Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:46

Gənclərdən qorxu, inkişafın 10 ili, Baş nazirin təminat məktubu


Leyla Yunus
Leyla Yunus
«HAKİMİYYƏT GƏNC NƏSİLDƏN QORXUR»

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus müxalifətçilər haqqında çıxarılan son məhkəmə hökmləri və ölkədəki vəziyyət haqqında «Azadlıq» qəzetinə müsahibə verib. O deyib:

«Azərbaycan hakimiyyətini iki əsas ideya hərəkətə gətirir. Birincisi, hakimiyyəti ancaq repressiyalar yolu ilə saxlamaq istəyidir. Bizdə polis aparatı bütün mümkün normaları aşıb. Polislərin sayı Türkiyədəki polislərin sayı qədərdir. Baxmayaraq ki, əhalinin sayı xeyli azdır. Vəkillərə təzyiq presedentsiz hal alıb. Hakimiyyətin cəmiyyət, gənc nəsil qarşısında qorxusu var. Eyni zamanda qorxutmaq istəyi də güclüdür. Heç bir dialoq, heç bir güzəşt istəmirlər. Ancaq əzmək, həbs etmək istəyirlər. İkincisi də, böyük maliyyə vəsaitləri olan hakimiyyət hər şeyi pulla ala biləcəyini ehtimal edir. Beynəlxalq ictimaiyyətə münasibətdə də bu fikirdədirlər».

«ÖLKƏMİZDƏ SOSİAL SFERADA BÖYÜK NAİLİYYƏTLƏR ƏLDƏ OLUNUB»

«Yeni Azərbaycan» qəzetində Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyevin müsahibəsi dərc olunub. Deputat bildirib ki, müstəqilliyinin bərpa olunmasından sonra Azərbaycanda əhalinin sosial rifahı dövlət siyasətinin prioritetlərindən biridir:

«Ulu öndər Heydər Əliyev ölkənin daxili siyasi kursunu müəyyənləşdirərkən sosial siyasətə,
Musa Quliyev
Musa Quliyev
xüsusən sosial müdafiə sahəsinə böyük diqqət ayırdı və sosial siyasəti ölkənin daxili siyasətinin prioritet istiqaməti kimi müəyyən etdi. ​Müstəqilliyimizin ilk 10 ili ölkədə iqtisadi, siyasi sabitliyin təmin olunmasına, iqtisadi tənəzzülün aradan qaldırılmasına, islahatların aparılmasına, özəlləşdirmə həyata keçirilməsinə həsr olundu. 2000-ci illərin əvvəlindən isə inkişaf prosesi başladı».

«BAŞ NAZİRİN TƏMİNAT MƏKTUBU»

«Bizim yol» qəzeti yazır ki, son 5 ildə Azərbaycanda kütləvi tədbirlərin keçirilməsinə birmənalı qadağa qoyulub. Hakimiyyətə ünvanlanan ən kəskin tənqidlər belə bu qadağanın aradan götürülməsinə səbəb ola bilmir.

Azərbaycanın «Eurovision» beynəlxalq mahnı yarışmasına ev sahibliyi edəcəyi məlum olandan sonra hakimiyyətin yuxarıda qeyd olunan qadağaları bir daha gündəmə gəldi.

Çünki müsabiqə keçirilən ölkədə dünyanın müxtəlif yerlərindən gələn turistlərin, cinsi azlıqların müxtəlif kütləvi tədbirləri, küçə yürüşləri keçirilir. Hökumətin indiki qadağalar şəraitində onlara şərait yaradıb-yaratmayacağı ciddi sual olaraq qalırdı. ​
Artur Rəsizadə
Artur Rəsizadə
Baş nazir Artur Rəsizadə Azərbaycan hakimiyyəti adından xaricdən gələn turistlərə bütün şəraitin yaradılacağını, təhlükəsizliyin təmin olunacağını, viza rejiminin sadələşdiriləcəyini vəd edib.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı hakimiyyətin səmimiliyinə inanmır:

«Hesab edirlər ki, yalanlarını xaricilərə qəbul etdirəcəklər. Baş nazirin məktubda təminat verdiyi məsələlərə nə dərəcədə əməl olunub-olunmayacağını zaman göstərəcək. Beynəlxalq təşkilatlarda Azərbaycanın adı sərbəst toplaşmaq azadlığını məhdudlaşdıran, ifadə azadlığını pozan, söz azadlığına qarşı olan ölkələrin siyahısında yer alır».

Politoloq İlqar Məmmədov isə qəzetə bildirib ki, bunun ardınca ikinci addım da atılmalıdır: «Biz hökumətin ikinci addımı atmasını və sərbəst toplaşma azadlığının təmin edilməsini tələb edirik».
XS
SM
MD
LG