Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:33

İranda kütləvi həbslər davam edir (VİDEO)


Urmiyədə etirazlar
Gözlə
Embed

No media source currently available

0:00 0:02:05 0:00
Direct-ə keçid

Sentyabrın 3-də Urmiyə və Təbriz şəhərlərində yenidən kütləvi etiraz nümayişləri baş verib. Urmiyə gölünün qurumasına qarşı etiraz çağırışına cavab olaraq minlərlə adam küçələrə çıxıb. Etiraz yürüşləri polis qüvvələri tərəfindən dağıdılıb.Yükləyib: Vahid

«TUTULANLARIN SAYI YÜZLƏRLƏDİR»

Təbrizdə və Urmiyədə Urmiyə gölünün qurudulmasına etirazlar davam edir. Avqustun son günlərindən başlanan küçə yürüşləri qızışmaqdadır, sentyabrın 3-də keçirilən aksiyalarda minlərlə adamın iştirak etdiyi bildirilir. Məlumatlara görə, həbs olunanların sayı günbəgün artır. İranın dövlət qəzetləri yazır ki, təkcə avqustun 27-də Urmiyədə keçirilən etiraz aksiyasında 120 nəfər tutulub. İrandakı Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyasının (ADAPP) sözçüsü Vahid Qarabağlı isə deyir ki, dövlət qəzetlərinin yazdıqları həqiqəti əks etdirmir:

«Bizim təxminimizə görə, təkcə o gün (avqustun 27-də-müəl.) Urmiyədə həbs olunanların sayı 200-dən artıq idi. Son 3-4 gün ərzindəki həbslərin dəqiq sayını isə deyə bilmərik. Çünki insanlar küçələrdə və evlərdə kütləvi şəkildə həbs olunur. Ancaq bizim təxminimizə görə, həm Təbriz, həm də Urmiyə etirazlarında həbs olunanların sayı yüzlərlədir».

Vahid Qarabağlı həbs olunanlar arasında milli fəalların olduğunu da deyir.
Onun sözlərinə görə, sentyabrın 3-də Urmiyədə keçirilən küçə yürüşləri həm sayca, həm də aktivlik baxımından ən yaddaqalanı olub. O deyir ki, küçə yürüşlərində hər gün orta hesabla 20-30 min insan iştirak edir.

HAMI SUSUR

Urmiyədə etiraz aksiyası
AzadlıqRadiosu küçə yürüşlərində həbs olunanlardan bəzilərinin ailələri ilə əlaqə saxlamağa cəhd etsə də, baş tutmayıb. Məsələn, tutulanlardan Behzad Əqdəsinin ailəsindən AzadlıqRadiosuna danışmaq istəməyiblər. Başqa tutulanlarınsa mənzil telefonları işləmir. Vahid Qarabağlı deyir ki, tutulanların mənzillərindəki telefon xətləri ya kəsilir, ya da İran Kəşfiyyat Nazirliyi (ETTELAAT) tərəfindən nəzarətə götürülür:

«İran hökuməti məlumatların kənara çıxmasını istəmir. Buna görə də İranda ailələr təhdid edilirlər, həbs olunanların ailə üzvlərinin xarici medialara və xaricdəki insan haqları təşkilatlarına məlumat vermələrinin qarşısını alırlar. Həmin ailələr qorxu altındadır».

Güneydə Azərbaycanlıların Milli Oyanış Hərəkatının (GAMOH) Bakı bürosundan AzadlıqRadiosuna göndərilən məlumatda isə göstərilir ki, Ankara Universitetinin tələbəsi olan Məcid Cavadi Urmiyədəki evinə gəldikdən sonra qardaşı Tohid Cavadi ilə birlikdə tutulub. Məlumata görə, İran Kəşfiyyat Nazirliyinin əməkdaşları sentyabrın 2-də onların yaşadıqları mənzili mühasirəyə alaraq hər ikisini həbs ediblər. Evdə axtarış aparılıb. GAMOH Urmiyədəki mənbələrə istinadən bildirib ki, qardaşların tutulması son günlər keçirilən kütləvi yürüşlərlə bağlıdır.

AVQUSTUN 24-DƏ TUTULANLARDAN NƏ XƏBƏR?


GAMOH da son 2-3 gün ərzində Təbrizdə və Urmiyədə kütləvi yürüşlərdə yüzlərlə insanın həbs olunduğunu, onların böyük hissəsinin harada saxlanmaları barədə məlumat verilmədiyini bildirir.

Avqustun 24-də iftar süfrəsində həbs olunmuş və Təbrizdə həbsxanada saxlanılan Abdullah Səduqi isə həbsxananın klinikasına köçürülüb. Bu barədə GAMOH-un yaydığı məlumatda bildirilir. Qeyd olunur ki, Səduqi mədə qanaxmasından əziyyət çəkir. Azərbaycanlı fəal bundan əvvəl də «Traxtor» futbol komandasının təbliğat afişalarını nəşr etdiyi üçün həbs olunmuşdu. ETTELAAT-ın Təbrizdəki şöbəsində saxlanılarkən təzyiqlərə etiraz olaraq aclıq aksiyası keçirdiyi üçün mədə xəstəliyinə düçar olub.

«ETİRAZLAR DAVAM EDƏCƏK»

ADAPP sözçüsü Vahid Qarabağlı AzadlıqRadiosuna deyib ki, İran hökuməti Urmiyə gölünün qurudulmasına əncam çəkməyənə qədər azərbaycanlılar etirazlarını, küçə yürüşlərini davam etdirmək niyyətindədilər:

«Ehtimal var ki, üzümüzə gələn günlərdə bir daha aksiyalara çağırışlar olsun, küçə etirazları davam etsin».

Urmiyə gölü İranın Azərbaycan əyalətində yerləşir, Yaxın Şərqin ən böyük gölüdür. Duzluluğuna görə, ikinci ən böyük göl hesab olunan Urmiya gölünün 60 faizi quruyub. Ekspertlər xəbərdarlıq edir ki, ehtiyat tədbirləri görülməsə, göl tamamilə məhv olacaq. Ekspertlər hesab edirlər ki, su mənbələrinin tükənməsi və effektiv su idarəçiliyi çatışmazlığı üzündən göl belə bir problemlə üzləşib.

HƏMÇİNİN OXU:

Təbriz sakini ilə müsahibə
Urmiya və Təbrizdə yeni etirazlar - VİDEO
Urmiya gölünün qurumasına qarşı aksiya - VİDEO
Amnesty İnternational İranda tutulan azərbaycanlıları buraxmağı tələb edir
Təbrizdə 70 nəfər saxlanılıb
Təbrizdə Urmiyə gölünün qurumasına kütləvi etiraz
Bakıda İran səfirliyinin qarşısında Urmiyə gölü üçün etiraz - VİDEO
XS
SM
MD
LG