Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:39

Dövlət əleyhinə qərar çıxaracaq inzibati məhkəmələr


Arxiv foto
Arxiv foto
«…LAZIMDIR»

Təsəvvür edin: məhkəmə aylardır davam edən mübahisəyə son qoyub, şagirdin orta məktəbə hicabla gəlməsi qadağan deyil. Ya da Bakı şəhər icra hakimiyyətinin qərarı ilə evindən çıxarılmış vətəndaşın lehinə qərar verilib. Məsələn, «Qış bulvarı»na görə evindən çıxarılmış onlarla narazı razı salınıb.

Əslində, inzibat məhkəmələr elə bunun üçündür. Dövlətdən narazı vətəndaşın şikayətini araşdırmaq, onu dövlət qarşısında qorumaq üçün.

İnzibati məhkəmələr Azərbaycanda bu ildən – 2011-ci ilin yanvarından fəaliyyətə başlayıb.

Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli:

«İnzibati məhkəmələrin fəaliyyəti ölkəmizin indiki iqtisadi inkişaf mərhələsində çox əhəmiyyətlidir. Bəzən mübahisələr olur, onlara ədalətli baxmaq lazımdır».

Almaniyanın Azərbaycandakı səfiri Herbert Kvelle də bu yeni məhkəmənin sınaqdan uğurlu çıxacağına ümid edir:

««Qış bulvarı» ətrafında baş verənlər minlərlə insanın mülkiyyət hüquqlarına toxunub. Bu iş inzibati məhkəmələr üçün bir sınaqdır. Ümid edirəm ki, Azərbaycan inzibati məhkəməsi bu sınaqdan uğurla çıxacaq».

Fuad Ağayev
«ÇIXMIR DA, ÇIXMIR, SINAQDAN ÇIXMIR»

Hüquqşünas Fuad Ağayev inzibati məhkəmə haqda belə deyir. Almaniyanın səfirindən fərqli olaraq bu haqda nikbin danışmır. Fuad Ağayev «Qış bulvarı» tikiləcək ərazidən zorla çıxarılmış və aldığı təzminatdan narazı bir neçə vətəndaşın hüququnu müdafiə edir. Onlar hələ mart-aprel aylarında inzibati məhkəməyə müraciət ediblər. Hüquqşünas deyir ki, bu müddətdə məhkəmə Əli Hüseynlinin söylədiyi kimi işə operativ baxmaq əvəzinə onları sadəcə get-gələ salıb:

«Bilərəkdən işə baxılmasını yubadırlar. İnzibati Məcəlləni bayraq edirlər ki, burda işə baxılma müddəti göstərilməyib. Ona görə də istədikləri qədər uzadırlar. Mülki Məcəlləyə əsasən isə uzağı üç aya baxılmalı idi. Amma inzibati işlərə baxan hakimlər hesab edirlər ki, bunun onlara aidiyyatı yoxdur».

Füzuli küçəsinin keçmiş sakini Dinara Quliyeva da inamsızdır:

«Biz heç nə gözləmirik. Bizə deyirlər gedin avqustda gəlin, sonra sentyabrda gələrsiz, indi də deyirlər ki, oktyabrda gəlin. Hələlik qərar yoxdur. Şəxsən mənim işimə oktyabrın 4-də baxılacaq. Gedib baxarıq da nə olur».

«BAXILAN İŞLƏRİN 78 FAİZİ TƏMİN OLUNUB»

Məhkəmə-Hüquq Şurasının üzvü, Ədliyyə Nazirliyinin baş idarə rəisi Azər Cəfərov isə inzibatı məhkəmələrin işindən məmnunluqla danışır. O deyir ki, bu məhkəmələr fəaliyyətə başladığı ilk altı ayda onlara 3 mindən artıq müraciət daxil olub:

«Yanvarla müqayisədə apreldə gələn müraciətlərin sayı 3 dəfə artıb. Bu da önəmlidir ki, baxılan işlərin 78 faizi təmin olunub. İnzibati orqanların hərəkəti və ya hərəkətsizliyi qanunsuz sayılıb».

Azər Cəfərova görə, bu da əhalinin inzibati məhkəmələrə inamının artmasından xəbər verir. Yəni vətəndaşlar pozulmuş hüquqlarının bərpasına inanırlar və ədaləti həmin məhkəmədə axtarırlar.

«DÖVLƏT ƏLEYHİNƏ DÖVLƏT ADINDAN QƏRAR ÇIXARAN MƏHKƏMƏ»

Azər Cəfərov deyir ki, inzibati məhkəmənin vəzifəsi yalnız mübahisələri həll etmək deyil, həm də hakimiyyət üzərində nəzarət etməkdir. O, Almaniya Federal Konstitusiya Məhkəməsinin keçmiş hakimi Ştaynerdən misal gətirir:

«İnzibati məhkəmənin hüquqi müdafiə axtaran vətəndaşla davranışı dövlətin simasını müəyyənləşdirir. İnzibati ədliyyə hüquqi dövlətin təməlidir, ağırlıq mərkəzidir. Məhz onun payına dövlət əleyhinə dövlət adından qərar çıxarmaq düşür».

Azər Cəfərov icra qurumlarının inzibati məhkəmələrə etinasız yanaşmasından şikayətçidir:

«Hər şeydən öncə icra qurumları onun işinə nəzarət edən məhkəmə hakimiyyətinin ağrılı və hətta ona görə düzgün olmayan qərarlarını belə qəbul etməyi öyrənməlidir. Məhkəmələrin sorğularını diqqətdən kənar qoymamalıdır. Məhkəmələrə lazımı materialları təqdim etməlidir».

Arzu Abdullayeva
Hüquqşünas Fuad Ağayev də icra qurumlarının məhkəmələrə etinasız yanaşdığını deyir.

OMBUDSMAN APARATI, İCTİMAİ TELEVİZİYA…

Hakimiyyətin tənqidçilərisə bu fikirdədirlər ki, Avropada özünü doğrultmuş bir çox təsisatlar və ya nümunələr Azərbaycanda formal quruma çevrilir. Buna Ombudsman aparatını, İctimai televiziyanı, seçkilərdə exit-pollun keçirilməsini və sairəni aid edirlər. Bu cür düşünənlərdən biri də hüquq müdafiəçisi Arzu Abdullayevadır. O hesab edir ki, inzibati məhkəmələr də bu cür formal qurumlardan biri olacaq:

«Azərbaycan şəraitində inanmıram ki, həmin struktur işləsin. Bizim məhkəmə sistemi lazımı şəkildə işləyirmi? Yox. Azərbaycanda islahatlar imitasion yox, real demokratiya quruculuğu olarsa, baş tutar».
XS
SM
MD
LG