Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:47

«Eurovision» qələbəsinin Azərbaycan prezidenti üçün çətinliyi


«Eurovision 2011»-də Azərbaycan təmsil edən Ell və Nikki
«Eurovision 2011»-də Azərbaycan təmsil edən Ell və Nikki
Daniel Lansberg-Rodriguez

Ötən ay 120 milyondan çox tamaşaçı Azərbaycanın pop-duetinin 2011-ci il «Eurovision» müsabiqəsindəki qələbəsini izlədi. «Eurovision»-a bu vaxtacan hələ bu qədər adam baxmamışdı.

50 ildən artıqdır ki, milli elementlərə görə «Eurovision» Avropanın ən yaxşı pop müsabiqələrini kölgədə qoyub. Bir tərəfdən xalq mədəniyyəti tamaşası hesab olunsa da, digər tərəfdən «Eurovision»-nın uğuru Avropanın təkamülünü göstərib. Qitənin coğrafi konsepsiyası dəyişdiyi kimi əhalisi də müxtəlifləşib. Elə müsabiqə qalibləri də - Balkanlardan tutmuş keçmiş Sovet İttifaqı, hətta Türkiyəyə qədər (2004-cü ildə) bu yarışmanın qalibi olub.

YA ALQIŞ, YA QARĞIŞ

Hər il «Eurovision» müsabiqəsi ötən ilin qalib ölkəsində keçirilir. «Eurovision» tamaşaçıları isə bundan əvvəl heç onları maraqlandırmayan yerlərə səfər edirlər. Belə bir reklam ev sahibi olan ölkə rəhbərləri üçün ya alqış ya da qarğışa səbəb ola bilər.

Bəs Azərbaycan prezidenti İlham Əliyev bu imkandan necə yararlanacaq?

O, artıq fikirləşməlidir- Avropadan gələn ilk kütləvi auditoriya qarşısına çıxanda ölkəsinin necə görünməsini istəyir? Paytaxt Bakı Avropa Birliyi şəhərlərindən Kabil ya Bağdada daha yaxındır. Ancaq azərbaycanlılar özləri barədə daha çox Avropa çərçivəsində düşünüblər.

«İLK MÜSƏLMAN DEMOKRATİYASI»

Azərbaycan 1918-ci ildə ilk dəfə Rusiya imperiyasından qurtulub müstəqilliyini qazananda onun vətəndaşları «dünyada ilk müsəlman demokratiyası» qurmaqları ilə öyünürdürlər. Ölkə 1991-ci ildə Sovet İttifaqından ayrılıb müstəqillik elan edib və bu yaxınlaradək Avropaya inteqrasiya Azərbaycanın xarici siyasətinin əsas məqsədlərindən olub. Üzdən yanaşanda, «Eurovision» qələbəsi düzgün istiqamətdə gedən siyasətin əlaməti ola bilər.

Ancaq bu qələbə pis vaxta düşüb. Bu ölkənin gənc tarixində insan haqları və söz azadlığına ən sərt basqı baş verir. Özü də elə bir vaxtda ki, dünyanın diqqəti bu ölkəyə yönəlib.

«Eurovision«» qələbəsindən cəmi iki gün əvvəl Avropa Parlamenti qəbul etdiyi qətnamədə «Azərbaycanda söz və toplaşma azadlığına geniş miqyaslı hücumu, mülki cəmiyyət fəalları, media peşəkarları və müxalif siyasətçilərin həbsini, təqib və qorxudulmasını» pisləyib. Avropa Parlamentinin prezidenti Jerzy Buzek əlavə edib ki, «biz Azərbaycanı öhdəliklərinə əməl etməyə çağırırıq»- Azərbaycan bir sıra Avropa müqavilələri və razılaşmaları imzalayıb və insan haqlarının qorunmasına dair vəd verib.

Bəxtiyar Hacıyev
KİMDƏN BAŞLAMAQ?

Prezident Əliyev Bəxtiyar Hacıyevin işindən başlasaydı, əla olardı. 29 yaşlı Hacıyev demokratiya uğrunda mübarizə aparan fəal, parlamentə keçmiş namizəddir. Hazırda iki illik həbs cəzası çəkir. Onun görünən günahı odur ki, «Facebook» sosial şəbəkəsi vasitəsilə Bakıda dinc etiraz aksiyası təşkil etmək istəyib.

Azərbaycan hökuməti tənqidçilərini həbsə tez-tez atır. Ancaq Harvard Universitetinin Kennedi İdarəçilik Məktəbinin məzunu və Dünya Bankının keçmiş işçisi kimi Hacıyev digərlərinə nisbətən daha nüfuzludur. Onun həbsi Azərbaycan hökumətinin niyyətləri barədə ciddi suallar doğurmalıdır.

Əliyev hökuməti daha yaradıcı tərpənərək Hacıyevi açıq-aşkar siyasi cinayətdə deyil, «hərbi xidmətdən yayınmada» ittiham edib.

ORDUNUN VƏ ÇAĞIRIŞÇILARIN SAYI

Azərbaycanda hərbi xidmət hamıya aid olsaydı, yəqin hökumətin mövqeyi daha güclü olardı. Praktikada isə belə deyil. Adətən imkanlı və yaxşı əlaqəli azərbaycanlılar, əgər hökumətin əleyhinə getmirlərsə, hərbi xidmətdən yayına bilirlər. Elə «Eurovision» duetindən Eldar Qasımov da hərbi xidmətini bitirməyib, Əliyev ailəsinin çoxsaylı üzvləri də əsgər getməyiblər. Faktiki, Azərbaycan ordusunun sayı (zabitlər və müddətli hərbi xidmətə gedənlər) hər il çağırış yaşına çatan gənc azərbaycanlı kişilərdən azdır.

Xeyli azərbaycanlıların hərbi xidmətə getmədiyi aydın olsa da, qanun alternativ xidmətə də yer qoymur (məsələn, pasifizim, ənənə, din səbəbindən əlinə silah almaq istəməyənlər üçün). Bu isə, əlbəttə ki, Avropa normalarının tam ziddir.

2002-ci ildə Avropa Şurası üzvlük şərti kimi Azərbaycan hökumətindən vəd ala bildi ki, alternativ xidmətə icazə verilsin. Azərbaycan Konstitusiyası da buna uyğun dəyişdirildi, ancaq parlament hələ də uyğun qanunvericiliyi hazırlamayıb.

2005, 2008-ci illərdə Azərbaycan bu öhdəliyi yerinə yetirmədiyinə görə Avropa Şurasının rəsmi tənqidi ilə üzləşib. Hər dəfə də hökumət cavab verib ki, qanunvericilik bir neçə aya hazırlanacaq. Ancaq hələ də alternativ layihə hazırlanmayıb.

2012-Cİ İLDƏ DİQQƏT MƏRKƏZİNDƏ

Hökumət deyir ki, alternativ xidmət olsa belə Hacıyevə aid edilə bilməyəcəkdi, çünki o, alternativ xidmət üçün motivini də açıqlamır. Bu arqument kökündən səhvdir, Konstitusiyanın 71-ci maddəsinə ziddir. Həmin maddədə deyilir ki, «Heç bir halda heç kəs din, vicdan, fikir və əqidəsini açıqlamağa məcbur edilə bilməz və bunlara görə təqsirləndirilə bilməz». Aydın olur ki, Azərbaycan konstitusiyasında insan haqlarını müəyyənləşdirən mətnin heç bir əhəmiyyəti yoxdur, sistem özü ondan imtina edirsə.

Hacıyevin həbs arqumenti o qədər zəifdir ki, Amnesty İnternational onun həbsini «qurama», ABŞ Dövlət Departamenti «çox narahatedici» Sərhədsiz Reportyorla isə «qanunsuz» adlandırıb.

Hacıyevin işi indi Azərbaycan üçün faciəvi şəkildə tipikdir, jurnalistlər, bloqqerlər, hüquqşünaslar, müxalifət fiqurları saxlanır, döyülür, hətta yoxa çıxır. Etirazçıları qeyri-müəyyən («qızışdırıcılıq» və ya «zorakı davranış») və absurd («söyüş söymək») ittihamlarla həbs edirlər.

TƏSDİQ MÖHÜRÜNÜ NECƏ ALMALI ?

2012-ci ildə Bakıya «Eurovision» Mahnı Müsabiqəsinə gələn minlərlə beynəlxalq jurnalist xəbərdar olmalıdır ki, ev sahibi olan hökumət bir qayda olaraq jurnalistləri həbs edir. Bu şounu 50-yə yaxın ölkəyə yayımlayan media orqanları xatırlamalıdırlar ki, onlar öz xalqının mediaya çıxışını məhdudlaşdıran və ya bu çıxışa nəzarət edən bir ölkədən yayım aparırlar.

«Eurovision» tamaşası nəhayət Bakıya şans verir ki, «avropalılığ»ını dünyaya sübut etsin. Beynəlxalq ictimaiyyət aydın başa salmalıdır ki, bu təsdiq möhürünü almaq üçün təkcə dəbdəbəli stadion tikmək yaxud işıqlı şou keçirmək bəs deyil. Avropada yerini qazanmaq üçün Azərbaycan göstərməlidir ki, ilk dəfə müsəlman demokratiyası qurmuş ölkə müasir Avropanın əsas dəyərlərinə sadiq qala bilər: demokratiya, söz azadlığı, ən əsası isə insan haqlarının aliliyi kimi dəyərlərə.

Daniel Lansberg-Rodriguez Chicago Law School (Çikaqo Hüquq Məktəbi) Universitetində Müqayisəli Konstitusiyalar Layihəsi üzərində işləyir. Yazıdakı fikirlər müəllifə məxsusdur və AzadlıqRadiosunun mövqeyini əks etdirməyə bilər.

HƏMÇİNİN OXU:

«Eurovision–2012»nin təşkilinə Mehriban Əliyeva rəhbərlik edəcək
«Eurovision»da birinci, Avropaya inteqrasiyada neçənciyik?
İlham Əliyev: «Qələbədən sonra çox gözəl anlar yaşadıq»
«Eurovision» qalibləri Bakıya döndülər
Gürcülər «Eurovision»u bağlayacaqlar
"Bu, hamımızın qələbəsidir" - VİDEO
Bakı sakinlərinin "Eurovision" sevinci
XS
SM
MD
LG