Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:51

Gürcüstanda hemodializ xəstələrinin vəziyyəti


Gürcüstan. Universitet Klinikası. Dializ prosedurası
Gürcüstan. Universitet Klinikası. Dializ prosedurası
42 yaşlı Naili İsaxaşvili həftədə 3 dəfə hemodializdən keçən 1300 pasientdən biridir. Artıq 3 ildir ardıcıl süni böyrək aparatına qoşulur. Naili danışır ki, bir neçə il əvvəl qəfildən ağzından və burnundan qan gəlib, xəstəxanada onu müayinədən keçiriblər, 5-ci dərəcəli, treminal xroniki böyrək çatışmazlığı diaqnozu qoyublar:

«Aparatdan asılı olmaq çox çətindir. Aparata düşdüyümü eşidəndə elə bildim həyatımın sonudur, ancaq indi razıyam, mənə yaşamaq üçün imkan verilib».

Digər 1300 xəstə kimi xroniki böyrək çatışmazlığı ilə yaşayan Naili İsaxaşviliyə də hemodializ prosedurasının dövlət tərəfindən ödənildiyini deyiblər.

GÜRCÜSTANDA 13 HEMODİALİZ MƏRKƏZİ FƏALİYYƏT GÖSTƏRİR

Gürcüstanın əmək, səhiyyə, sosial müdafiə nazirinin müavini Mixail Dolidze deyir ki, hökumət bir neçə dəfə böyrək terapiyası proqramını, hemodializi nəzərdən keçirib. Sonuncu dəfə proqrama 2011-ci ilin əvvəlində baxılıb. Məhz həmin vaxtdan növbə gözləyən pasientlərin sırası tənzimlənib. Nazir müavini növbələr və lazımı preparatların mərkəzləşdirilmiş qaydada alınmasından danışır:

«Dövlət 2011-ci ildə proqramın bəzi hissələrinə yenidən baxılmasına qərar verib. Məsələn, əvvəllər dərman və lazımı materialların alınması mərkəzləşdirilmiş aparılmırdı, hər bir mərkəz özü lazım olan avadanlıqları alırdı. İndi isə seansın qiymətinin ucuzlaşması, pasientlərə proqrama növbəsiz qoşulmaq imkanı yaradan büdcə ayırmaları şəraitində nazirlik alqı-satqını özü həyata keçirir. Bu dəyişiklik qiyməti əhəmiyyətli dərəcədə aşağı salıb. Əgər əvvəllər bir seansın qiyməti 121 lari idisə, mərkəzləşdirilmiş şəraitdə 90 lari olub. Nəzərə alsaq ki, hər bir xəstə orta hesabla ay ərzində 13 seansdan keçməlidir və proqramda 1300-dən çox pasient iştirak edir, təsəvvür edin ki, söhbət hansı məbləğdən gedir».

Mixail Dolidze əlavə edir ki, nazirlik gələcəkdə böyrək funksiyasının əvəz olunması proqramını sığorta olunan risklər kateqoriyasına daxil etməyi planlaşdırır. Sığorta şirkətləri proseduraların dəyərini pasientlərə ödəyəcək və bu, məsələ ilə bağlı yekun proses olacaq.

Bu gün Gürcüstanda cəmi 13 hemodializ mərkəzi fəaliyyət göstərir. Yalnız universitet klinikasında yerləşən mərkəz müasir avadanlıqlarla təchiz olunub. Pasientlərin dediyinə görə, qalanlarında avadanlıq köhnədir.

Gürcüstan. Xəstələrin müalicəsi
AVADANLIQLAR İSLAHATDAN SONRA YENİLƏNƏCƏK

Universitetin hemodializ şöbəsində Gürcüstanın qərbindən, Kutaisidən gələn İzo Dvalişvili ilə söhbətləşirik. O danışır ki, Kutaisidəki hemodializ aparatı xarab olduğundan, mütəmadi proseduraları yerinə yetirmək üçün Tbilisidə qohumlarının evində yaşamağa məcbur olub:

«Təəssüf ki, orda aparat korlanıb, görəsən bu məsələ ilə maraqlanıb kimsə onu təmir edə bilməz? Biz də rahat nəfəs alardıq. Həmin aparat 6 pasientə xidmət edirdi».

Səhiyyə nazirliyində isə bildirirlər ki, avadanlıq çoxdandır yenilənmir və yaxın vaxtlarda da hökumətin belə bir planı yoxdur. Avadanlıqlar islahatlar başa çatandan sonra dəyişdiriləcək. İslahatlar 150 yeni xəstəxananın reabilitasiya və istifadəyə verilməsini nəzərdə tutur.

«GÜRCÜSTANDA HEMODİALİZƏ EHTİYACI OLANLARIN SAYI ARTIR»

«Böyrək həyatdır» assosiasiyasının direktoru Ramaz Ninua deyir ki, əgər əvvəllər xəstələr hemodializ üçün il ərzində növbə gözləyirdisə hazırda hemodializ proqramına qoşulma problemi həll olunub, ancaq dərmanların klinikaya çatdırılması ilə bağlı problem qalmaqdadır.

Arxiv foto
65 yaşlı Ramaz Ninua özü də 6-cı ildir hemodializ müalicəsi alır:

«Burda vəziyyət nisbətən yaxşıdır. Digər klinikalarda dava-dərmanın çatdırılması ilə bağlı problem yaradılır. Bizə qanda hemoqlabinin səviyyəsini artıran dəmir preparatları lazımdır. Çox zaman tədarükçülər bu preparatları gecikdirir, xəstələrin hemoqlabini aşağı düşür, bu da onları zəif salır, güclə yeriyirlər».

Universitetin yüksək texnologiyalar klinikasının nəzdindəki nefrologiyanın inkişafı mərkəzinin direktoru İrma Çoxrnelidze deyir ki, Gürcüstanda hemodializə ehtiyacı olanların sayı ilbəil artır. Qeyri-rəsmi statistikaya görə, hər milyon nəfərin 300-nün müalicəyə ehtiyacı var.

Gürcüstanda dövlət hemodializ proqramı 1997-ci ildən həyata keçirilir. Dövlətin iştirakı yalnız proseduranın maliyyələşdirilməsində özünü göstərir. Pasientlər və dövlət idarələri növbələrlə bağlı problemin həll olunduğuna dair yekdil fikirdədirlər. Ancaq hemodializə ehtiyacı olan pasientlərin coğrafi hərəkəti ilə bağlı problemlər hələ də var. Məsələn, Gürcüstanın ən böyük regionlarından biri – Kaxetidə hemodializ mərkəzi ümumiyyətlə yoxdur. Xəstələr hemodializ üçün həftədə 3 dəfə yüzlərlə kilometr qət etməli olurlar.

Səhiyyə nazirliyi isə Kaxetidə belə bir mərkəzin açılıb-açılmayacağını nə təsdiq, nə də təkzib edir.
XS
SM
MD
LG