Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:42

Vladimir Putinin qayıdışı Cənubi Qafqaza nə vəd verir?


Karnegi Sülh Fondunun experti Thomas de Waal
Karnegi Sülh Fondunun experti Thomas de Waal
Thomas de Waalun «TheNational İnterest» dərgisində dərc olunmuş «Vladimir Putin və Cənubi Qafqaz» adlı məqaləsini sizə təqdim edirik:

Rusiyanın qonşuları sual edirlər ki, Vladimir Putinin Kremlə qayıdışı onların regionları üçün nəyin müjdəsidir. Belə regionlardan biri də Cənubi Qafqazdır.

ERMƏNİSTANDA ƏN ÇOX KOCHARIAN SEVİNƏCƏK

Qafqaz liderlərinin götür-qoyları təbii ki, Putinin addımlarının ardınca dəyişəcək. Ermənistanda Putinin qayıdışı ilə bağlı xəbərə indiyədək kölgədə qalmış eks prezident Robert Kocharian sevinəcək. Bu iki şəxs arasında bir neçə oxşarlıqlar var: hər ikisi iki dəfə prezident seçilib, bu kürsünü 2008-ci ildə tərk ediblər və yerlərinə özlərinin inandıqları namizəd gəlib. Putin kimi Kocharian da inadlı, güzəştə getməyən bir şəxs kimi xarakterizə olunur. O, keçmiş müttəfiqinin qayıdışını öz ictimai karyerasında bir şans kimi dəyərləndirə bilər.

Amma təbii ki fərqli cəhətlər də var. Dmitry Medvedevdən fərqli olaraq Ermənistanın hazırki prezidenti Serzh Sarkisian (onun prezidentlik müddəti 2013-cü ildə başa çatır) öz sələfinə taydır. Başqa sözlə, Sarkisian və Kocharian 30 ilin ortağıdır, 1980-ci illərdə Xankəndində Komsomol partiyasında siyasi karyeraya birlikdə başlayıblar.

Daha əsası isə Putin Rusiyada həqiqətən də populyardır və əgər ölkədə tacqoyma mərasimi yox, həqiqətən də rəqabətə davamlı seçki keçirilsə idi, çox ehtimal ki Putin qələbə çalardı. Kocharian isə tam əksinə, Ermənistan ictimaiyyəti arasında olduqca qeyri-populyardır və əgər geri qayıtmaq istəsə, güclü ictimai müqavimətlə üzləşər. Serzh Sarkisian da bunu bilir və onu da bilir ki, Kocharianın əvəzinə onu bu kürsüdə görməyə üstünlük verən bəzi müxalif qüvvələrdən gizli dəstək ala bilər.

Prezidentlərin Kazan görüşü
İLHAM ƏLİYEV ŞADYANALIQ ETMƏYƏCƏK

Azərbaycanda isə prezident İlham Əliyev Putinin qayıdışını şadyanalıq etməyəcək. Əliyev və Putinin iş münasibətləri yaxşı başlasa da 2006-ci ildə korlandı. Səbəb isə Əliyevin Gürcüstanı ucuz qazla təminatdan məhrum etməklə bağlı Putinin planlarına qol qoymaması oldu. Əliyev Medvedevlə daha yaxşı münasibətdədir. Medvedev Gürcüstanla Rusiya arasındakı müharibədən bir ay əvvəl 2008-ci ilin iyul ayında Bakıda Rusiya-Azərbaycan yoldaşlıq və dostluğuna dair möhtəşəm bəyannaməyə imza atıb.

Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağla bağlı konfliktin həlli məsələsinə gələndə Medvedevlə müqayisədə Putindən gözləntilər daha azdır. Deyilənə görə, 2004-cü ilin sentyabrında Astanada Ermənistan və Azərbaycan prezidentlərinin arasında sözün əsl mənasında vasitəçilik etmək istəyəndə Putini qəzəbləndiriblər. İki prezident onu gözlədiblər və daha sonra onun qarşısında bir-biri ilə mübahisə ediblər. Əliyevlə Sarkisian arasında 9 görüş keçirmiş Medvedevdən fərqli olaraq Putin bu cür rəftarı xoşlamır.

2007-ci ilin fevralında Kremldə Putinin mətbuat kofransında Azərbaycandan olan bir jurnalist Qarabağ münaqişəsi ilə bağlı sual vermişdi. Cavab Putinin bu məsələ ilə bağlı mövqeyini tam əks etdirir. Rusiya rəhbəri azərbaycanlıya deyir ki, Rusiya problemi həll etməyəcək: «Ermənistan və Azərbaycan problemin həllini bizim boynumuza qoymamalıdır. Siz özünüz münaqişənin münasib həlli yolunu tapmalısız»- deyə Putin bildirib. Putin bunu deməklə də kifayətlənməyib, Sovet dövründə Ağdamda istehsal olunan ucuz spirtli içkini tərifləyib və deyib ki, Ermənistan və Azərbaycan Ağdamı, o cümlədən spirtli içkinin istehsalını yenidən bərpa etməlidirlər.

Gürcüstan prezidenti Mikheil Saakashvili
SAAKASHVILI VƏ PUTİN BİR-BİRİNƏ NİFRƏT EDİR

Gürcüstanda isə vəziyyət daha fərqlidir. Putin və Gürcüstan prezidenti Mikheil Saakashvili bir-birinə nifrət edirlər. Putin Fransa prezidenti Nicolas Sarkozyə deyib ki, gürcüstanlı rəqibini xayasından asılmış görmək istəyir. Saakashvilinin də Vladimr Putini zarafatla «Liliputin» adlandırması Moskvada yayılıb. Bu iki lider arasında artıq bir dəfə müharibə olub və Putinin yenidən qayıdışı iki ölkə arasında onsuz da pis olan münasibətlərin daha da pisləşəcəyindən xəbər verir.

Bunların heç biri vəd verici deyil. Putinin qayıdışı ilə bağlı istənilən gözləntilərin natamamlığı labüddür. Bütün bunlarla yanaşı Putin proqmatikdir. Nəticə etibarı ilə mümkündür ki, Putin öz hakimiyyət gücündən istifadə edərək və kiçik cənub qonşularına böyük strateji barışıqlar vəd verərək Qafqazın Charles de Gaullesi olacaq. Bu mümkündür, ehtimal deyil.
XS
SM
MD
LG