Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:43

Həmid Herisçi: "AYO postmodernizmdə çox ilişib qaldı"


"Feyziyyə ilə şənbə söhbəti"nin qonağı yazıçı Həmid Herisçidir.


"Azərbaycan xalqının ən böyük faciəsi onun məzhəkələrə meyllənməsidir".

"Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə azərbaycanlılar üçün maraqlıdır. Avropada onlardan çoxdur, bu yeni deyil onlar üçün".

"Mən həmişə Şimali Azərbaycanlıları qeyri-ciddi adamlar saymışam".

"Bütün yazıçılar möcüzələr adasını axtarırlar. Mən hesab eləyirəm ki, o adanı tapmışam".

"Mən seçilmişlərdənəm və bunu qorxmayaraq deyirəm".

"Təəssüf ki, bizim uşaqların bir çoxu içkiyə çox meyllidirlər. Bizim yazarların da bəlası ondadır".



- Sizi postmodernist hesab edirlər. Müsahibələrinizin birində postmodernizmin müddəaları olaraq allahı, qəhrəmanı, süjet xəttini və s. inkarı göstərmisiniz.

Amma elə həmin müsahibədə də Allaha inandığınızı bildirmisiniz. Bir ziddiyyət olduğunu düşünmürsünüz ki?


- Bilirsiz ki, yazıçılar öz yaradıcılıqlarında hansısa bir fəsəfi əsəslara söykənirlər. Postmodernizm təkcə Azərbaycana deyil, ümumiyyətlə,

"Mən heç vaxt heç kimi öz mistik aləmimə dəvət etmərəm. Bu mənim qapalı, bağlı dünyamdır. Əgər o elə söz deyibsə, görünür Aqşin məni yaxşı tanımır. Mən öz təriqətimdə varam, amma mən öz təriqətimə heç kimi buraxmıram".
dünyanın bir çox yerlərinə xaos gətirib.

Bu xaosu biz də qavrayıb öz yaradıcılığımıza daşıdıq.

Postmodernizm Azərbaycana gəlməli idi, çünki o, bütün dünyaya gəlmişdi. Amma postmodernizmin üzərində toyuq yumurtanın üstündə oturduğu kimi oturmaq düzgün deyil.

Ədəbiyyat inkişaf edən xətt üzrə gedir. Məncə, bizim ədəbiyyatın nöqsanlarından də biri odur ki, bizim gətirdiyimiz postmodenizmi bunlar elə baş ədəbi nəzəriyyə bildilər.

Mən bildiyim qədərilə, onu da heç yaxşı bilmirlər. Postmodernizmi Azərbaycana gətirən iki-üç nəfər varsa, onun biri mənəm.

Mən həmişə düşünmüşəm ki, bu proses bir müddət olmalıdır. Sonra keçid dövrü lazımdır. Keçid konspirologiyadır.

Nizami Gəncəvinin “Sirlər xəzinəsi” elə konspirologiyadır. Qədim ənənəvi şərq ədəbiyyatı elə konspiroloji ədəbiyyatdır. Fikirlər açılmaqdan daha çox gizlənilir.

Burada bir çox üslublardan isitfadə olunur. Məsələn, əbcəd hesabı ilə keçmiş hadisələr şifrlənirdisə, gələcəyə yönlü təyinatlar əl-cəfr elmilə şifrələnir.

Bizim bütün böyük yazıçılarımız bunları bilməsəydilər, şair ola bilməzdilər. O dövr postmodern yazarlar üçün, bəli, əstağfürullah, Allah yox idi, qəhrəman yox idi.



Bu o cəmiyyət, o dövr, o insanlar üçün yox idi. Mən indi postmodernist deyiləm, konspiroloqam.

Mən indiki yazarların arasında yeganə yazaram ki, bir həddən o biri həddə keçməyi bacardım. Ədəbi böhranın səbəbi yazıçılarımızın postmodernizmdə ilişib qalmalarıdır.

Konspirologiya da “Sirlər xəzinəsi"dir, süjet bərpa olunur, qəhrəman bərpa olunur.

Qərhrəman da var, Allah da var, şər də var, şeytan da var. Konspirologiya bir növ neoklassisizmin yenidən qayıtmasıdır, ancaq yeni dövrün təcrübəsindən isitifadə edərək.

Bu, ədəbiyyatın adi riyazi tənliyidir. Mən onu həll eləmişəm. Qoy başqaları da həll eləsin.

- İbadətlə də məşğul olursunuz?

- Bakıətrafı kəndlərdə möcüzələr var. İlkin olaraq orda torpaq güclüdür, yəni qum, su, torpaq, günəş - onlar divarları, daşları, əhəngləri əridir, insanları yandırır.

Belə yerlərdə eyni zamanda çox güclü mistika da olur. Yazıçının uca qüvvələrə üz tutması, onları hiss etməsi Allahın kəramətləridir. Bunlar bütün ədəbiyyatlarda var.

Dostoyevski ilə Tolstoy iman əhli olublar. Azərbaycan ədəbiyyatının faciəsi ondadır ki, bizim XIX əsr yazıçılarımızın içərisində nə üçünsə ateistlər haqsızcasına çox önə çəkilir.

Bizim klassik ədəbiyyatımız müasir ədəbiyyatımızdan çox güclüdür. Dünya bizm klassik ədəbiyyatımızı tanıyır. Dünya bizim yeni, avropapərəst ədəbiyyatı heç tanımır.

Məsələn, Mirzə Şəfi Vazeh Avropa oxucusu üçün daha maraqlı olub, nəinki Mirzə Fətəli Axundov. Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə azərbaycanlılar üçün maraqlıdır.

Avropada onlardan çoxdur, bu yeni deyil onlar üçün. Onlar üçün, məsələn, Məhəmməd Hadimiz daha maraqlı olar. Ədəbiyyat hər halda dini bir məsələdir.

Bizdə neyçünsə Mirzə Cəlil, Axundov yolu gedildi, özü də bu yol ədəbiyyata gəlmək istəyən adam üçün çox asan bir yoldur. Amma Axundovun özünə də iki tərəfdən baxmaq lazımdır.

Bəlkə dərviş düz deyir, bəlkə həqiqətən də Parisi biz dağıtmışıq?! Indiki parapsixoloji hallar, paranormal hadisələr haqqında Avropada bir çox əsərlər var.

Məsələn, Avropa yazıçıları gəlib Azərbaycanda film çəkmək istəsələr, “Misyö Jordan və Dərvişi-Məstəli Şah” əsərini tamam başqa cür çəkərdilər.

Məsələn, çəkərdilər ki, dərviş həqiqətən də Parisi partladır. Belə daha maraqlıdır.



Amma daha Axundovun rakursu kimi - gülməli, kiminsə kimisə dolaması kimi yox. Azərbaycan xalqının ən böyük faciəsi onun məzhəkələrə meyllənməsidir.

- Bəs bu məzhəkələrə meyl nədən qaynaqlanır?

- Savadsızlıqdan. Həm də bu çox asandır. Mirzə Cəlil kimi düşünmək çox asandır.

Xüsusən bizim demokratik düşərgənin qələm əhli Axundovla Mirzə Cəlilə bənzər qələm adamlarıdır.

Ona görə də ciddi əsərlər yoxdur. Jurnalistikada da yoxdur. Ola da bilməz, gülüş olan yerdə böyük əsərlər yaranmaz.

- Axı komediya janrı da var, bu janrda yazılmış dahiyanə əsərlər də...

- Faciə ondan daha maraqlıdır. Bizim ənənəvi akademik teatrımız var idi, onu nə dağıtdı? Musiqili Komediya Teatrı! Gülüş! Xalq onu daha çox sevdi.

Yeni dövrün ədəbiyyat nümayəndələri Axundovla Mirzə Cəlinin üzərində kökləndiyinə görə, onlara köklənənlərin taleyi də onların özlərinə bənzədi.
Onlar başa düşmürlər ki postmodernizm bir pillədir.

Mən də postmodernizm gətirmişəm, çünki ədəbiyyatda dekonstruksiya lazım idi. Amma kim deyir ki, bizdə postmodernizm olmayıb. Bizim bütün klassik ədəbiyyatımız dekontruksiyadır.

Eyni mövzu bir şairdən digər şairə ötürülüb. Bizim təkcə yazılı ədəbiyyatımız deyil, hətta sükütumuz da maraqlıdır. Mən ədəbiyyatımız barədə çox da nikbin deyiləm.

Demokratik cəbhədə olan yazıçılarımız böhran keçirirlər. Çıxış yolu isə konspirologiyaya keçməkdir.

Hətta Avropa yazıçıları da, başda Umberto Eko olmaqla. Yəni sırf postmodernistik dövr dünya ədəbiyyatından gedib.

- Bakı kəndlərindən danışdınız, meyxanalara münasibətiniz necədir?

- Mən Nardaranda daha çox oluram. O kənddə paranormal hadislər çox güclüdür.

Məsələn, qədimdə insanın kəlmeyi şəhadətini oxuyub quma basdırırdılar, nəfəs almaq üçün də ağzına bir borucuq qoyurdular. Bu bir dini ayin idi, insan bununla da şəfa tapırdı.

O hal elə indi də var. Məsələn, Mirzə Cəlil bu hallara gülürdü, amma sonradan bu öz tibbi təsdiqini də tapdı.

Paranormal hadisələr orada çoxdur. Ona görə yox ki, elitanın. hakimiyyət rəsmilərinin şəkli yoxdur.

Orada bazar da yoxdur, topdan satış da yoxdur, reklam lövhələri də, şou-biznes də yoxdur. Və Nardaran yeganə Bakı kəndidir ki, orada meyxananı sevmirlər.

Amma şeiri sevirlər, muğamatı sevirlər. Mən onların dini fanatizmdə ittiham olunmasının qəti əleyhinəyəm. O insanlar aza qanedirlər.

Onlarda alver eşqi çox azdır. Orda həqiqətən də çox maraqlı hekayətlər var.

- Orda həm də qız uşaqlarının təhsildən yayındırılması kimi hallar da var...

- Mənim də qızım olsaydı, mən onu bu təhsil sisteminə oxumağa verməzdim.

Heç oğlumu da vermək istəmirəm. Çünki çox özbaşınalıqdır. Hər tərəfli əxlaqsızlıqdır.

Biz təhsildə müstəqil ola bilmərik, özümüzün isə formalaşmış təhsil sistemimiz yoxdur. Gərək mütləq hansısa xarici ölkənin təhsil sistemini götürək. Nə üçün axı Azərbaycanda dini məktəblər olmasın?

- Deməli, onlara bəraət qazandırısınız...



- Yüz faiz. Mən savadsızlığa görə qoymazdım. Mən istərdim oğlum Türkiyədə, Rusiyada hansısa bir hərbi məktəbdə oxusun.

Mən özüm də xoşbəxtəm ki, Azərbaycanda olan təhsil sistemində oxumamışam, baxmayaraq ki bu, SSRİ dövrünə düşürdü.

- Azadlıq Radiosunun “Pen klub” verilişində AYO-nun sədri Aqşin Yenisey deyib ki, Həmid Hersici və Nərmin Kamal AYO-nu ədəbi təriqətə çevirmək istəyir.

O deyib ki, əksinə AYO bütün yazarların üzünə açıq olmalıdır. Bu haqda nə düşünürsünüz?


- Aqşin AYO-nun indiki rəhbəridir və rəhbərin müstəqil söz deməyə haqqı var. Mən çox özümə qapalı insanam.

Heç vaxt da ictimaiyyətçi olmamışam. Mən üzümü mistk aləmə çevirdiyimə görə hesab eləmişəm ki, subyektivizm mistik aləmə bağlıdır.

Mən əgər təriqət yaratmış olsam, orada elə təkcə özüm olaram. Heç kimi, nə Nərmin Kamalı, nə də digər AYO-çuları ora dəvət eləmərəm.

Bəli, mən doğrudan da müəyyən bir mistik təfəkkürün daşıyıcısıyam. Elə son yazılarımı oxusanız, görərsiniz ki, portret yazılarımda mən çox böyük ixtiralar eliyirəm - fəlsəfi, bədii, konsproloji.

Mən orada kimi özümə şərik tutmuşam? Mən heç vaxt heç kimi öz mistik aləmimə dəvət etmərəm.

Bu mənim qapalı, bağlı dünyamdır. Əgər o elə söz deyibsə, görünür Aqşin məni yaxşı tanımır. Mən öz təriqətimdə varam, amma mən öz təriqətimə heç kimi buraxmıram.

- Bəs AYO-nun gələcəyini necə görürsünüz?

- AYO postmodernizmdə çox ilişib qaldı. Düzdü, mən onların hər birinin yaradıcılığını alqışlayıram.

Mən çox demokratik adamam və hər kəsin də haqqını gözləyirəm, istəyir teist olsun, istəyir ateist olsun.

İstər iqtidar olsun, istər müxalifət. Mənim özümün 250 televiziya verilişim olub, hamısına - iqtidara da sözümü demişəm, müxalifətə də.

- Dediniz qapalı insansınız. Amma peşəkar yazarlar müəyyən yaş həddindən sonra gəncləri ətrafına toplayıb öyrəndiklərini, yaradıcılıq sirlərini onlarla bölüşürlər. Sizin heç tələbəniz olub?

- Bu hallar bizdə çox olub - elə İmadəddin Nəsimi və Nəimi misalını göstərmək olar.

Amma indi daha çox gizlətmək dövrü gəlib, nəinki açmaq. Mən indi gəlib əl-cəfr elminin qapısına yetişmişəm, çox çətindir, bəlkə o qapıları heç aça da bilmədim.

Şifrələr hələ açmaq deyil. Hürufilər daha çox meyllidirlər bu elmə. Mirmövsum Nəvvabın məktəbi olub Qarabağda. Onlar da əl-cəfrə meylli olublar.

Natəvan da o məktəbdə olub. Mən burda təkəm. Mən bir adam görməmişəm ki, mənə qoşulmaq istəsin.

- Axı siz deyirsiniz ki, mən heç kimi öz aləmimə yaxın qoymaq istəmərəm.

- İstəyərəm, amma gələn adam gərək elə bir soz desin ki, mən onda nəsə olduğunu görə bilim.

O adam müəyyən konspiroloji bir təfəkkürlə mənim yanıma gəlsə, mən onu qəbul eləyərəm.

Hələ ki mənim gördüyüm insanlar postmodernistlərdir, konspiroloqlar deyil. Mənim konspirologiya haqqında kitabım da var, boş söz danışmıram.



Mən Təbriz Fədai məktəbinin sirlərini açmışam.

Ümumiyyətlə, hesab eləyirəm ki, mən Azərbaycanda nadir imza sahiblərindən biriyəm ki, ardıcıl inkişaf yolu keçirəm.

Bizim yazarlar isə on ildir ki, bir noqtədə, postmodernizmdə ilişib qalıblar. On il bir nöqtədə qalmaq olmaz. Hamısı öz postmodernist əsərlərini yazıb çap elədilər.

Bu çox yaxşıdır, amma bir az inkişaf edin də. Mən bu sözü Nərminə də deyirəm, Aqşinə də deyirəm, Rasim Qaracaya da deyirəm, Murad Köhnəqalaya da deyirəm...

Bir də bayaq bir şeyi unutdum deməyi, xahiş eləyirəm, bunu da qeyd elə. Bütün yazıçılar möcüzələr adasını axtarırlar.

Mən hesab eləyirəm ki, o adanı tapmışam, o Nardarandır. Çox ciddi düşüncə axını var orada.

Orada çox ağıllı, mətləbli, dərin insanlar var. Onlar uşaq-muşaq deyillər. Siz onların yalnız mövhumat tərəfini görürsünüz.

Və mən hesab eləyirəm ki, nə qədər ki, sizin nardaranlılar kimi dərin adamlarınız var, sizə ölüm yoxdur. Mən ümumiyyətlə, Şimali Azərbaycana çox ciddi fikir vermirəm.

Mən buranın alimlərini, yazıçılarını, siyasi xadimlərini, müxalifətini, iqtidarını qeyri-ciddi sayıram. Mən həmişə Şimali Azərbaycanlıları qeyri-ciddi adamlar saymışam.

- Elə isə sizi bura bağlayan nədir?

- Tale. Mən təsadüfən düşmüşəm bura. Elə bilirsiz İranda xoşlayarlar məni? Baxma ki gedib gəlirəm.

Mənim Təbrizdə gül kimi evim, eşiyim. Təbriz kimi gözəl şəhərim var, insanları çox savadlı, ciddi insanlardılar.

- Heminquey deyir ki, maddi təminat yazıçını narahat yaşamaq problemindən qurtarır. Narahat yaşam tərzi isə yazı yazmaq istəyini azaldır. Deyəsən işləmirsiniz, sizi varlı hesab etmək olar? Işləmirsiniz, amma tez-tez kitablarınız çıxır.

- Mənim öz ruzim var, hesab edirəm ki, Allahdan gəlir.

Allah mənim ruzimi heç zaman kəsməyib. Mən seçilmişlərdənəm və bunu qorxmayaraq deyirəm. Mən sirləri ovcumun içində görmüşəm.

Mən adi adam deyiləm. Bunu televiziya verilişlərimlə sübut eləmişəm, bunu kitablarımla sübut eləmişəm. 1981-ci ildə Ayətulla Behiştini kim öldürüb - deyə soruşsanız, onun cavabını deyə bilərəm.

Mən Bakı ceyillərinin fəndgirliklərini bilirəm. Mən elə bir təhsil keçmişəm ki, orada daha çox səndən öyrənirlər, nəinki öyrədirlər.

O vaxt Moskvada belə bir təhsil sistemi var idi, indi də Avropanın bir çox yerlərində bunu tətbiq edirlər və mən elə bir məktəbdə birinci olmuşam.

Varlı adam deyiləm, kasıb da deyiləm. Görünür boğazımdan kəsməyi bacarıram.

Əyyaş deyiləm, içki içmirəm, qənaətciləm, aza qaneyəm, həyat yoldaşımı çox istəyirəm, İbrahimi çox istəyirəm. Onlara sadə həyat tərzi yaşadıram.

Kefi sevmirəm. Təəssüf ki, bizim uşaqların bir çoxu içkiyə çox meyllidirlər.

Bizim yazarların da bəlası ondadır. Biz Avropanın əyyaş yazarlarını oxumuşuq, zovq almışıq. Bir az da onlar bizi oxusunlar, bizi axtarsınlar.

- Layihəmizin ötən dəfəki qonağı Xanəmir sizə sual ünvanlayıb: suyun axışı güldür, gül, su gülün harasında soyuyar?

- O, Xanəmirin gizli tapmacasıdır, cavabı da özündədir.

- Növbəti qonağımız Şərif Ağayardan nə soruşmaq istərdiniz?

- Şərif, mən bazarsız-azarsız Laçın kəndləri barədə yazdıqlarınızın davamını gözləyirəm...

FEYZİYYƏ

Həmçinin oxu:
XANƏMİR:"İnsanı hər addımda aşağılayan bir cəmiyyətdə yaşayırıq"
Salam Sarvan: "Dəlisən sən? Sən şairsən, rahat otur şeirini yavaşca pıçılda da"
XS
SM
MD
LG