Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:47

İ. İbrahimli: «Müstəqillik əldə etdik, amma insanlar hələ kölə vəziyyətdədir»


İbrahim İbrahimli
İbrahim İbrahimli
Bu il Azərbaycanın müstəqilliyinin 20 ili tamam olur. Bu münasibətlə suallarımıza müstəqillik haqqında konstitusiya aktının müəlliflərindən biri, keçmiş millət vəkili İbrahim İbrahimli cavab verir:

- İbrahim bəy 20 il əvvəli necə xatırlayırsınız?

«BÖYÜK BİR İMPERİYA ÇÖKÜRDÜ»

- Təbii ki, 20 illik zaman kəsiyindən baxanda, bu hadisələri hərtərəfli anlayırsan, daha geniş təhlil imkanı qazanırsan. Dünyada yeni bir hərəkat başlamışdı və Azərbaycanda baş verənlər də onun tərkib hissəsi idi. Böyük bir imperiya çökürdü. Bu imperiya daxilində millətlər müstəqillik uğurunda mübarizə aparırdı və biz də bu mübarizənin içində idik. Təbii ki, bu mübarizədə Azərbaycan xalqının xüsusi yeri oldu. Aparılan mübarizənin nəticəsini görmək, onu hüquqi cəhətcən əsaslandırmaq, illərin xəyalını gerçəkləşdirmək şərəfli bir işdir. Bu şərəf mənim və dostlarımın çiyninə düşdü...

- Siz bu məsələni zaman aspektindən dəyərləndirdiniz. Çox maraqlıdır, həmin aktın qəbulundan cəmi 7 ay əvvəl bu aktı qəbul edən Azərbaycan parlamentinin üzvləri SSRİ-nin saxlanması üçün referenduma səs vermişdilər. SSRİ-nin saxlanması üçün keçirilən referenduma səs verən millət vəkillərinin bəziləri indi də hakimiyyətdə təmsil olunur. Bu da zamanın işidir?

«DEMOKRATİK BLOKUN 10 ÜZVÜ PARLAMENTİN BİNASINDACA ACLIQ AKSİYASINA BAŞLADI»

- O vaxt SSRİ-nin saxlanması ilə bağlı referenduma səs verib-verməmək Azərbaycan parlamentində də ciddi müzakirə olundu. Demokratik blokdan olan cəmi 40-a yaxın millət vəkili referendumun əleyhinə çıxdı. Deputatların böyük əksəriyyəti SSRİ-nin saxlanması ilə bağlı referendumun keçirilməsinə səs verdi. Onlardan bəziləri yenə bu hakimiyyətdə təmsil olunur. Onda demokratik blokun 10 üzvü parlamentin binasındaca aclıq aksiyasına başladı. Bizi zor gücünə parlamentin binasından çıxartdılar. Sonra biz bu aclıq aksiyasını Xalq Cəbhəsinin binasında davam etdirdik. Mərhum Əbülfəz Elçibəy də bizə qoşuldu. Yəni, o vaxt biz canımız bahasına olsa da, bu mübarizəni apardıq. Sabir Rüstəmxanlını çıxmaqla o mübarizəni aparanlardan heç kim parlamentə düşə bilməyib. Onda müstəqilliyin əleyhinə olanlar bu gün hakimiyyətdə təmsil olunurlar.

- Heydər Əliyev də referendumun əleyhinə səs vermişdi.

«ŞAHMƏRDAN CƏFƏROVU NAXÇIVANDA VƏHŞİCƏSİNƏ QƏTLƏ YETİRDİLƏR»

Dünyada yeni bir hərəkat başlamışdı və Azərbaycanda baş verənlər də onun tərkib hissəsi idi
- Bəli, bu komandadan bircə o, SSRİ-nin saxlanmasının əleyhinə çıxmışdı. Ancaq onun komanda üzvləri müstəqilliyin əleyhinə olublar. Onlar müstəqillik əleyhinə necə canfəşanlıq edirdilər, bu indi kinolenti kimi gözlərim önündən keçir. Ancaq müstəqilliyə səs verənlər yenə zindanlara atılıblar. Baxın Arif Hacılı həbsxanadadır. 2003-cü ildə müstəqillik aktına səs verən millət vəkillərindən düz 5-i həbs edilmişdi. O cümlədən mən. Müstəqillik aktına səs verənlərdən Şahmərdan Cəfərov var idi, onu Naxçıvanda vəhşicəsinə qətlə yetirdilər. Konstitusiya aktının birbaşa müəlliflərindən Tofiq Qasımov da 1994-cü ildə həbs edildi. Sonra isə müstəqil Azərbaycanda yaşaya bilmədiyindən mühacirət etdi. Müstəqillik aktına səs verənlərdən Məryəm Həsənova millət vəkili kimi pensiya almaq üçün məhkəməyə müraciət etməli olmuşdu. Konstitusiya qəbul edilərkən 1990-1995-ci illərdə seçilmiş millət vəkilləri imtiyazlardan kənara qoyuldular.

- Buna səbəb nə oldu?

«İNDİ AZƏRBAYCAN TARİXİNİN SAXTALAŞDIRILMASI PROSESİ GEDİR»

- Çünki indi hakimiyyətdə olanlar müstəqilliyə ya qarşı olmuşdular, ya da kənarda gözləmə mövqeyi tutmuşdular. Ona görə də müstəqillik uğrunda mübarizə aparan insanlara qısqanc münasibət var. İndi Azərbaycan tarixinin saxtalaşdırılması, özününküləşdirilməsi prosesi gedir. Hər şeyi Heydər Əliyevin və onun komandasının adına çıxırlar. Bir sözlə, müstəqillik uğrunda mübarizə aparan insanların haqları və hüquqları zəbt edilib. Bu, tarixin ironiyasıdır. Dünən üçrəngli bayrağın əleyhinə olan insanlar bu gün o bayrağın kölgəsində insanların haqlarını, hüquqlarını mənimsəyir. Əslində biz de-yure müstəqil olsaq da, de-fakto müstəqil deyilik. Elə bu hakimiyyətin arxalandığı Rusiya Azərbaycanın müstəqilliyinə təhlükədir. İnsanlar Sovetlər dönəminin nostalgiyasına qapılırlar. Müstəqillik əldə etsək də, insanlar hələ də kölə vəziyyətindədir. İqtisadi problemlər içərisində əzilib məhv olurlar.

- Yaxşı, 20 il əvvəl deyirdiniz ki, Azərbaycanın bütün sərvətləri Moskvaya gedir. Kreml vətəndaşları kölə vəziyyətinə salıb. İndi problem nədir?

«BİR QRUP ÖLKƏNİN TƏBİİ SƏRVƏTLƏRİNİ MƏNİMSƏYİR»

- Müstəqil olsaq da, hakimiyyətin atadan oğula ötürülməsindədir, korrupsiyadadır, monopoliyadadır. Bu ölkənin müstəqilliyinin yaşı qədər az qala eyni adamlar nazir vəzifəsində çalışırlar. İndi bir qrup ölkənin təbii sərvətlərini mənimsəyir.

- Belə olan halda müstəqillik uğrunda mübarizəyə görə peşmançılıq hissi keçirmirsiniz ki?

- Əsla. İndi də demokratiya uğrunda mübarizə aparırıqsa, demək peşmançılıq hissi yoxdur. Fərdlər, komandalar, rejimlər gəldi gedərdi. Əsas məsələ Azərbaycanın müstəqilliyidir. Tarixdə qalan elə o müstəqillik aktıdır. Hətta bəzən bu hakimiyyət belə onu xatırlamaq məcburiyyətindədir.
XS
SM
MD
LG