Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:40

Avro-2012 – Azərbaycan yığması qrupda sonuncu olmadı


Avro-2012-nin seçmə mərhələsində qrup oyunları. Azərbaycan Türkiyə oyunu
Avro-2012-nin seçmə mərhələsində qrup oyunları. Azərbaycan Türkiyə oyunu
Avro-2012-nin seçmə mərhələsində qrup oyunları başa çatdı. A qrupunda yarışan Azərbaycan milli komandası 6 yığma arasında 5-ci yeri tutdu. 10 oyundan ikisini qələbə, 1-ni heç-heçə ilə başa vuran yığma 7 dəfə meydanı məğlub tərk etdi. Rəqib qapısından 10 qol keçirdi, öz qapısından isə 26 top buraxdı.

Azərbaycan ilk dəfə seçmə mərhələ oyunlarında iki qələbə qazandı. (Türkiyəni 1:0, Qazaxıstanı 3:2 hesabı ilə məğlub etdi). İlk dəfə 7 xal topladı və qrupda sonuncu olmadı. 6 komanda arasında 5-ci oldu. Bütövlükdə isə Azərbaycan yığması əvvəlki illərdə olduğu kimi uğursuz çıxış etdi. Bunu həm futbol mütəxəssisləri, həm də azarkeşlər deyir.

«AZƏRBAYCAN ƏN PİS OYUNLARINI OYNADI»

Azərbaycan futbolunun veteranlarından olan futbol şərhçisi Çingiz İsmayılov deyir ki, bu mərhələdə yığmanın oyunlarında irəliləyiş görmədi:

«Azərbaycan yığma komandasının bu ilk çıxışını qənaətbəxş hesab etmək olmaz. 7 xal topladı. 2-3 mövsüm bundan əvvəl Estoniya, Moldova, Ermənistan və digər komandalar Azərbaycan millisindən də az xal toplamışdılar. İndi bu komandaların uğurlu çıxışını gördük. Azərbaycan yığma komandası isə futbolda əsas olan sürətdə, iradəlilikdə, dözümlülükdə özünün ən pis oyunlarını göstərdi. Komandada iradəli oyun görmədik».

Çingiz İsmayılov
Çingiz İsmayılov
«Futbol plyus» qəzetinin şərhçisi Sərxan Musayev isə deyir ki, Azərbaycan yığması indiyə qədər 5 xal həddini aşa bilməmişdi. Ona görə 7 xal qazanması ilkdir:
«Bu seçmə mərhələlər tarixində rekord nəticəmizdir. İndiyə qədər 5 xal səddini aşa bilməmişdik. Ancaq indi 7 xal qazana bilmişik. Qol vurmaq baxımından da digər seçmə mərhələlərdən daha yaxşı nəticə göstərmişik. İndiyə qədər rəqib qapılarından 10 qol keçirə bilməmişdik. Ancaq təəssüf ki, müdafiəmiz çox bərbad çıxış edib. 26 top buraxmışıq. İstənilən halda bu nəticə tarixdə qalır və bunu qismən uğurlu saymaq olar».

AZƏRBAYCAN 7, ERMƏNİSTAN 17 XAL YIĞDI

Azərbaycanın futbol azarkeşləri yığmanı ev oyunlarında tək qoymamışdılar. Azarkeşlər Bakıda keçirilən bütün oyunlarda baş stadionu doldurmağa çalışmışdılar. Azarkeşlərdən bir neçəsinin millinin oyunlarına verdiyi qiymət isə belədir:

- Qrup mərhələsi oyunlarında Azərbaycanın oyunlarını çox pis qiymətləndirirəm. İndi çoxları 7 xal toplamağı uğur sayır, ancaq bu hesablanma meyarı deyil. Bu xalları kimdən almışıq? Belçika və Qazaxıstandan. Türkiyəyə qalib gəlməyi isə təsadüfi sayıram. Həmişə başqası ilə müqayisə etməliyik. Mənim üçün ən yaxşı göstərici Ermənistan oldu. Biz 7 xal topladığımız halda Ermənistan 17 xal topladı və son oyuna qədər seçmə mərhələyə çıxa bilərdi. Baş məşqçiyə və xarici oyunçulara xərclənən vəsaiti nəzərə alsaq, bu nəticə biabırçılıqdır.

- Azərbaycan futbolunun hazırkı səviyyəsi çox aşağıdır. Komanda hücum qura bilmir, ancaq müdafiə olunur. Müdafiə olunanda isə qələbə haqqında fikirləşmək olmaz.

- Məncə Azərbaycan komandası yaxşı oynadı, məncə komanda güclənib.

- İstədiyimiz nəticələri əldə edə bilərik. Komanda buna doğru gedir.

- Hər şey ola bilər, ancaq biz komandamıza həmişə dəstək olmalıyıq.

Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts
Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts
«ÇOXLU SƏHVLƏRƏ YOL VERDİK»

Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts isə sentyabrın 11-də Türkiyə ilə keçirilən sonuncu oyundan sonra keçirdiyi mətbuat konfransında yığmanın seçmə mərhələsindəki oyunlarından razı qalmadığını bildirib. Baş məşqçi öz qiymətini belə verib: «Çoxlu səhvlərə yol verdik».

Yığmanın qapıçısı Kamran Ağayev isə deyir ki, əvvəlki mərhələlərlə müqayisə olunanda komanda bu dəfə elə də aşağı səviyyədə oynamayıb. Qapıçı deyir ki, ancaq bundan da yaxşı oynamaq olardı:

«ƏLİMİZDƏN GƏLƏN BU İDİ»

«Əlimizdən gələn bu idi. Məğlubiyyətlərimiz çox oldu. Gərək biz ev oyunlarını uduzmayardıq. Nə olursa, olsun, gərək evdə yaxşı oynayaydıq. Səbəb də odur ki, biz ustalıq baxımından həmin komandalardan çox geridəyik. Şəxsən mən Bakıdakı məğlubiyyətlərə görə xalqdan üzr istəyirəm. Demək olar ki, heç nə edə bilmədik. Bizə lazım idi gedək Avropada oynayaq. Xal toplamağı uğur saymaq olmaz. Boynuna medal taxıb gəlirsənsə, uğur budur».

«Futbol plyus» qəzetinin şərhçisi Sərxan Musayev Azərbaycan yığmasının gələcəyi haqqında bədbin deyil. Deyir ki, komandanın indiki vəziyyəti bir neçə il bundan əvvəlkindən fərqlənirsə, irəliləyiş var. Futbol şərhçisi Çingiz İsmayılov isə deyir ki, Azərbaycan futbolu o vaxt inkişaf edəcək ki, ölkədə yeniyetmə və gənclər komandaları güclənəcək: «Belə olmasa, bundan da betər olacaq».

Azərbaycan yığmasının qrup cədvəlindəki yeri:

Almaniya 10 10 0 0 34-7 30
Türkiyə 10 5 2 3 13-11 17
Belçika 10 4 3 3 21-15 15
Avstriya 10 3 3 4 16-17 12
Azərbaycan 10 2 1 7 10-26 7
Qazaxıstan 10 1 1 8 6-24 4
XS
SM
MD
LG