Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:27

Şərurda “Moskviç”ləri yığırlar


Arxiv şəkil
Arxiv şəkil

Naxçıvanın Şərur rayonunda “Moskviç” markalı avtomobillərin istismarına qadağa qoyulub. Bu haqda AzadlıqRadiosuna Şərurdan olan bir qrup “Moskviç” sahibi məlumat verib.

Sürücülərin deməsinə görə, onları bir neçə gün öncə Şərur Rayon Polis İdarəsinə çağırıblar. Burada bildiriblər ki, istehsal ilindən asılı olmayaraq bütün “Moskviç”lər polis idarəsinin həyətinə gətirilməlidir. Sürücülər deyir ki, növbəti gün hər kəs öz “Moskviç”ini polis idarəsinin həyətinə gətirib.

“MOSKVİÇ” ÜÇÜN 70 MANAT

Burada isə sürücülərin dediyinə görə, hər avtomobil üçün 200 manat kompensasiya ödənildikdən sonra “Moskviç”lər ağır texnika vasitəsilə əzilərək yararsız hala salınıb.

Şərur sakini Əlövsət Novruzov:

“5 ay öncə 1991-ci ilin istehsalı olan “Moskviç” almışdım. Bu günlərdə polis xəbər elədi ki, maşını gətir “QAİ”-nin həyətinə. Özüm getdim. Polislər dedi ki, maşını bu gün gətirsən, sənə pul verəcəyik. Mən bir gün sonra apardım, mənə cəmi 70 manat verdilər. Dedilər “gecikmisən, ona görə sənə az pul düşür”. Sonra gözümün qabağında maşını əzib, “komyon”a yükləyib, “metallom”a apardılar.

Ceyran kimi maşın idi. İki inəyimi satıb 1000 manat pul vermişdim həmin “Moskviç”ə. Bütün işimi aşırırdı. Mənə verilən 70 manatla yenidən maşın ala bilməyəcəm”.

Məsələyə münasibət öyrənmək üçün Naxçıvan Muxtar Respublika Daxili İşlər Naziri Əhməd Əhmədovun özü ilə saxladıq. Nazir suallarımızı dinləyəndən sonra telefonu söndürdü.

NAXÇIVANDA “MOSKVİÇ” VAR Kİ?


Naxçıvandan olan millət vəkili Eldar İbrahimov isə deyilənlərin həqiqətə uyğun olmadığını bildirir:

“Yalan deyirlər. Naxçıvanda heç, “Moskviç” var ki, onun da istismarına qadağa qoyula? “Moskviç” 1950-ci illərin istehsal idi. İndi dünyanın heç bir yerində nümunə üçün olsa belə “Moskviç” tapa bilməzsən. Naxçıvanda da “Moskviç” qalmayıb.

Naxçıvanda 1996-cı ildən əvvəl istehsal olunmuş maşınlar istismar müddəti bitmiş maşınlar sayılır və onların istismarına icazə verilmir. Çünki, Naxçıvanın özü maşın buraxır. (Bir neçə ildir ki, Naxçıvanda Çin şirkətinin "Lifan" markalı maşınları yığılır - red.) Kim almaq istəsə, imkan yaradırlar, kreditlə gedib alır. Bu deyilənlər Naxçıvandakı qayda-qanunları gözü götürməyən insanların dedi-qodusudu. Naxçıvanda yüksək səviyyədə qayda-qanun hökm sürür. Qoy, Bakı da Azərbaycanın digər rayonları da getsin Naxçıvandan qayda-qanun öyrənsin”.

“JİQULİ” DƏ QADAĞAN OLUNA BİLƏR?

Naxçıvanlı hüquq müdafiəçisi Elman Abbasov isə baş verənləri qanunsuzluq saysa da, yerli sakinlərdə də günah görür:

“Bir müddət öncə Naxçıvanda motosikletləri əzib “metallom”a göndərdilər. Heç kim səsini çıxarmadı. İndi də başlayıblar “Moskviç”ləri sıradan çıxarmağa. Daxili İşlər Nazirliyinin bu hərəkətləri heç bir qanuna əsaslanmır. Bu, Naxçıvanda insan haqlarının pozulmasıdır. Mən təklif edirəm ki, hüququ pozulan vətəndaşlar Azərbaycan Daxili İşlər Nazirliyinə, Respublika Prokurorluğuna və digər aidiyyatı qurumlara şikayət etməlidilər. Yoxsa, dünən motosikletləri, bu gün “Moskviç”ləri əzirlər, sabah deyəcəklər ki, “Jiquli” sürmək qadağandı”.

Bir müddət öncə Naxçıvan Muxtar Respublikasında sovet istehsalı olan bütün növ motosikletlərin istismarına qadağa qoyulması barədə məlumat yayılsa da, rəsmi izah verilməmişdi.
XS
SM
MD
LG