Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:25

Tehran Əlişanoğlu. Məqsəd Nurun revanşı


Tehran Əlişanoğlu
Tehran Əlişanoğlu

Tənqidçi Tehran Əlişanoğlu bu məqaləsi ilə yazıçı Məqsəd Nurun Milli Kitab Mükafatında ikincilik qazanmış "Şəhər meri" romanının "Oxu zalı"nda keçirilən müzakirəsinə qoşulur.


Əslində, Məqsəd Nurun “Şəhər meri” romanı barəsində mənim müsbət rəyim əvvəlcədən bəllidir; digər Ekspert həmkarlarımla birgə biz onu MKM 2-nin 10-luğuna daxil eləmişik, bu isə o deməkdir ki, bizə görə: “Şəhər meri” son illərin seçilən romanlarından birisidir.

Qalır ki, bu seçimin-seçilənliyin arqumentasiyasını, dəlil-sübutunu açıqlayasan.

Romanı iki dəfə mütaliə eləmişəm; maraq üçün və aktuallandığı (MKM, Azadlıq radiosu!) üçün.

Mühakimələrdən öncə təəssüratımı bölüşüm, bəlkə üst-üstə düşə, oxucuların da gəlbinə yol tapam.

Maraq naminə “Şəhər meri” çox da məni çəkmədi; nə qədər səliqəli qələmə alınsa da, bir İnsanın başına gələn uzun-uzadı dünənli bir əhvalatdır da; elə dünəndə - XX əsrdə də qaldı fikirləşdim.

Amma yox, belə olmadı; anmadığım-sanmadığım hallarda bir də gördün romanın qəhrəmanı qəfil qarşıma çıxdı, yaddaşımdan, əlbəttə.


Ümumən, romanda birbaşa mənəvi-əxlaqi çaba, mənəvi yaşam adına nəsə yoxdur – sözün pozitiv aktuallanmış mənasında; və məncə, burda 1960-80-ci illər nəsrinin mənəvi qəhrəmanını axtarmaq romanın təzəliyinə kölgə salmaqdan başqa nəsə vermir.
Ya hansı bir situasiondasa: Şəhər meri öz karnavalı ilə gözümün qabağına gəldi.

Ya qəhrəmanın anası Qadın, yaxşı bir filmə baxıb unutmadığın kimi, bütün ədası-oturuşu-duruşu-zabitəsi, aşkar-gizli sirləri ilə budur hər yerdə önümdə durdu...

Yox, deyən, Məqsəd Nurun romanı göründüyü qədər də boyat deyilmiş; və o “səliqə” deyilən şeydə nəsə var imiş. Aktual oxu zamanı mən məhz bu “sirr”ə həssas olmağa çalışdım...

Bir yazımda mən “Şəhər meri”ni ekzistensial romanlar qisminə aid edərək, bugünlə ilgili İdeya önəmini belə qiymətləndirirəm: “Məqsəd Nurun “Şəhər meri” romanında da Situasiyanın sirri Avtoritar Cəmiyyətdə axtarılır.

Amma romançı Avtoritarizmin mahiyyətini Fərdin içindən, ekzistensial varlığından çözməyə cəhd edir.

Ömrü boyu Avtoritar mühitə məhkum Fərdin ekzistensial dünyası olmur, Avtoritarizm – fərdin öldüyü yerdir.

Situasiyanı ekzistensial romana dekonstruktə etməklə bu tədrici ölümün mexanizmini açmağa səy var burda” (bax: Tehran Əlişanoğlu, Ən yeni romançılıqda “roman” substratı- Azərbaycanşünaslığın aktual problemləri II Beynəlxalq konfransı, BSU, 4-7 aprel 2011). Bu, əlbəttə, son dərəcə yığcam, icmallaşdırılmış qənaətdir.

Romandan danışanlar adətən burda bir gün ərzində baş verən hadisələrin təsvirinə önəm verir və nədəninə çox da diqqət etmədən az qala donuq süjet xəttindən olduğundan daha çox şey (maraqmı?) istəyirlər.

Halbuki fabula etibarilə bu planda romanda nə baş verir ki; resenzentlərin aludə olduğu tək: romanın qəhrəmanı Şəhər merinin maşınında şəhəri gəzir, göstərişlərinin və hökmünün əyani şahidi olur, müəyyən xidmətləri əvəzi (kino-arxivin qorunması-filan) balaca bir kürsü-vəzifə və burdan irəli gələn balaca imtiyazlar (köhnə rənglənmiş maşın- filan) qazanır (əslində, başqa planda: iç alveri də demək olar buna), vəssalam.

Hə, bir də sanki ən mühümmüş kimi romançının bütün bunları karnavallaşdırma cəhdi.

Yəni elə bumu? – resenzentlər sorur, – deyəndə ki: hər şey 1986-nın aprel günündən başladı, köhnə Bakı elə getdi, təzə Bakı belə gəldi və s. romançı köhnə sosial palan içi tökməkmi istəyir bizə, məgər o illərin mənəvi-əxlaqi deqradasiyası barədə əsərlərimiz (ki: Şəhər Meri çoban Abbasın oğludur. O, Alimlə dostdur. Alim də Qəzənfərin oğludur. Qəzənfər kolxozun sədridir. Şəhər Meri Alimlə çox bərk dostdurlar. Lakin hər ikisi eyni qızı – Leylanı sevir... Qəzənfər mövqeyindən istifadə edərək, Leylanı oğlu üçün qaçırdır... Şəhər meri hamının acığına Moskvada oxuyub, böyük adam olur və başlayır Şəddadın divanını filan) azmı idi ki, indi gecikmiş tarixlə birisini də Məqsəd Nur artırır bura?..

Opponent mövqeyini çox da dərinləşdirmədən: elə deyil, - deyib də, keçək yuxarıda vəd verdiyim arqument və təhlillərə:

1) Əvvəla, bu halda çox da əhəmiyyətli olmayan roman-povest məsələsinə dair (bax: İradə Musayeva, Romana qarşı haqsızlıq). “Şəhər meri” böyük olmasa da, hər halda romandır, bir zaman SSRİ-də Pribaltika romanları (əslində, elə Qərbdə mövcud bu tip romanlar) barəsində deyildiyi kimi: balaca romandır.

Roman – təkcə həcm ölçüsü deyil ki; başlıcası poetika söhbətidir.

Hekayəçilikdən fərqli, roman mətninin qurulmasında çoxsəslilik, azı iki başlanğıcın (dialoqun) olması şərtdir; “Şəhər meri”ndə bu: roman qəhrəmanının (təhkiyəçi-qəhrəman) və Şəhər merinin Səsləridir.

Burda roman kolliziyasını yaradan da heç də hadisə-süjet intriqaları deyil, məhz bu iki Səsin daxili çarpışmasıdır.

2) Buradan: “Şəhər meri”ndə bir yox, iki plan (xətt) var; bayaqdan biz bunlardan yalnız birinə – daha çox görünən tərəfə aludəyik: Şəhər merinin magiyası o qədər güclüdür ki, o nəinki qəhrəmanı, bizi də cazibəsinə almış.

Məqsəd Nur

Halbuki əsas – digəridir, əhvalatlar yox, onları danışanın Səsidir; bu plan birbaşa təsvir qatından daha dərindir: əslində, romanın poetikası günün əhvalatlarını da ehtiva eləməklə elə bütünlükdə qəhrəmanın İç etiraflarından ibarətdir.

Bu Səsin obertonuna köklənmək gərək; qəhrəman təkcə ona görə danışmır ki: Şəhər merinin kim olduğunu tanıtsın, kimin kim olduğundan məhz ona görə danışır ki, İçini bölüşsün, yaşamları-yaşadıqları-yaşantıları- və son aqibətinə Oxucunu şərik etsin...

3) Ekzistensial romanlar XX əsr boyu Qərbdə çox yazılmış; məşhur adlar çəkmirəm, çün Məqsəd Nura böyük kompliment olar.

Əksinə, yada salıram ki: ekzistensial roman məhz Qərbin icadıdır; ekstremal (son hədd) situasiyaları, ən şiddətlisi olum-ölüm sərhəddini hədəf götürən bu romanlar qəhrəmanın-Fərdin-İnsanın iç azadlığının üstünlüyünü təsbit etmək üçündür.

Problematika etibarilə ötən əsrin 60-cı ilərindən bizdə də buna cəhdlər olmuş: sosial və sosial-psixoloji realist nəsrdə və ən çox mənəvi variasiyalarda tətbiq olunmuş.

Amma poetika baxımından sırf ekzistensial romanlar bizdə hələ indilərdə ərsəyə gəlir; “Şəhər meri“ ən uğurlularındandır.

Ekstrem (son hədd) kimi burda Fərdin Avtoritar mühitdə “öldüyü” An(lar) götürülür və Sondan əvvələ bütün ömür tarixçəsində izlənir. Hər şey nədən başlayır? – təkcə ondan yox ki, ən nəhayət qəhrəman “azadlığı”nı büsbütün dərk və tərk edib Meriyaya (Şəhər merinə) təslim olur; bu Sondur və yalnız bu təslim (“ölüm”, yoxluq dəhşəti) qarşısında qəhrəman əslində heç zaman sahib ola bilmədiyi Azadlığın dadını hiss edib-düşünür.

Hər şey nədən başladı: ondan ki, o, zabitəli anasının hökmü və əhatəsindən özgə nəsə bilmirdi; hər şey nədən başladı: bəlkə daha əvvəldən, hələ olmadığı, dünyaya göz açmadığı nağıl-miflərdən, ondan ki, gözlərini açıb Ata yerinə hər yerdə Magiya və Meriya görür; hər şey nədən başladı: bəlkə daha sonradan, ondan ki, “azadlığı” öz iradəsində yox, himayə-dəstək-ələbaxımlıqda tapır...

Beləliklə, təsvir qatında (görünən plan) sanki qırıq-kəsik, məntiqsiz-təsadüfi sıra (niyə ömrün məhz bu parçaları?) qəhrəmanın ekzistensial yaşamlarından (əsas plan) bir bütöv An kimi keçərək, “tədrici ölümü”n epikrizini cızır.

Ustalıq nədədir: ekstremal situasiya eyni zamanda həm eninə açılıb, həm də dərinə işləməklə ekzistensial dərki sürətləndirir, bir “ömür” və bir roman həcmində yaşananları Ani edə bilir.

Sinxroniyada: Merin maşınından açılan pəncərə ən nəhayət qəhrəman üçün Meriyanın (burda: Avtoritar cəmiyyətin) mahiyyətini İç edirsə; keçirdiyi sarsıntılar da diaxron planda özünüseyr-xatırlama-oyanmaya rəvac verir.

Belə ki, romanda təhkiyə nöqtəsi təkcə İçdən çölə (təsvirə) yox, həm də Çöldən (görünənlərdən) içə - fərdin ekzistensiyasına (yaşama) tuşlanmış: Sosial əhatədə Ekzistensiyanın, daxili mənin, İçin diri olub da “öldüyü” yerlərdən keçir.

4) Dil məsələsi. Ola bilsin ki, “Şəhər meri”ndə hardasa redaktə və hətta korrektə xətaları var - əlbəttə, hərfi yox, ədəbi mənada. Amma bütövlükdə romanın Dili mükəmməldir – şəksiz ki, Ədəbiyyatın dili mənasında deyirəm.

Bu aksiomdur ki: ədəbi norma dildə olur, Ədəbiyyatda yox; və öz qrammatikasını yaradırkən orfoqrafiya xətalarını ona (Ədəbiyyata) bağışlamaq da olur. “Şəhər meri”ndə romançı İnsan içinin ekzistensiyasını (varlıq-yoxluq məqamını) yazmaq niyyətindədir və bu işi həvalə edir Ekzistensiyanın (daxili mənin) özünə; üstəlik “ədəbi norma”nın dili ilə desək, ona vasitəli nitq funksiyasını (yəni gördüklərini danışmağı) tapşırır: hadisələr qəhrəmanın nəzərləri-yaşamları-etirafından (İnsan içinin ekzistensiyasından) keçib də bizə əyan olur.

Göründüyü kimi, təhkiyənin strukturu mürəkkəbdir, heç də asan (normativ) deyil; amma mətləbə adekvatdır: bəsdir ki, dil materialına normanın nəzərləri ilə deyil, təhkiyəçi-qəhrəmanın İçinin olduğu nöqtədən baxasan, təkrar-təkrar Görünənlər və Səslənənlər də, Dilə müvafiq dil dolambacları və nitq sıralanması da təbii yerini alacaqdır.

Ümumən, Məqsəd Nurun nəsr poetikasında bədii dil stixiyasının yeri müstəsnadır; bu fikir mənimdir (bax: Tehran Əlişanoğlu, Rütubət sevgiləri. – Yeni Azərbaycan qəzeti, 18.05.2003) və təbii, orda Səlim Babullaoğlu ilə razıyam ki: “Şəhər meri”ndə Məqsəd dillə münasibətdə çox dürüst davranır” (S.Babullaoğlu. Məqsəd Nurun təyinatında “Şəhər meri”) və heç zaman olmadığı qədər ədəbi-bədii dili Dilə uyarlaya bilir.

5) Amma romanın ideyasına dair Səlim Babullaoğlunun guya burda Güc və Yaddaşın qarşılaşdırılması fikri ilə (yenə orada) razılaşmıram; hətta nostalji səviyyəsində-səciyyəsində belə əsərdə Yaddaş məsələsi yoxdur.

Əksinə: Gücün olduğu yerlərdə bir yaddaşsızlıq, yaddaş qorxusu gəzişir; təsadüfmü, qəhrəmanın “yaddaş”ını eşələsək, ordan Gücün və Gücə sevginin təsdiqi-təsbitindən özgə nəsə çıxmır – bu sarıdan Məqsəd Nurun qələmi sərrast və dürüstdür.

Bir yada salın, Yaddaş oyadan fiqurları – qəhrəmanın əmisini, yaxud rus qızı Yelenanı necə də yerində otuzdurur.

Ümumən, romanda birbaşa mənəvi-əxlaqi çaba, mənəvi yaşam adına nəsə yoxdur – sözün pozitiv aktuallanmış mənasında; və məncə, burda 1960-80-ci illər nəsrinin mənəvi qəhrəmanını axtarmaq romanın təzəliyinə kölgə salmaqdan başqa nəsə vermir.


Qəhrəmanın bütün sarsıntıları psixoloji yaşantı-proses səciyyəli olub, mündəricə etibarilə “ölüm”, varlıq-yoxluq, yox olmaq qarşısında (ekzistensial) yaşamlarını ifadə edir; hətta bu İçə həssas olsaq, gün ərzindəki emosiyalarının süjetini də cızmaq olar: qorxu-təşviş-heyrət-sevgi-qürur-fəxarət-xudbinlik-ağciyərlik-ağlayıb-sıtqamaq-depressiya-boşluq-heçlik-hissizlik... və boş yer – özgəlik.

Və üstəlik, bircə bədii priyoma – özgələşmə məqamında ətrafdakıların heyvana çevrilməsi detalına əsaslanıb, qəhrəmanın nəzərində olmasa da, yazıçının altniyyətində Səlim Babullaoğlu bütöv bir İroniya qatını da axtarır.

Yenə razılaşmıram; olsa-olsa, burda üslubi çalar məqamında gəlib, qəhrəmanın ani halını verən ironik çizgilərlə razılaşmaq olar. “Şəhər meri” hakimiyyət-cəmiyyət münasibətlərinə İroniya gücündə roman deyil, çün predmet olaraq onu seçməmiş, mətndə tutarğası da yoxdur.

Bu yöndə epizodik illüstrələr (Mer və Əshabəsi, Mer və camaat kütləsi) israrlı olmayıb, yalnız qəhrəmanın özünü (ekzistensiyasını) dərkinə xidmət edir.

Əksinə, Şəhər merinin Günəşli portretinin rəsmində yazıçı qələminin rəğbəti qəhrəmanın özünüdərkinə çox yardımçı olur: istər Şəhər merinin, istərsə də onun magiyasını təcəssüm etdirən səhnələrin (məsələn, qəhrəmanın anası Qadının, yaxud kino-teatrdakı Kürsü-ətrafı çəkişmələrin və s.) təsvirində romançı soyuq sevgi və isti qəzəbin tənasübünü dəqiqliklə gözləyir.

Başqa cür ola da bilməz; Sevgi olmasa, qəzəbin mənbəyi, o böyük Sevginin yanında qəhrəmanın kiçikliyi-əczi-faciəsi də gərəyincə görünməz...

Mənimcə: bütünlükdə təhkiyə maşınına səliqə ilə pərçim edilmiş qrotesk simvolika (karnaval) qəhrəmanın gərgin psixoloji halına nə qədər yaraşsa və eyni zamanda təhkiyəçi işini xeyli rahatlaşdırsa da, romanın uğurunu bunda görmək heç də düz olmaz.

Deyərdim, karnaval gözqamaşdırıcılığı roman oxuyucularını xeyli kənara aparır da; axı dedik, hakimiyyət materiyası romanda bu növ bayağı yozumların yox, daha incə yanaşmanın hədəfi olaraq görünür.

Bəlkə hansısa filmdənmi, ya kitabdan, - intuisiyam mənə deyir ki, mənbəyini tapsa idim, - hətta imitasiya bilərdim bu priyomu. Məqsəd Nurun təhkiyəsi “kamera” gücündədir: həm genişliyi daraldıb təfərrüatlara sığdırmaq baxımından, həm də elə kino-kamera sayağı həmin mənzərəni izləmək mənasında.

Bu fikri də ilk dəfə mən söyləmişəm (bax: Kandar. «Bizim əsr» qəzeti, 6 fevral 2002). Belə ki, düşünürəm: girdiyi nöqtələrdə daha bir az yaradıcılıq səyi-əzabı gərəkirdi; ki, romançı “heyvanıstan”sız da ötüşəydi.

6) Daha bir qeyd Ədəbiyyatda təzə olanların nəzərinə.

Məqsəd Nur Ədəbiyyatda heç də təzə deyil, köhnə birisidir; biz onunla YeniSi ədəbiyyat cərəyanında tanışmış-tapışmışıq; hələ 1995-1996-cı illərdə press-Fakt qəzetində ilk nəsr yazılarını oxuyub, peşəkar ədəbiyyatçı olaraq: ona prozaik, yaxud da kino-ssenari sahələrini proqnoz etmişdim (görünür, bugün Məqsəd Nurun televizyonçu kimi tanınması da əbəs deyil).

YeniSi Məqsəd Nurun ideyası idi; onun 1990-cı illər realiyalarını qeydə alan nəsr silsilələrində böyük enerji yatırdı: “Yarıqaranlıq”, “Küləkli şəhərin sirləri”, “Ero-gigiyenik”, “Katastrofiklər” və s. (sonradan bu nəsr “Tərs kimi” kitabına daxil oldu; Bakı, 2006)...

Hər yazıçının öz mövzusu olur; silsilə hekayələrində Məqsəd Nur Günü adlayıb, bugünə çıxa bilmədisə də, mövzusunu tapdı.

Bu – İnsan içinin Əsarətdən-Qapalılıqdan-Məngənələrdən qurtulub Azadlığına qovuşma anıdır.

Bircə andır və Məqsəd Nur bütün yaradıcılığı boyu o Anın sərgüzəştlərini yazır. Əgər silsilə hekayələrində həmin Anı (Əsarətdən Azadlığa) yaşamağın, keçməkliyin, keçə bilməyin sevincini yazırdısa; bir yazımda qeydə aldığım kimi (“Xərabat dövrünün nəsri”, Tənqid.net, № 3, 2007): qəhrəmanları o “qıl körpüsü”nü heç cür adlaya bilmədilər və sonrakı hekayələrində – “Gəlmə”, “İki”, “Telefon oyunu”, “Umud”, “Əmi”də yazıçı bir qayda olaraq, bu fəci-bihudə-ümidsiz çabaları qələmə alır. Ekzistensial ölümlər Məqsəd Nurun yaradıcılığına belə yol tapır; “Şəhər meri” romanında gördüyümüz kimi.

Məqsəd Nur Günü yazmırsa da, bizi yazır.

Siz “katastrofik” olmağın nəmənəliyini bilirsizmi; dünən və bugün, bütöv bir nəslin və ayrıca fərdin, İnsanın həyatında? – arzulamıram da; Məqsəd Nurun nəsri bax bu məqamın sirri-məzmunu-mənalarından danışır; bir yazıçının eləyə biləcəyi qədər xidməti də elə budur.

25-28 iyul 2011

Həmçinin oxu
Səlim Babullaoğlu. Məqsəd Nurun təyinatında “Şəhər Meri”
Elnarə Tofiqqızı. Qüsurlu ictimai baxışın natamam ədəbi ifadəsi
İradə Musayeva Məqsəd Nurun mükafat alan romanını tənqid edir
Cavanşir Yusifli. Sözün sükut forması
Məqsəd Nur "Şəhər meri" (Romandan parça)
XS
SM
MD
LG