Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:40

185 milyon manat Beynəlxalq Bankdan necə çıxıb?


Azərbaycan Beynəlxalq Bankı
Azərbaycan Beynəlxalq Bankı
Azərbaycan Beynəlxalq Bankından (ABB) külli miqdarda pul vəsaitləri yoxa çıxıb. Məsələ səhmlərinin 50 faizi dövlətə məxsus olan bankda audit yoxlamaları və hüquq-mühafizə orqanlarının məhkəmə müraciətlərindən bəlli olub. Bank və dövlət rəsmiləri isə gedən yoxlamaları və hətta həbsləri də ört-basdır etməyə çalışırlar. Hərçənd ki, itirilən təkcə dövlət vəsaiti deyil. Beynəlxalq Bankın «ümidsiz kreditlərinin» bataqlığında insan taleləri və ən azı bir insanın həyatının batmasına dair iddialar da var.

«ÜMİDSİZ KREDİTLƏR» BATAQLIĞI

Beynəlxalq Bankın internet səhifəsində kredit portfeli haqda məlumatda bu ilin aprelin 1-ə qaytarılma vaxtı keçmiş kreditlərin həcmi 674,7 milyon manat göstərilir. Bu, bankın verdiyi kreditlərin nə az, nə çox, 22.8 faizidir. Mərkəzi Bankın məlumatına görə aprelin 1-i tarixinə ölkə üzrə vaxtı keçmiş kreditlərin həcmi isə bundan azdır - 539,9 milyon manat.

Maraqlıdır ki, Mərkəzi Bankın rəsmi məlumatlarında bu borclar əksini tapmır.

İqtisadçı-ekspert Samir Əliyev hökumətin problemi gizlətməkdə maraqlı olduğunu deyir:

«Mərkəzi Bankın məlumatına görə, aprelin 1-i tarixinə ölkə üzrə bütün bankların vaxtı keçmiş kreditlərin həcmi 539,9 milyon manatdır. Halbuki bu tarixə təkcə ABB-də belə kreditlərin həcmi 675 milyon manatdan çoxdur. Rəsmi məlumata görə, bütün kreditlərin 6,5%-i vaxtı keçib. Ancaq məlum olur ki, yalnız ABB-də 8%-ə bərabərdir. Bu onu göstərir ki, Mərkəzi Bankın statistik rəqəmləri reallığı əks etdirmir. Statistik hesablama düzgün aparılsa, ölkə üzrə vaxtı keçmiş kreditlərin həcmi təxminən 15%-ə qalxar. Görünür, hökumətə belə statistika lazım deyil».

Ekspert deyir ki, əslində vəziyyət gərgindir:

Mərkəzi Bankın məlumatına görə, aprelin 1-ə ölkə üzrə bütün bankların qaytarılma vaxtı keçmiş kreditləri 539,9 milyon manatdır. Halbuki bu tarixə təkcə ABB-də belə kreditlərin həcmi 675 milyon manatdan çoxdur. Bu onu göstərir ki, Mərkəzi Bankın statistik rəqəmləri reallığı əks etdirmir..
«Banklar bu problemdən qaçmaq üçün kredit şərtlərini ağırlaşdırır və kredit verimini azaldır, ya da ümumiyyətlə kredit verməyi dayandırır. Elə bunun nəticəsidir ki, son aylar ölkə üzrə kredit qoyuluşunda azalma müşahidə edilir. Problemli kreditlər isə əksinə artır. Təkcə son 1 ildə problemli kreditlərin həcmi 2 dəfəyədək artıb və bunun davam etməsi narahatlıq doğurur».

ABB-dəki vəziyyət beynəlxalq narahatlığa da səbəb olub. Beynəlxalq Valyuta Fondunun bu ilin fevralında Azərbaycana səfər edən missiyası ölkədə maliyyə sabitliyinin təmin edilməsi məqsədilə ABB-də tənzimləmə proseslərini başlamaq üçün hökuməti təcili tədbirlər görməyə çağırıb.

Bankın internet saytında göstərilir ki, vaxtı ötmüş kreditlərin 103.9 milyon manatı təhlükəli, 81.2 milyon manatı isə ümumiyyətlə, qayıdacağına ümid olmayan kreditlərdir. Bankın tamamilə əlini üzdüyü aktivlərə «ümidsiz kreditlər» deyilir.

Vaxtı ötmüş kreditlərin təqribən üçdə biri – təhlükəli və «ümidsiz» kreditlərin həcminə bərabər məbləğ bir adamın əlindən keçib – istintaq materiallarında belə iddia edilir. Tanış olun: Xəqani Bəşirov

XƏQANİ BƏŞİROV KİMDİR?

Xəqani Bəşirov
50 yaşlı Xəqani Bəşirov geniş əlaqələrə malik azərbaycanlı biznesmendir. Xarici Dillər Universitetinin fransız dili fakültəsini bitirib. Azərbaycan qanunları ikili vətəndaşlığı qəbul etməsə də, Bəşirov həm də Fransa vətəndaşıdır. Ailəlidir, 2 qızı var.

Xəqani Bəşirovun diaspora işində də yaxından iştirakı var. O, Lüksemburq-Azərbaycan Mədəniyyət Cəmiyyətinin yaradıcısı və sədridir. Qurum Lüksemburqda yerləşir.

Azərbaycanda qızıl hasilatı ilə məşğul olan «Anglo-Asian Mining plc» şirkətinin səhmdarlarından biridir (16,5 faiz). O, 1991-ci ildə ilk milli konsaltinq şirkəti «VneshExpertService»-i yaradıb (2006-cı ildə «V.E.S. Consultancy LLC» şirkəti adlanıb). Bakı, Gəncə, Moskva, Astana, Tbilisi, Paris, Lüksemburq, London və Toronto şəhərlərində nümayəndəlikləri olan şirkətin rəsmi saytında tərəfdaşlar arasında əksər nazirliklərin, o cümlədən Beynəlxalq Bankın adı keçir.

Yeri gəlmişkən, Beynəlxalq Bank «Anglo-Asian Mining plc» şirkətinin də əsas kreditverənlərindən biridir.

Ümumiyyətlə, bu maliyyə qurumu ilə Xəqani Bəşirovun işgüzar həyatı arasında bağların çoxşaxəli tarixçəsi var. Bu barədə bir az sonra oxuyacaqsınız.

185 MİLYON BANKDAN NECƏ ÇIXIB?

Bankın internet saytında göstərilir ki, vaxtı ötmüş kreditlərin 103.9 milyon manatı təhlükəli, 81.2 milyon manatı isə ümumiyyətlə, qayıdacağına ümid olmayan kreditlərdir. Bankın tamamilə əlini üzdüyü aktivlərə «ümidsiz kreditlər» deyilir.
Xəqani Bəşirovun təqsirləndirilən şəxs qismində saxlanması üçün Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin xüsusi mühüm işlər üzrə böyük müstəntiqi Zakir Məmmədovun verdiyi vəsatət, baş prokuror Zakir Qaralovun verdiyi təqdimatda deyilir ki, Bəşirov Azərbaycanda və xaricdə yaratdığı çoxsaylı şirkətlər vasitəsilə Beynəlxalq Bankdan 2 il ərzində 185 milyon manat kredit alıb və qaytarmayıb:

«Xəqani Bəşirov külli miqdarda pul vəsaitini mənimsəmək məqsədi ilə, Panama Respublikasında qeydiyyata alınmış və özünün direktoru olduğu «OCEANSTREAM İNC» şirkəti tərəfindən Azərbaycan Respublikasında qeydiyyata alınmış «General Konstrakşn» MMC-nin təsisiçilik hüququnu əldə edərək, «Xəzər Menecment Sistems» MMC, «Ceneral Konstrakşn» MMC və həmin cəmiyyətin əməkdaşlarının adına rəsmiləşdirilmiş «Aygün İnşaat», «Aqora», «Pərvanə», «Uni Oyl», «Alfa Layn», «Beta Layn», «Kondor Qrup» və «Siqma Layn» MMC-lər tərəfindən «Azərbaycan Beynəlxalq Bankı» ASC-dən (ABB) qanunsuz olaraq alınıb və müəssisələrə kredit kimi rəsmiləşdirilib».

Xətai rayon məhkəməsi bu təqdimata əsasən Bəşirovun həbsinə sanksiya verib. 5 aylıq həbsdən sonra Bəşirov azad edilib. Həbs üçün əsas verən iddiaların sonrakı istintaqı isə müəmmalarla doludur. Adının gizli saxlanmasını istəyən mənbələr Bəşirova daha bir şans verildiyini bildirir. Digər məhkəmə işlərindəki sənədlər isə Xəqani Bəşirova əvvəllər də kifayət qədər şans verildiyini göstərir.

DAHA BİR ŞANS, DAHA BİR KREDİT

Vergi istintaqının Xəqani Bəşirova məxsus olduğunu iddia etdiyi «Siqma Layn» şirkəti ABB-dən sahibkarlığa yardım kreditləri götürmək üçün müxtəlif regionlarda yerli bizneslərlə işbirliyi qurub. Onlardan biri də Kürdəmirdəki Şirə zavodu – «Qelios» MMC olub. 2008-ci il martın 7-də «Siqma Layn» «Qelios»un 50 faiz səhmlərinə sahib olub, lakin səhmlərinin pulunu tam ödəməyib. Sonrakı illər ərzində «Siqma Layn» ABB-dən «Qelios» MMC ilə birgə biznes adıyla bir neçə dəfə pul alıb, əsas kredit və faizlər üzrə borclarını qaytarmasa da, bank ona kredit verməyə davam edib. Üstəlik, kredit faizində xeyli güzəşt edildiyi görünür – ABB-nin adətən 18-22 faizlə kredit verdiyi deyilir, amma sözügedən şirkət 13 faizlə kredit götürüb.

Beynəlxalq Bankın «Siqma Layn» MMC-yə verdiyi kreditlərin siyahısı:

KREDİTİN VERİLDİYİ TARİX KREDİTİN MƏBLƏĞİ, MANATLA KREDİTİN İLLİK FAİZİ «SİQMA-LAYN»IN ABB-YƏ QAYTARMASI TƏLƏB OLUNAN VƏSAİT
14 mart 2008-ci il 2 milyon 120 min 13% 2 milyon 758 min 146 manat 67 qəpik
16 aprel 2008-ci il 500 min 13% 670 min 445 manat 45 qəpik
22 aprel 2008-ci il 400 min 13% 535 min 344 manat 44 qəpik
15 iyul 2008-ci il 1 milyon 644 min 12% 2 milyon 118 min 440 manat 59 qəpik
15 avqust 2008-ci il 1 milyon 662 min 13% 2 milyon 147 min 668 manat 41 qəpik
CƏMİ
1 dekabr 2010-cu il tarixinə 6 milyon 346 min 8 milyon 230 min 45 manat 56 qəpik

Beləcə, ABB-nin hər ay (5 ay müddətində) «Siqma Layn»a ötürdüyü pulun, nə əsas kredit borcu, nə də faizləri ödənməyib. Bu borclar 2010-cu ilin 1 dekabr tarixinə hesablanıb. Bu tarixdə isə şirkətin himayədarı hesab edilən Xaqani Bəşirov hələ həbsdəydi.

2010-cu ildə yoxlamalar dövründə Bank «Siqma Layn»dan və «Qelios» MMC-dən kreditini tələb etməyə başlayıb. «Qelios» MMC isə 1 saylı Bakı İqtisad Məhkəməsində iddia qaldırıb ki, «Siqma Layn»la müqaviləsinə xitam verilsin. Əsas olaraq da onu göstərib ki, Xəqani Bəşirovun şirkəti bu ortaqlıqdakı payını maliyyələşdirmək üçün kredit alsa da, öhdəliklərini yerinə yetirməyib.

KÜRDƏ BATAN MÜHASİB

Üç tərəfin pul çəkişməsi bir yana, audit yoxlamalarının qaynar vaxtında şirə zavodunun mühasibinin yoxa çıxması maliyyə çək-çevirinin bir ailənin faciəsinə səbəb ola biləcəyi haqda şübhələr yaradır.
...əsas kredit və faizlər üzrə borclarını qaytarmasa da, bank ona kredit verməyə davam edib. Üstəlik, kredit faizində xeyli güzəşt edildiyi görünür – ABB-nin adətən 18-22 faizlə kredit verdiyi deyilir, amma sözügedən şirkət 13 faizlə kredit götürüb.

Kürdəmir şirə zavodunun – «Qelios» MMC-nin baş mühasibi Nadir Kərimov aprelin 7-də itkin düşmüşdü, 21 günlük axtarışdan sonra Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları onun cəsədini Kür çayından tapıblar. Bununla əlaqədar Kürdəmir rayon prokurorluğunda cinayət işi açılıb. Ölən mühasib Nadir Kərimovun ailəsi şikayət ərizəsində yazıb ki, onu öldürüb Kürə atıblar.

Mərhumun oğlu Kərim Mehdiyev Simsar.az saytına deyib ki, atasının şirə zavodunun rəhbərliyilə münasibətlərində problem olub:

«Vergilər Nazirliyindən zavodu yoxlamağa gəliblər. Zavodun icraçı direktoru vəzifəsində çalışan Zabit adlı şəxs aprelin 7-də evdən atamla birlikdə çıxıb. Ondan sonra atam evə qayıtmayıb. Kür çayı bizim kənddən çox uzaqda yerləşir. Atam nə balıq tutandır, nə də qışda çimmək kimi vərdişi olub. Atamı öldürüb Kürə atıblar».

Kürdəmir rayon prokurorluğu istintaq başa çatmayınca işlə bağlı heç bir məlumat verməyəcəyini bildirir. Ölümlə bağlı istintaq isə hələ davam edir.

Deputat Fərhad Qəribovun mətbuata dediyinə görə, «Qelios» Məhdud Məsuliyyətli Cəmiyyət onun qohumlarına məxsusdur. MMC-nin şərab, şirə istehsalı kombinatının açılışını 2008-ci ildə Prezident İlham Əliyev edib. Dövlət başçısı açılışı bildirən lenti kəsib və düyməni basaraq müəssisəni işə salıb. Amma müəssisəni işə salmaq üçün nə qırmızı lent, nə də Beynəlxalq Bankın «Siqma Layn» şirkətinə verdiyi kredit yetərli olmayıb. Maliyyə çatışmazlığı üzündən zavod istehsalı dayandırıb.

ÜMMANDA DAMLA

«Qelios» MMC-nin işi ümmanda damladır.

Beynəlxalq Bankın auditi ilə məşğul olan qurumlardan birindəki mənbə ABB kreditlərinin böyük bir hissəsinin oxşar ssenari üzrə mənimsəndiyini iddia edir. Mənbə yoxlamaların ölkə prezidentinin təşəbbüsü ilə başlandığını bildirir.
Bunlara da nəzər salın

Vergilər Nazirliyinin istintaq idarəsinin, Baş prokurorluğun iştirakı ilə aparılan audit zamanı elə Xəqani Bəşirovun bankdan aldığı kreditlər hesabına həyata keçirilən tikinti layihələri də yoxlanıb. Mənbənin verdiyi məlumatlara görə, Bakıda, Şəkidə, Mingəçevirdə, Sumqayıtda və digər şəhərlərdə sərmayə qoyulan layihələrin smeta dəyərləri yoxlanılarkən, xərclərin 40-60 faizinin şişirdilərək silinməsi aşkarlanıb. Bir neçə nəfər həbs olunub.

SİRLİ AUDİT

Maraqlıdır ki, audit aparan qurumlarının rəsmiləri bu məlumatı gizlədir. Auditin aparıldığı barədə məlumatları Beynəlxalq Bankda dandılar, Vergilər Nazirliyində, Baş Prokurorluqda isə suallarımızı «istintaq sirri» və «kommersiya sirri» bəhanəsi ilə cavabsız qoydular.
Ölkə banklarının cəmi aktivlərin 41,6%-i Beynəlxalq Banka məxsusdur. Ölkə üzrə kredit portfelinin 41%-nə, depozitlərin 36%-nə bu bank nəzarət edir. ABB-nin ölkənin maliyyə sistemindəki xüsusi çəkisi o qədər böyükdür ki, buradakı hər hansı neqativ hadisə bank sistemində və ümumiyyətlə ölkə iqtisadiyyatında ciddi fəsadlar törədə bilər...

AzadlıqRadiosuna audit barədə məlumat verən mənbə istintaqın, əsasən, qeyri-rəsmi aparıldığı, amma artıq bir neçə məhkəmə işi üçün məlumat toplandığını bildirdi. Onun sözlərinə görə, artıq Xəqani Bəşirova məxsus şirkətlərə borc götürülən məbləğlərin bir qismini ödətdirmək mümkün olub. Ümumiyyətlə, məhkəmələrin internet səhifələrindəki iclas cədvəllərinə əsasən demək olar ki, Beynəlxalq Bank paytaxtın əksər məhkəmələrində çoxsaylı çəkişmələrdə kreditlərini geri tələb etməklə məşğuldur.

Onların arasında Bəşirovun payçı, ya sahib olduğu şirkətlər xüsusi yer tutur.

Ekspertlər sual edir: Necə olub ki, Beynəlxalq Bank bir adama bu qədər kredit verib. Ümumiyyətlə,

BEYNƏLXALQ BANK KİMƏ BU QƏDƏR PULU ETİBAR EDƏ BİLƏR?

Əksər ekspertlər deyir ki, yaxından tanıdığı müştərisinə.

Beynəlxalq Bank İdarə Heyətinin sədri Cahangir Hacıyev və Xəqani Bəşirovun adı bir neçə mənbədə əməkdaşlıqda keçir. Beynəlxalq Bank Bəşirova məxsus bir neçə şirkətin rəsmi partnyorudur. «Intelligenceonline.com» saytı isə yazır ki, Xəqani Bəşirov və Beynəlxalq Bank Vaşinqtonda yerləşən eyni lobbi şirkətinin də xidmətlərindən istifadə edir.

Bundan başqa, Hacıyev və Bəşirov eyni illərdə Xarici İqtisadi Əlaqələr Nazirliyində çalışıblar. Həmin dövrdə onlarla birgə XİƏN-də işləmiş, Xaqani Bəşirova məxsus General Construction MMC-nin direktoru, «Vneşekspertservis» şirkətinin əməkdaşı Dünyamin Xəlilov 2005-ci ildə ABB-nın səhmdarı olub. 2005-2010-cu illərdə parlamentin deputatı olmuş Xəlilovun Bəşirovla birgə işlədiyi «General Construction» Məhdud Məsuliyyətli Cəmiyyəti də Beynəlxalq Bankdan kredit alıb qaytarmayan şirkətlərdəndir.

Əlaqələr bununla da bitmir. Bəşirovun direktoru olduğu «Vneşekspertservis» şirkətinin başqa bir əməkdaşı - maliyyə məsələləri üzrə direktor Vəli Kərimov isə ABB-də Müşahidə Şurasının üzvüdür.

MƏSULİYYƏTİ KİM DAŞIYIR?

Xəqani Bəşirova və ABB-da dövlət əmlakını etibarsız müştərilərə «əmanət» edənlərə hələ də mistik bir himayə hiss olunur. Beynəlxalq Bank AzadlıqRadiosunun 185 milyon manatın mənimsənilməsi barədə sorğusunu da cavablandırmır. Mətbuat xidmətindən mənimsəmələr barədə ittihamlardan məlumatsız olduqlarını bildirirlər.

Bankın sözçüsü yoxlamaların aparılmadığını, bankda heç kimin məsuliyyətə cəlb edilmədiyini dedi. Hətta ona konkret məhkəmə işləri barədə məlumatlı olduğumuzu deyəndən sonra da.
2009 ildə ABB tarixində ilk dəfə dividentlərin verilməsini dayandırıb və indiyədək bərpa etməyib. Bundan başqa, vaxtı keçmiş kreditlərin qaytarılmaması nəticəsində bankda kapital itkisi baş verir və yeni yaradılan kreditlər üzrə ehtiyatlar bankın mənfəətini heçə endirir.

Halbuki, ekspertlərin fikrincə, ABB-dəki kredit böhranı ölkə iqtisadiyyatına ciddi zərbə ola bilər. Azərbaycanın bank sistemində yeganə dövlət bankı olan Beynəlxalq Bank hökmran mövqedədir. Bu bank bütün parametrlər üzrə digər bankları geridə qoyur və bank sisteminin az qala yarısı onun payına düşür. Ölkə banklarının cəmi aktivlərin 41,6%-i Beynəlxalq Banka məxsusdur. Ölkə üzrə kredit portfelinin 41%-nə, depozitlərin 36%-nə bu bank nəzarət edir.

Dövlətin payçı olması və iqtisadiyyatdakı çəkisinə, eləcə də öz səhmdarları qarşısındakı öhdəliklərə görə Beynəlxalq Bank barədə bütün məlumatlar ictimai əhəmiyyət daşıyır və açıq olmalıdır.

İqtisadi mövzularda yazan jurnalist Anar Xanbəyli deyir ki, ABB-nin ölkənin maliyyə sistemindəki xüsusi çəkisi o qədər böyükdür ki, buradakı hər hansı neqativ hadisə bank sistemində və ümumiyyətlə ölkə iqtisadiyyatında ciddi fəsadlar törədə bilər:

«Mərkəzi Bankın normativlərinə görə bir borcalana verilən kreditin məbləği bankın məcmu kapitalının 25%-dən çox olmamalıdır. Bankın məcmu kapitalı orta hesabla 500 mln. manatdır, bunun 25 faizi 125 milyon manatdırsa, 185 mln. manatlıq kredit maksimum həddən az qala 50% çoxdur. ABB ilk dəfə deyil ki, bu normativi pozur. Beynəlxalq reytinq agentlikləri bank üzrə öz hesabatlarında dəfələrlə buna diqqət çəkiblər. Təəssüf ki, Mərkəzi Bank belə hallara göz yumur, və hətta bunu bankın dövlət layihələrindəki əvəzolunmaz rolu ilə əsaslandırmağa çalışır».
ŞƏKİ – ÜMİDSİZ KREDİTLƏR ŞƏHƏRİ?

Ekspert deyir ki, vaxtı keçmiş kreditlərin ümumi kredit portfelindəki çəkisi (22.8 faiz) artıq narahatlıq üçün ciddi əsasdır:

«Təəccüblü deyil ki, 2009 ildə ABB tarixində ilk dəfə dividentlərin verilməsini dayandırıb və indiyədək bərpa etməyib. Bundan başqa, vaxtı keçmiş kreditlərin qaytarılmaması nəticəsində bankda kapital itkisi baş verir və yeni yaradılan kreditlər üzrə ehtiyatlar bankın mənfəətini heçə endirir. Maraqlısı odur ki, vaxtı keçmiş kreditlər təkcə regionlarda deyil, həmçinin Bakı filiallarında yüksək səviyyədədi. Paytaxtda qaytarılma vaxtı keçmiş kreditlərin 43% bir əməliyyət ofisi – baş ofisdəki Korporativ müştərilərə xidmətin payına düşür. Yəni, banka qayıtmayan hər 3 manatdan biri (35%) məhz idarə heyətinin yerləşdiyi ofisin payına düşür».

Bankın ümidsiz kreditlərinin həcminə görə seçilən daha bir şöbəsi isə Cahangir Hacıyevin əslən mənsub olduğu Şəki şəhərində yerləşir – 47 milyon 581642 min manat.

AzadlıqRadiosunun müsahibə sorğusuna Maliyyə Nazirliyi də cavab vermir. Nazirlik Beynəlxalq Bankda həlledici sözə malikdir. Maliyyə nazirinin müavini Azər Bayramov bankın Müşahidə Şurasının sədri, nazirliyin şöbə rəisi Ziyəddin Allahverdiyev isə bankın Auditor Komitəsinin rəhbəridir.

YOXLAMA BİTDİ. BƏS NƏTİCƏ?

Audit aparan qurumdakı mənbə bildirir ki, bankın kreditləri ilə bağlı yoxlamaların çoxu başa çatıb. Ümumiyyətlə, mənbənin sözlərinə görə, auditin ilk vaxtlarında müfəttişlərdən diqqətlə yoxlamaq tələb olunsa da, son dövrlərdə entuziazmı bir qədər azaltmaları tapşırılıb. Elə nəticə ilə bağlı gözləntilər də səngiyib. Kreditlərin cüzi hissəsi qaytarılıb, bir qisminin qaytarılması üçün etibarsız borcalanlara yeni tikinti layihələri üçün torpaq sahələri ayrıldığı bildirilir. Ekspertlər etibarsız müştərilərə himayədarlığın hər hansı qanuni əsası olmadığını deyirlər.

...kreditlər ayrılır, lentlər kəsilir, ortada isə nə istehsalat var, nə iş yerləri, əvəzində boş kəndlər, başçıları çörəkpulu dalınca xaricə gedən ailələr və yoxsulluq var...

Xəqani Bəşirovun Azərbaycan Beynəlxalq Bankından aldığı kreditləri təkbaşına mənimsədiyi, yaxud kiməsə ötürdüyü barədə məlumatlar hələ məhkəmə qərarı ilə təsdiqlənməyib. Bəşirovun özünün, yaxud nümayəndələrinin məsələlərə aydınlıq gətirməsi üçün etdiyimiz cəhdlər nəticəsiz qaldı. Onun vəkili Telman Qasımov suallarımızı cavablandırmaqdan imtina edib, iş yerində isə patronun tez-tez xaricdə olduğunu, Bakıda olanda bizimlə əlaqə saxlayacaqlarını bildiriblər.

Onu da əlavə edək ki, məhkəmə sənədlərində ABB-yə pul «atması» iddia edilən şirkətlərə dövlət əhəmiyyətli layihələr tapşırılıb. Məsələn, Bəşirova aid «Xəzər Menecment Sistems» Şəki və Sumqayıtın elektrik təchizatı, şüşə istehsalı ilə məşğuldur. Şəki, Qazax və Zaqatala şəhərlərində olimpiya idman kompleksləri, Zaqatala şəhərində çoxfunksiyalı stadion, Qusar şəhərində olimpiya idman kompleksi, Əli-Bayramlı şəhərində pambıq təmizləmə zavodu, Şəki ş. su elktrik stansiyasının tikilməsi General Construction MMC-yə («Genercon») həvalə edilib. «Genercon» hazırda Globus Plaza, «İntəpə» və «Füzuli Residence» yaşayış kompleksləri üzərində iş aparır.

Bəşirovun məhkəmə sənədlərində qeydiyyat ünvanı kimi göstərilən yerə baş çəkməyimiz də faydasız oldu, qonşuların dediyinə görə, o ünvanda yaşayış yoxdur. Bəşirovu tapmaq üçün qohumlarına etdiyimiz müraciətlər də faydasız qalıb. Hazırda onun ölkədə olub-olmadığını da öyrənmək mümkün olmayıb. Bircə o məlumdur ki, haqqında 2010-cu il sentyabrın 12-də həbs qərarı seçilən və hələ də qüvvədə olan Xəqani Bəşirov 2011-ci il yanvarın 17-də azadlığa buraxılıb. Hansı əsasla? - Bu barədə Ədliyyə Nazirliyindən bir məlumat ala bilmədik. Ədliyyə Nazirliyində şəxsi məlumatların verilmədiyini bildirdilər.

Ekspertlər dövlətə məxsus maliyyə nəhənglərinin birində baş verənlərin ictimaiyyətdən gizlədilməsinin səbəblərini anlamadığını deyir. Yoxlama varsa, nəticə olmalı, ictimaiyyətə açıqlanmalı idi.

Yoxlamaların qızğın çağında cəsədi Kürdən tapılan mühasib Nadir Kərimov böyük maliyyə maxinasiyası ilə bağlılıq ehtimalı olan, hələ ki, yeganə qurbandır.

Amma iqtisadçı ekspert Zöhrab İsmayıl deyir ki, Beynəlxalq Bankın təkcə bir müştərisi ilə münasibətlərinin tarixçəsi ölkə iqtisadiyyatına və insanların güzəranına vurulan yaralardan xəbər verir:

«Sahibkarlığın inkişafı, qeyri-neft istehsalat sahələrinin yaradılması, iş yerlərinin açılması üçün xərclənməli olan dövlət vəsaitləri hansısa maraqlar naminə müəyyən adamlar və şirkətlər vasitəsilə mənimsənilir. Odur ki, kreditlər ayrılır, lentlər kəsilir, ortada isə nə istehsalat var, nə iş yerləri, əvəzində boş kəndlər, başçıları çörəkpulu dalınca xaricə gedən ailələr və yoxsulluq var»...
XS
SM
MD
LG