAMAQ OLMAZ!

Aktyor indicə qədərini açıqladığı maaşla yaşamağın mümkün olmadığını söylədi: «Sənət şövqündən, ilhamından, yaratmaqdan, peşəkar potensialdan danışmıram. Sadəcə, yaşamaqdan, var olmaqdan danışıram. Bu, mümkün deyil!».

BİZ DÜNYANI FƏTH ETMƏYƏ QADİRİK!

Millətinin istedadını təsdiqləyən Kamran Yunis bu fitri istedad üçün nəyin gərək olduğunu da sadaladı: «Münbit torpaq, parlaq günəş şüası lazımdır ki, onlar öz potensiallarını, istedadlarını göstərə bilsinlər».

YOLPULUSU OLMAYAN XALQ ARTİSTLƏRİ VAR!

Kamran Yunis Azərbaycan teatrlarında yolpulu tapmayan, o üzdən də işə gələ bilməyən aktyorların olduğunu etiraf etdi! «Bax, biz məsələnin bu önəmli tərəfindən danışmalıyıq».

EVSİZ AKTYORLAR VAR...

Kamran Yunis aktyorların mənzil probleminin olduğunu da vurğuladı: «Bizim Elşən Rüstəmov adlı gözəl aktyorumuz var—tamaşaları, filmləri ilə hamını valeh edir. Amma kirayədə yaşayır. Belə misallar çoxdur. Demək istədiyim odur ki, maddi problemlər insanları boğur. Nə qədər dözmək olar? Biz normal yaşamaq istəyirik!».

KAMRAN YUNİS DÜZ DEYİR!

Novruz Qartal və İlhamə Əhmədova
Verilişin digər qonaqları-- Dövlət Musiqili Komediya Teatrının aktyoru Novruz Qartal və Bakı Uşaq Teatrının aktrisası İlhamə Əhmədova də Kamran Yunisin dediklərini təsdiqlədilər. Novruz Qartal: «Aktyor xalqın, millətin güzgüsüdür»,- dedi - «O, yaxşı yaşamalıdır».

PREZİDENTİMİZ YƏQİN Kİ, İŞƏ QARIŞACAQ

Novruz Qartal ümid etdiyini bildirdi ki, ölkə prezidenti, Mehriban xanım bu məsələyə qarışacaq və aktyorların maddi vəziyyətini yaxşılaşdıracaq.

NOVRUZ BƏY, HƏLƏ DƏ KİRAYƏDƏSİNİZMİ?

Aparıcının: «Novruz bəy, 5 il öncə AzadlıqRadiosunun «İz» proqramının qonağı olanda, kirayədə yaşadığınızı söyləmişdiniz. Hələ də kirayədəsinizmi» - sualı belə cavablandı: «64 yaşım var, 43 ildir səhnədəyəm, hələ də haqımı almamışam, hələ də evim yoxdur. İstərdim ki, Mədəniyyət və Turizm Nazirliyi və teatrın rəhbərliyi bu barədə düşünsünlər. Demirəm ki, milyon versinlər, sadəcə, yaşatsınlar. Küçədə gedəndə, deməsinlər ki, ona bax, ayaqqabısı cırıqdır...».

NƏ QƏDƏR SƏNƏTKAR İTİRDİK?


Novruz Qartal bir ilin içində teatrın nə qədər sənətkar itirdiyini sadaladı: «Telman getdi, Elxan getdi, Ofeliya Aslan, Lütfiyyə Səfərova, Sabir Sultanov, Saleh Sadıqov, Xanlar Muradov, Fuad Əhmədov, Ağarəfi Rəhimov, sonda Elçin Həmidov kimi aktyoru itirdik. İstəyirəm ki, bizim aktyorlar problemlə yaşamasın, içinə salıb ürəyi partlamasın».

ÖZ AKTYORLARIMIZA QİYMƏT VERMİRİK

İlhamə Əhmədova Azərbaycan teatrında öz aktyorlarımızın dəyərləndirilmədiyinə də diqqət çəkdi: «Kənardan aktyor dəvət edəndə, normal pul ödəyirlər, özümüzünkünə qəpik-quruş verirlər. Reklamda çəkilməyə çağırırlar, yenə az miqdarda pul ödəyirlər. Dublyajda da eləcə». İlhamə xanımın fikrincə, aktyorların dolanışığı normal olmalıdır ki, onun beyni, ağlı ancaq səhnədə olsun. «Məşq edirik, rejissor xəbərdarlıq edir ki, məşqdəsən, fikrin burada olsun. Ola bilmir. Beyin işləyir ki, necə edim? Haradan pul tapım ki, ailəmi dolandırım, kirayəni ödəyim? Bütünlüklə məşqdə ola bilmirik».

--Qonaqlarımız işlədikləri teatrlardan nələr danışdılar?

--Aparıcının «Dünya teatrlarının aktyorlarının həyatı, məişəti barədə eşidəndə, hansı hisləri keçirirsiniz»- sualını necə cavabladılar?
--Novruz Qartal qonşu Gürcüstana qastrol səfərindən nələr söylədi?
--Sizcə, «kasıb ölkə»nin aktyorları ayda nə qədər maaş alırlar?
--Rustaveli teatrına girən Novruz Qartal niyə ayaqqabısını çıxarmaq istədi? Niyə Hacı Zeynalabdin Tağıyevin evinə girdiyini zənn etdi?
--Martın 20-də Novruz günü 64 yaşını tamamlayacaq Novruz Qartal aktyorların gözəl yaşayacağı günün tarixini necə açıqladı?

Azərbaycan aktyorunun problemlərini öz səsindən eşidin. «Can Bakı» qarşınızdadır.

XS
SM
MD
LG