Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:38

Tanınmış şirkətlər Özbəkistan pambığını almaqdan imtina edir


Pambıq yığan özbək uşaqlar
Pambıq yığan özbək uşaqlar
Daily Telegraph
James Kilner, Almaty

İsveçin iri şirkətləri H&M-i, Adidas, Puma uşaq əməyindən istifadə olunduğu üçün Özbəkistan pambığını almamağa qərar verib. Dünyanın 60-dan çox tekstil şirkəti bu qərara imza atıb.

ABŞ-da yerləşən «Sən səpdiyin kimi» («As you sow») hüquq müdafiə qrupu Özbəkistandan pambıq almamaqla bağlı kampaniya aparır.

H&M şirkətinin sosial məsuliyyət korporasiya üzrə meneceri Henrik Lampa deyir:

- Biz böyük pambıq alıcılarıyıq. Bir çox şirkətlər kimi biz də açıq-aydın uşaq əməyinə qarşıyıq.

ABŞ-da yerləşən 800-dən çox şirkətin birləşdiyi Amerika Paltarı və Ayaqqabıları Assosiasiyası (American Apparel and Footwear Association) bu öhdəliyə imza atıb, amma «Sən səpdiyin kimi» qrupunun icraçı direktoru Andrew Behar deyir ki, təşəbbüsə yeni fərdi qoşulanların olması daha əhəmiyyətlidir:

- Bu, düzlük və şəffaflıq haqqındadır. Tək və assosiasiya halında təşəbbüsü dəstəkləmək fərqli anlamlardı, burda sən fərdi olaraq öhdəlik götürürsən və imzanın yanında loqonu göstərirsən.

Özbəkistanın Xarici İşlər nazirliyi bununla bağlı hər hansı şərh verməyib.

HÜQUQ MÜDAFİƏÇİLƏRİNİN İKİNCİ QƏLƏBƏSİ

Bu, hüquq müdafiə təşkilatlarının Özbəkistana qarşı ikinci qələbəsidir.
Hüquq müdafiə təşkilatlarının tələbləri sayəsində Özbəkistan prezidenti İslam Kərimovun böyük qızının şousu sentyabrın 9-da Nyu-yorkda keçirilən Moda Həftəliyindən çıxarıldı və onun şousunun nümayişi dayandırıldı.

Hüquq müdafiə təşkilatları 73 yaşlı İslam Kərimovu demokratiyanı tapdalamaqda, işgəncə və qətllərdə ittiham edir. İslam Kərimov hakimiyyətə 1991-ci ildə Sovetlər Birliyi dağılandan sonra gəlib.

İslam Kərimov və Özbəkistan hökuməti dəfələrlə insan hüquqlarının pozulmasına və uşaq əməyinin istismarına görə tənqid olunub.

Özbəkistan
AVTORİTARLIĞINA GÖRƏ İQTİSADİ GÜC OLA BİLMİR

Orta Asiyanın göbəyində yerləşmiş, 27,5 milyon əhalisi olan Özbəkistan gərək regionun iqtisadi mərkəzi olsun, amma hakimiyyəti onu getdikcə dünyadan təcrid eləyir.

Qaz və qızılla yanaşı pambıq da ölkənin əsas ixracatından biridir.

Hüquq müdafiə fəalları Özbəkistanda minlərlə məktəblinin necə sinif otaqlarını tərk etməyə, tarlalarda pambıq yığmağa məcbur edildiklərini sənədləşdiriblər.
Uşaqlar günün birinci yarısı dərsdə oturur, sonra isə onları pambıq tarlalarına aparırlar. Onlar həftəsonu da səhərdən axşama qədər işləməyə məcbur edilirlər.

MƏKTƏBLİNİN, TƏLƏBƏNİN PAMBIQ YIĞMA NORMASI VAR

Özbəkistan universitet tələbələri də deyirlər ki, əgər özlərinin yığmalı olduğu normanı ödəyə bilməzlərsə, kursdan kursa keçəndə problemlə üzləşirlər.

Nyu-Yorkda yerləşən Beynəlxalq Əmək Hüquqları Forumunun (İnternational Labor Rights Forum) rəsmisi Tim Newman artıq bu ilin məhsul yığımında səfərbər edilən uşaqlarla bağlı hesabatı görüb:

«Burda göstərilib ki, ağır yığım mövsümü iki milyon uşağa təsir edib. Hesabatda o da göstəriləcək ki, uşaqların pambıq yığımı ilə bağlı hər birinin norması var və bunu gün ərzində yığmalıdırlar».

Gülnarə Kərimova
ÖZBƏKİSTANDA UŞAQ ƏMƏYİ DÖVLƏT İSTİSMAR EDİR

Hüquq Müdafiə Təşkilatı deyir ki, inkişaf etməkdə olan ölkələrin xusisilə aqrar sektorunda uşaq əməyinin istismarına rast gəlinir, amma Özbəkistan nadir ölkədir, çünki burda uşaq əməyinin istismarı dövlət tərəfindən həyata keçirilir.

Tim Newman deyir ki, Özbəkistandan pambıq almamaqla bağlı öhdəlik götürülməsi və prezident qızı Gülnarə Kərimovanın şousunun Moda Həftəliyindən çıxarılması yüngül sənayedə xam malın mənbəyi ilə bağlı artan narahatçılığı göstərir.

Moda Həftəliyindən çıxarılandan sonra Gülnarə Kərimova Nyu-yorkun dəbdəbəli restoranlarının birində öz şousunu nümayiş etdirib. Amma özü nümayişdə iştirak etməyib. O, Özbəkistanın İspaniyada səfiridir və BMT-nin Cenevrədə yerləşən bəzi qurumlarında ölkəsini təmsil edir.

Sayta hazırladı: Səadət Akifqızı
XS
SM
MD
LG