Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:40

İlham Əliyev: “3-cü dəfə prezidentliyə namizəd olmağa qərar verməmişəm”


Prezident İlham Əliyev Əl-Cəzirə Televiziya kanalının müxbiri Devid Frosta müsahibə verir.
Prezident İlham Əliyev Əl-Cəzirə Televiziya kanalının müxbiri Devid Frosta müsahibə verir.

  • İLHAM ƏLIYEV 3-CÜ DƏFƏ PREZIDENT SEÇKISINDƏ IŞTIRAK ETMƏYƏ BILƏR?

Azərbaycan prezidenti İlham Əliyev üçüncü dövr üçün prezident seçkisində iştirak edib-etməmək barədə hələlik qərar vermədiyini deyir. Prezident “Aljazeera” televiziyasına müsahibəsində bildirir ki, üçüncü dəfə prezident seçkisinə qoşulub-qoşulmaması xalqın onun gördüyü işlərə verəcəyi qiymətdən və ona dəstəyinin səviyyəsindən asılı olacaq.

Azərbaycanda növbəti prezident seçkisi 2013-cü ildə olacaq. 2008-ci ildə ikinci dəfə prezident seçiləndən az sonra – 2009-cu ildə keçirilən referendumda ölkənin Konstitusiyası dəyişdirilib. Yeni dəyişikliklə İlham Əliyev üçüncü dəfə də prezident seçkisində iştirak edə bilər. O zaman müxalifət bunu dövlət başçısının ömürülük prezident olmaq cəhdi kimi qiymətləndirərək referendumu boykot etmişdi.
  • PREZIDENTDƏN MÜXALIFƏTƏ ITTIHAMLAR: “20 ILDIR KÜRSÜDƏN ƏL ÇƏKMIRLƏR”

“Aljazeera” televiziyasına müsahibəsində İlham Əliyev əksinə siyasi rəqiblərini 20 il eyni kürsüdə oturub ondan əl çəkməməkdə ittiham edib: “Müxalifətin çox zəif olması faktı bizim günahımız deyil. Biz onlara məhdudiyyət qoymuruq. Amma son illər ərzində Azərbaycanda görülən işlər sadəcə olaraq onların fəaliyyət meydanını daraldır. Çünki onların mübahisə aparması üçün ciddi heç nə yoxdur.

Ən vacib məsələ - Dağlıq Qarabağ məsələsində bizim hökumət milli maraqlarımızın ən güclü müdafiəçisidir. Bizə bəzən belə məlumatlar gəlib çatır ki, bəzi müxalifət liderləri bəzi xarici nümayəndələrlə şəxsi ünsiyyətləri zamanı, beynəlxalq qüvvələrin onları dəstəkləyəcəyi halda, Dağlıq Qarabağı Ermənistana vermək, təslim etmək niyyətlərini ifadə edirlər.

Son bir neçə il ərzində iqtisadi sahədə biz inanılmaz nəticələr əldə etmişik. Buna görə də, onlar üçün mübahisə aparmağa heç nə qalmayıb.

Son 7 ildə ÜDM-in artımı 300 faiz olub - 3 dəfə. Bu səbəbdən müxalifət nə barədə mübahisə edə bilər? Əlbəttə ki, çatışmazlıqlar da vardır. Ancaq hökumət nə qədər yaxşı işləsə, təbii ki, müxalifətin də manevr etmək üçün daha az imkanı qalır.

Buna görə də, yeni Azərbaycanda özlərinə necə yer tapmaq onların öz işidir. Əfsuslar olsun ki, bugünkü müxalifətə rəhbərlik edənlər 1992-1993-cü illərdə ölkəni vətəndaş müharibəsinə aparan insanlardır. Eyni liderlər 20 ildir ki, eyni vəzifədə oturublar və istefa vermək istəmirlər.


Müsahibənin “Aljazeera”nın saytında yayılan videosu


  • PREZIDENTDƏN QƏRBƏ ITTIHAM: “NIYƏ BÜTÜN DIQQƏT TƏKCƏ AZƏRBAYCANIN ÜZƏRINDƏ CƏMLƏŞIB?”

“Aljazeera” televiziyası prezidentdən müsahibəni oktyabrın 11-də alsa da söhbət oktyabrın 16-da telekanalın saytında yayılıb. Həm də telekanal müsahibəni qısa ixtisarla yayıb. AzərTAc dövlət informasiya agentliyi və AzTv isə müsahibənin daha geniş variantda mətnini və videotərcüməsini yayıblar. (Müsahibənin Azərtag agentliyi tərəfindən yayılan geniş mətni ilə burada tanış ola bilərsiniz.)

Hələlik bu müsahibədə səslənən ittihamlarla bağlı müxalifət liderlərinin münasibəti məlum deyil.

Azərbaycanda insan haqlarının pozulması işgəncələr barədə beynəlxalq təşkilatların tənqidləri mövzusunda suala cavabında prezident bildirib ki, bu cür tənqidlər də Qərbin ikili standartlarla yanaşmasının nəticəsidir: “Əfsuslar olsun ki, 2008-ci ilin martında hakimiyyətin dinc etirazçıları, ordunun isə 10-dan çox insanı öldürdüyü və bir çox siyasətçinin həbs edildiyi qonşu Ermənistan ilə bağlı Avropa Parlamenti heç vaxt belə bir qətnamə qəbul etməyib. Niyə?

Çox güman ki, Avropa ölkələrində mövcud olan güclü erməni lobbisinə görə. Ancaq Azərbaycanda az əhəmiyyətli hansısa bir epizod baş verdikdə onların bəziləri bu məsələni şişirtməyə çalışır. Cənubi Qafqazın bütün ölkələrinə münasibətdə vahid, standart siyasət olmalıdır, istər həll edilməmiş münaqişələr olsun, istərsə də demokratik inkişaf.

Əfsuslar olsun ki, Azərbaycana hücumlar etmək, ölkəmizi nüfuzdan salmağa çalışmaq və məsələləri tamamilə yanlış yöndə təqdim etmək beynəlxalq təşkilatlardakı bəzi dairələrin gündəliyində duran məsələlərdir. Bir daha deyirəm ki, bu, bizə təsir etmir. Bəlkə cüzi qıcıqlandırır. Amma inanın ki, biz bunlarsız da keçinə bilərik, həm də çox uğurla yaşaya bilərik...

Nə üçün Cənubi Qafqazda, qonşuluqda, doğrudan da, narahatlıq doğuran hadisələrə deyil, yalnız Azərbaycana diqqət yetirilir? Nə üçün bütün diqqət Azərbaycanın üzərində cəmləşib?”

  • QARABAĞ ÜÇÜN BAKININ ŞƏRTLƏRI
İlham Əliyev müsahibəsində bir daha qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi bu regionun ən təhlükəli münaqişəsidir və hazırda atəşkəs olsa da təmas xəttində heç nəyi istisna etmək olmaz: “Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır, erməni silahlı qüvvələri bütün işğal olunmuş ərazilərimizdən çıxarılmalı, azərbaycanlıların öz ata-baba yurdlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmaq hüququ olmalıdır. Dağlıq Qarabağa muxtariyyət statusu verilə bilər. Dünyada və Avropada muxtariyyətlərin yaxşı nümunələri vardır. Təmas xəttindəki vəziyyətə gəldikdə isə, burada vəziyyət çox kövrəkdir. Faktiki olaraq sülh yoxdur.”
XS
SM
MD
LG