Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:37

Rüstəm İbrahimbəyov prezidentə yeni açıq məktub göndərib


Rüstəm İbrahimbəyov AzadliqRadiosunun Bakı bürosunda, 7 may 2010
Rüstəm İbrahimbəyov AzadliqRadiosunun Bakı bürosunda, 7 may 2010
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov prezident İlham Əliyevə növbəti açıq məktub göndərib.

Tanınmış yazıçı, dramaturq və kinorejissor prezidentə məlumat verir ki, mətbuata verdiyi bir müsahibədən sorna rəhbərlik etdiyi Kinematoqrafçılar İttifaqının bütün maliyyə qaynaqları əlindən alınır: “Bu gün həmin yüksək vəzifəli məmurlar respublikadakı ideoloji vəziyyətə təsir göstərməklə köhnə sovet metodları ilə hərəkət edirlər, yəni onların demokratik baxışlardan uzaq olan fikirləri ilə üst-üstə düşməyən istənilən fikri boğurlar. Və bu da fəal çalışan yaradıcı təşkilatın çətin vəziyyətə düşməsinə səbəb oldu.

Əvvəlcə, “Azərbaycan” kinoteatrının özəlləşdirilməsi adı altında Dövlət Əmlak Komitəsi bizi bu yeri icarəyə götürmək hüququndan məhrum etdi. Biz avtomatik olaraq əsas maliyyə mənbəyini itirdik.

Sonra “Şərq-Qərb” festivalının dövlət tərəfindən dəstəklənməsi dayandırıldı və nəticədə ölkənin mədəni reputasiyasına zərbə ilə yanaşı İttifaqın iqtisadi durumu da xeyli pisləşdi.

Kinematoqrafçılar İttifaqının Bayıldakı torpağının qanunsuz zəbt olunması ilə bağlı sizə dəfələrlə müraciət etmişəm. Kinematoqrafçılar İttifaqına qarşı gizli iqtisadi müharibənin tərkib hissəsi olaraq Azərbaycan Dövlət Neft Şirkətinin özbaşınalığı bizim təşkilata dağıdıcı zərbə vurdu. Hazırda işə məhkəmələrdə baxılır. Əfsuslar olsun ki, hamıya məlumdur ki, hakimlər itaətkarlıqla “yuxarıların” göstərişlərini yerinə yetirirlər. Odur ki, özəl mülkiyyətin dövlət idarələri tərəfindən zəbt olunması ilə bağlı başqa hallarda olduğu kimi, bizim də işimiz üzrə qərarlar bizim torpağa heç bir hüquqi olmayan neft şirkətinin xeyrinə qəbul olunur.

Amma yaxın zamanda vəziyyətimizin yaxşılaşacağı ilə bağlı ümidlərimi itirmirəm. Müasir, sivil, demokratik ölkədə bir qrup insan uzun müddət bu qədər kobud özbaşınalığı davam etdirə bilməz. Və Respublika Kinematoqrafçılar İttifaqının üzvlərinin də şərik olduğu ümidlərim ölkə prezidentinin şəxsən xalqın mənəvi həyatının kino kimi əhəmiyyətli sahəsində problemləri həll etmək üçün imkan tapacağına əsaslanır. ”

Rüstəm İbrahimbəyov bundan əvvəl də bir neçə də prezidentə həmin problemlə bağlı müraciət edib. Amma dövlət başçısından heç bir reaksiya olmayıb.

Rüstəm İbrahimbəyov dövlət başçısı kimi prezident İlham Əliyevə alternativ görmədiyini deyir. Amma eyni zamanda da cəmiyyətdə bəzi siyasi proseslərə də tənqidi münasibəti var. O, 2008-ci ildə prezidentlik müddətinə məhdudiyyətin ləğvinin əleyhinə olub.
XS
SM
MD
LG