Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:43

Müxalifətçilərin məhkəməsində polis səddi


Nəsimi rayon Məhkəməsi
Nəsimi rayon Məhkəməsi
İctimai Palatanın 2 aprel aksiyasından sonra həbs olunmuş Elnur Məcidli, Rüfət Hacıbəyli, Ülvi QuliyevƏhəd Məmmədlinin Nəsimi rayon Məhkəməsində keçirilən iclaslarında iştirak etmək müşkül məsələyə çevrilib. Məhkəməyə gələnlər – jurnalistlərdən tutmuş vəkillərədək çoxları bu fikirdədir. Çünki nəinki məhkəmə binasına, hətta binanın dəmir hasarla əhatələnmiş həyətinə girmək az qala məharət tələb edir. Darvazanın yanında dayanan polislərin «içəridə yer yoxdur» deyib gələnin kimliyini, vəzifəsini nəzərə almamaları vəkil Yalçın İmanovun narazılığına səbəb olmuşdu:

«HARA GEDİRSƏN? YER YOXDUR!»

«Nəsimi rayon Məhkəməsində bu proses başlayandan hər dəfə polislərin təzyiqi və kordonu ilə qarşılaşırıq. Bu, daha çox təqsirləndirilənlərin yaxınlarına, yoldaşlarına, əqidə dostlarına qarşı edilir. Son vaxtlar isə həm də jurnalistlərə qarşı münasibətdə bunu hiss edirdik. Bu gün mən polis kordonundan keçəndə, dedilər «hara gedirsən», dedim «məhkəməyə». Dedilər «yer yoxdur». Mən onlara vəkil olduğunu deyirəm, amma onlar vəkilin kim olduğunu, hansı hüquq və vəzifələr daşıdığını, hansı prosessual rol həyata keçirdiyini başa düşmürlər. Elə hey israr edirdilər ki, yer yoxdur».

«İÇƏRİDƏ YERİN OLUB-OLMADIĞINI POLİS MÜƏYYƏN ETMİR»

Jurnalist Natiq Ədilov da sentyabrın 20-də məhkəmənin darvazası önündə qarşılaşdığı münasibətin öz kəskinliyi ilə əvvəlki günlərdəkindən fərqləndiyini deyir:

Natiq Ədilov
«Serjantlar kobudluq edirdilər, məni dinləmək istəmirdilər, təhqiramiz ifadələrlə «gedin» deyirdilər. Mən dedim ki, siz vətəndaşla belə danışmayın, vəzifənizi doğru-dürüst yerinə yetirin, siz mənim peşə fəaliyyətimi məhdudlaşdırırsınız. Dedim, içəridə yerin olub-olmamasını polis müəyyən etmir, icazə verin məhkəmə nəzarətçisinə müraciət edim. O desə ki, yer yoxdur, iştirak etməyəcəyik. Onlar yenə təhqirlərini davam etdirdilər».

Vəkil Yalçın İmanov deyir ki, ümumiyyətlə, polisin məhkəmənin binası qarşısında post qurması, vətəndaşların gəlib-getməsinə maneə yaratması qanun pozuntusudur. Vəkilin fikrincə, 2 apreldə tutulanların məhkəməsi siyasi xarakterlidir deyə, bütün bunlar baş verir. Bundan öncə bir neçə dəfə məhkəmə iclası başa çatandan sonra müxalifət fəalları məhkəmə binasının önündə «Azadlıq!», «İstefa!» şüarları səsləndiriblər. Yalçın İmanov deyir ki, məhz bu şüarların bir daha səslənməməsi üçün belə maneələr yaradılır.

HAKİM: VƏKİLLƏRİN VƏ JURNALİSTLƏRİN HƏR KƏSDƏN ƏVVƏL ZALA GİRMƏSİNƏ İMKAN YARADILSIN

Polisin bu davranışına 2 aprelçilərin məhkəmə prosesinə sədrlik edən hakim Şahin Abdullayev də münasibət bildirdi. Vəkil Yalçın İmanovun sentyabrın 20-də keçirilən prosesdə vəsatət qaldırmasından sonra. Yalçın İmanov hakimdən tələb etdi ki, polisin qanunsuz hərəkətinə münasibət bildirsin. Hakim Şahin Abdullayev isə məsələnin həll olunması üçün tapşırıq verdi. Məhkəmə nəzarətçilərinə tapşırdı ki, bundan sonra vəkillərin və jurnalistlərin zala hər kəsdən əvvəl girməsinə imkan yaradılsın.

OĞURLANAN ƏL ÇANTASI, BAĞLANAN ÇAYXANA

2 aprelçilərin məhkəməsi
İttiham olunanların vəkilləri və yaxınları isə deyirlər ki, polisin bu cür davranışı onların məhkəmə proseslərində iştirakının qarşısını almağa yönəlmiş yeganə hal deyil. Bundan əvvəl vəkil Osman Kazımovun məhkəmə binası önündə maşınının şüşəsi sındırılıb, əl çantası oğurlanıb. Bunu törədənlərin kimliyi hələ də məlum deyil. Məhkəmə yaxınlığındakı çayxananın fəaliyyəti də dayandırılıb. Müxalifət fəalları deyirlər ki, məhkəmə prosesində fasilələr zamanı onlar bu çayxanada otururdular.

O ki qaldı Elnur Məcidli, Rüfət Hacıbəyli, Ülvi Quliyev və Əhəd Məmmədlinin sentyabrın 20-ə təyin olunmuş məhkəmə prosesinə, hakim bu dəfə də iclası təxirə saldı.

Hakim Şahin Abdullayev bildirdi ki, Rüfət Hacıbəyliyə dövlət hesabına vəkil tutulub. Onun hüquqlarını 14 saylı hüquq məsləhətxanasının əməkdaşı Telman Qasımov müdafiə edəcək. Vəkilə cinayət işinin materialları ilə tanış olmaq üçün 3 gün vaxt verildi. İttiham olunan Rüfət Hacıbəyli dövlət tərəfindən ayrılmış vəkildən imtina etməsə də, öz vəkili Elçin Namazovun da onu müdafiə etməsini istədi. Amma hakim Şahin Abdullayev bildirdi ki, Elçin Namazovun vəkillik fəaliyyətinə xitam verildiyi üçün o, prosesdə iştirak edə bilməz.

Prosesdə təqsirləndirilən Ülvi Quliyevin vəkili Osman Kazımov da iştirak etmədiyindən hakim məhkəmə iclasını sentyabrın 23-dək təxirə saldı.

Elnur Məcidli, Rüfət Hacıbəyli, Ülvi Quliyev və Əhəd Məmmədli ictimai asayişi pozmaqda və hakimiyyət nümayəndələrinə müqavimətdə ittiham olunurlar. İttiham təsdiqlənərsə, onları 3 ilə qədər həbs cəzası gözləyir.
XS
SM
MD
LG