Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 03:54

Koroğlu dastanı ("Aşıq Cünun" qolu) - 4


əvvəli

Günlərin birində Koroğlu yenə də Qıratı minib gədiyi kəsmişdi.

Bir də baxdı ki, budu bir karvan gəlir. Koroğlu gözlədi, elə ki, karvan gəlib çatdı, bir nərə çəkib atı dağdan aşağıya buraxdı.

Karvandakı adamlar əl-ayaq açana kimi Koroğlu onların başının üstünü aldı.

Deyirlər Koroğlu hər karvanı soyub dağıtmazdı.

Qabaqca onlardan bac istərdi. Bu karvanın da qabağını kəsib bac istədi.

Bəzirganbaşı onu tək görüb sözlərinə fikir vermədi. İstədi ki, karvanı çəksin.

O bilmirdi ki, bu adam adı dillərdə dastan olan qoç Koroğludur.

Qan vurdu Koroğlunun beyninə. Dəli Koroğlu yenə coşdu. Əvvəl Misri qılınca əl
atmaq istədi. Sonra lənət şeytana deyib üç telli sazı döşünə basıb, görək nə dedi:

Gəl sənə söyləyim, bəzirganbaşı,
Gəlmişəm mən səndən bac alam, gedəm!
Dağıdam qəfləni, tökəm malını,
Gəlmişəm mən səndən öc alam, gedəm!
Polad şeşpərinən əzəm başını,
Axıdam gözünün qannı yaşını,
Cidayilən ölçəm al qumaşını,
Nağdın da olmasa, vec alam, gedəm!
Koroğluyam, sərt qayadan atıllam,
Harda dava olsa orda tapıllam,
Ac qurd kimi cümlənizə təpilləm,
Ortadan olmazsa, uc alam, gedəm!
Bəzirganbaşı bunun Koroğlu olmağına inanmadı. O eşitmişdi ki,
Koroğlunun yeddi min yeddi yüz yetmiş yeddi dəlisi var ki, onlar düşmən
görəndə, şirə, pələngə dönürlər. İndi onu görüb Koroğlu olduğuna
inanmadı, bac vermək istəmədi. Atını sürüb yola düzəlmək istəyirdi
ki, Koroğlu aldı başının üstünü, görək nə dedi:
Almamış al qumaşını,
Buraxmaram səni burdan!
İçib doymamış qanını,
Buraxmaram səni burdan!
Tutubsan yükünü uca,
Sənsən tacirbaşı xoca.
Matahını soymayınca
Buraxmaram səni burdan!
Meydanda şeşpər atmamış,
Qolların dalda çatmamış,
Qırat döşünə qatmamış,
Buraxmaram səni burdan!
Haradan tutdun sorağı,
Al eylədin qannı yağı,
Sinənə çəkməmiş dağı,
Buraxmaram səni burdan!
Qoç Koroğlu istər xərac,
İyidsənsə gir, meydan aç.
Malını eylərəm tarac,
Buraxmaram səni burdan!
Koroğlu sazla dediyi kimi sözdə də dedi:
– Bəzirganbaşı! Mən səninlə dava eləmək istəmirdim. İndi ki, bac
vermədin, öz xoşunla dava-dalaşsız karvanı Çənlibelə çək! Yoxsa
zorla aparacağam.
Bəzirganbaşı özünü elə göstərdi ki, guya razıdı, karvanı Çənlibelə
çəkir. Amma hiylə yolu ilə göz altı öz yaraxlı-yasaqlı adamlarına him
elədi ki, Koroğlunu vursunlar. Yaraqlı tacirlər Koroğluya hücum elədilər.
Elə bil ki, beş-on dənə siçan bir qızmış kərgədanı öldürmək
istəyirdi. Bu qabaqca Koroğluya gülməli gəldi. Sonra boynunun qatqat
duran əti qızardı. Koroğlu aşdı, daşdı, aslan kimi coşdu, qaplan kimi
qeyzə gəldi. Misri qılıncı çəkdi, tərlan kimi Qıratın belinə yatıb meydana
təpildi. Sağdan vurdu soldan çıxdı, soldan vurdu sağdan çıxdı,
tacirləri xurd-xəşil elədi. Baxdılar ki, yox bu zarafat eləməli adam
deyil, silahlarını töküb dayandılar. Koroğlu hamısını Qıratın döşünə
qatıb Çənlibelə gətirdi. Dəlilər qabağa çıxdı. Malları yerə düşürdülər,
yerbəyer eləməyə başladılar. Koroğlu baxdı ki, tayların içində bir
böyük dəmir sandıq var. Fikirləşdi bu yəqin qızıl-gümüşdı. İşarə elədi
sandığı açdılar. Nə çıxsa yaxşıdı. Baxdılar ki, sandığın içində saçı çiynində
bir adam uzanıb. Koroğlu qaldı məhəttəl ki, bu nə sirrdi? Döndü
bəzirganbaşı tərəfə ki, ondan soruşsun, gördü bəzirganbaşı meyit kimi
tir-tap uzanıb yerə. Yanına yüyürdü, gördü xeyir ha... dünən ölübsən,
bu gün! Bəzirganbaşı qup-quru quruyub. Dəlilərdən birisi dedi ki, bəs
sən sandığı açanda o özündən getdi. Sudan-zaddan tökdülər, kişi bir az
özünə gəldi. Koroğlu soruşdu: “Bu nə sirrdi?”.
Bəzirganbaşı dedi:
– Koroğlu, indi ki, belə oldu, düzünü deyəcəyəm. Bu mənim aşığımdı.
Adı da Aşıq Cünundu. Bu o qədər ayağı yüngül, xeyir bərəkətli
adamdı ki, mənim yanıma gələndən bəri mal-dövlətim həddini aşıb.
Sən bizə hücum eliyəndə mən havanı bulut görüb onu sandıqda gizlətdim
ki, bəlkə malım, dövlətim getsə də, o qalsın.
Koroğlu fikrə getdi. Bir tərəfdən Aşıq Cünunu öz yanında saxlamaq
istəyirdi, bir tərəfdən onu bəzirganbaşının əlindən zorla almaq
istəmirdi. Bir də başını yuxarı qaldıranda Aşıq Cünunu qabağında diz
çökmüş gördü.
Aşıq Cünun dedi:
– Qoç Koroğlu, gözüm, könlüm səni tutub. Ömrümün axırınacan
sənə qulluq edəcəm.
Aşıq Cünun o gündən Koroğlunun yanında qaldı. Ömrünün lap
axır gününəcən onun aşığı oldu.
Deyirlər ki, Aşıq Cünun həmişə şəhərləri, kəndləri, obaları, oymaqları
gəzib dolanardı, harda bir iyid, nəcib, ana südü əmmiş oğlan görsə
gəlib Koroğluya xəbər verərdi. Koroğlu da onları öz dəstəsinə gətirdərdi.

davamı
XS
SM
MD
LG