Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:25

İcmalar Qafqaz Müsəlmanları İdarəsinə hesabat verəcəklərmi?


Nardaranda yerləşən məscid
Nardaranda yerləşən məscid
Milli Məclis «Dini etiqad azadlığı» haqqındakı qanuna iyirmiyədək dəyişiklik etməyə hazırlaşır. Qanun layihəsinə görə, islam icmaları Qafqaz Müsəlmanları İdarəsinə hesabat verəcəklər. Bundan başqa, dini qurumlara dini mərkəz və idarələr rəhbər təyin edəcək və yalnız bundan sonra fəaliyyət göstərə bilərlər.

Daha bir dəyişiklik isə dini icmanın qeydiyyata alınması ilə bağlıdır. İndi qeydiyyat üçün 10 nəfərin müraciəti yetərlidirsə, yeni qanun layihəsinə görə, 50 nəfər müraciət etməlidir.

«DÖVLƏT MƏSCİDDƏ NƏ BAŞ VERDİYİNİ GÖZƏL BİLİR»

Müşfiqabad məscidi dini icmasının rəhbəri Mübariz Qaçayev yeni dəyişiklikləri «oyun» adlandırır:

«Dini icma varsa, o məsciddə icma rəisi və ya imamı özü seçməlidir. Nədən tanımadıqları adamı gətirib imam etməlidirlər? Məntiqə uyğun deyil. Onların arasında savadlı olmasa, yenə başqa məsələ ».

O ki qaldı, dini icmaların Qafqaz Müsəlmanları İdarəsinə hesabat verməsinə, Mübariz Qaçayev buna da etiraz edir. O deyir ki, müsəlman icmaları rəsmi quruma hesabat verə bilərlər, qeyri-hökumət təşkilatı olan Qafqaz Müsəlmanları İdarəsi isə ikinci dərəcəli olmalıdır. Bir də ki, Azərbaycanda məscidlər onsuz da nəzarət altındadır:

Mübariz Qaçayev

«Hamının xəbəri var ki, məsciddə vəziyyət nə yerdədir, kim necə ibadət edir? Vallah, mən bu oyunlardan baş açmıram. Ancaq məscid göz qabağındadır. Dövlətin də xəbəri var, yoxlayır ki, orda nə baş verir, hansı söhbətlər gedir. Dövlətdən gizlin nə olasıdır? Olsa da cavab verilməlidir. Onlardan soruşmaq lazımdır ki, məqsəd nədən ibarətdir?»

«BAŞ NAZİR DƏ PARLAMENTƏ HESABAT VERİR»

Parlamentin insan haqları komitəsinin üzvü Astan Şahverdiyev hesab edir ki, dini etiqad azadlığı ilə bağlı qanuna vaxtaşırı dəyişikliklər olmalıdır: «Bu zərurətdir». Deputatın fikrincə, dini icmaların Qafqaz Müsəlmanları İdarəsinə hesabat verməsində qeyri-adi heç nə yoxdur.

- Hesabat verməlidirlər də. Nəylə məşğul olurlar, maliyyə mənbəyi nədir? Əlbəttə hesabat verməlidirlər. Müxtəlif cərəyanlar var. İcma adı altında dövlətçilik əleyhinə çıxırlar, ya dinin mənfi tərəfləri ilə məşğul olurlar. Nəsə qeyri-sabitlik yaratmaq istəyirlər.

- Məqsəd onları nəzarətdə saxlamaqdırmı?

- Niyə o saat mənfi tərəfi fikirləşirsiz? Baş nazir də hökumətə hesabat verir, parlament onu nəzarətdə saxlayır?

«BƏS QAFQAZ MÜSƏLMANLARI İDARƏSİ KİMƏ HESABAT VERƏCƏK?»

Dini məsələlər üzrə ekspert Elşad Miri isə sualı belə qoyur:

Elşad Miri

«Bəs Qafqaz Müsəlmanları İdarəsi kimə hesabat verəcək? İkincisi, bu nə qədər şəffaf qurumdur? Bütün bunlar Gürcüstandakı hadisələrdən sonra QMİ-nin əlini gücləndirməyə xidmət edir. Yəni özü dini icma olan İdarəyə başqa dini icmaların hesabat verməsi o qədər məntiqsizdir, uyğunsuzdur. Bunun nəyə söykəndiyi bilinmir. Baxın, qeyri-islam təmayüllü dini icmalarla bağlı belə məsələ varmı? Varmı ki, provaslavlar harasa hesabat verməlidirlər? Yox. Bu sadəcə QMİ ilə bağlı məsələdir».

Ekspert son dəyişiklikləri dini etiqad azadlığına təcavüz kimi qiymətləndirir.

«MƏQSƏD NƏZARƏTİ GÜCLƏNDİRMƏKDİR»

Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin rəhbəri İlqar İbrahimoğluna görə isə bu dəyişikliklər dini etiqad azadlığının məhdudlaşdırılmasına xidmət edir. O bu cür hala beynəlxalq praktikada da rast gəlmədiyini bildirir.

Deputat İqbal Ağazadəsə bu fikirdədir ki, məqsəd dini qurumlar üzərində nəzarəti daha da artırmaq, bir mərkəzə tabe etdirməkdir. Deputat deyir ki, bu dəyişikliklər qüvvəyə minsə, ciddi problemlər yaradacaq.

Qanun layihəsi Parlamentin İnsan Haqları Komitəsində müzakirə olunub və parlamentin müzakirəsinə tövsiyə olunub. Komitə sədri Rəbiyyət Aslanova bunu zamanın tələblərindən irəli gələn dəyişiklik kimi izah edib.

«Dini etiqad azadlığı haqda» qanuna sonuncu dəfə iki il əvvəl dəyişiklik edilib.
XS
SM
MD
LG