Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:35

Kanalizasiyaya ayrılan pullar hara axıdılır?


Kanalizasiya lyuku
Kanalizasiya lyuku
«Bir az yağış, qar yağan kimi şəhər iflic vəziyyətə düşür. Bu ölkə qara-borana hazır deyil. Rəsmilər isə yalnız vədlər verirlər».

«BAKI YAĞIŞ, QAR QARŞISINDA ACİZDİR»

59 yaşlı Bakı sakini Emin Quliyev bir neçə gün əvvəl paytaxta yağan ilk qar zamanı şəhərdə yaranan vəziyyətdən danışır. Bir çox Bakı sakinləri kimi, noyabrda qar yağacağını gözləmədiyini deyən Emin Quliyev heç paytaxtın da qarı gözləmədiyi qənaətindədir:

«Eh, hələ Bakının mərkəzində vəziyyət yaxşıdır. Bakıətrafı qəsəbə və kəndlərdə palçıq-zığ əlindən addım atmaq belə mümkün deyil. Elə hey televiziyada eşidirsən ki, yeni kanalizasiya xətlərinin çəkilməsi və təmiri üçün milyonlarla manat ayrılır. Amma Bakı yağışın, qarın qarşısında acizdir. Çünki heç bir kanalizasiya xətləri işləmir. Köhnə kanalizasiya xətlərinin üstünü asfaltlayıb keçirlər. Bu sahəyə ayrılmış vəsaiti isə mənimsəyirlər».

BAKI-ÇAYLAR YURDU

Bakıya və respublikanın bəzi regionlarına noyabrın 6-dan 7-nə keçən gecə ilk qar yağıb. Ayın 7-də Bakının bir çox yerlərində, o cümlədən mərkəzi küçələrində gölməçələr yaranmışdı, yolların kənarı ilə su axırdı. Bakı sakini Rəşad Hüseynzadə deyir ki, öz dostları ilə Bakıya «Çaylar yurdu» adını veriblər:

«Bakı odlar yox, çaylar yurdudur. Bir az yağış yağdı, küçə və prospektlərdən çaylar axır. Bəzi yerlərdə kanalizasiya qovşaqları qapaqları atılıb, bayıra su vurur. Qar yağan günü mən özüm şahidi oldum, hətta şəhərin mərkəzində - İqtisad Universitetinin qarşısındakı kanalizasiya qovşağı suyu əksinə-bayıra vururdu».

Köhnə kanalizasiya xətlərinin üstünü asfaltlayıb keçirlər
Köhnə kanalizasiya xətlərinin üstünü asfaltlayıb keçirlər
BAKININ 10 FAİZİNDƏ YAĞIŞ KANALİZASİYASI İŞLƏYİR

«AzərSu» ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Bakıda yaranan problemləri paytaxtda yağış suları üçün barmaqlıqların olmaması ilə izah edir. O ki, qaldı evlərin su altında qalmasına, Anar Cəbrayıllı deyir ki, bu məsələnin onlara aidiyyəti yoxdur:

«Əsasən gölməçələr yağış barmaqlıqları olmayan küçələrdə yarandı. Hazırda Bakı şəhərindəki küçə və prospektlərin cəmi 10 faizində yağış barmaqlıqları var. O da əsasən şəhərin mərkəzindəki – H.Əliyev, Nobel, Neftçilər, Parlament prospektlərində, Rəşid Behbudov küçəsindədir. Həmin küçə və prospektlərdə yağış və qar suyu problem yaratmadı. Yağış barmaqlıqları olmayan küçələrdə isə su yığılıb gölməçə yaratdı. Həmin yollar salınarkən aidiyyəti qurumlar yağış barmaqlıqlarını unudublar. «Azərsu» hökumətə indən sonra salınacaq yeni küçə və prospektlərdə paralel şəkildə yağış barmaqlıqlarının qoyulması ilə bağlı təkliflər paketi göndərib. Qəbul edilsə, bütün küçə və prospektlərdə yağış üçün barmaq kanalizasiyalar qoyulacaq».

Anar Cəbrayıllı onu da bildirdi ki, hazırda Həsən Əliyev küçəsi boyunca yağış və çirkab sularının daşınması üçün böyük bir kollektor çəkilir. Dərnəgül-Qaraçuxur istiqamətində də yeni kollektorun tikilməsi nəzərdə tutulur.

«VƏTƏNDAŞ KEYFİYYƏTLİ XİDMƏT TƏLƏB EDİR»

Rövşən Ağayev
Rövşən Ağayev
İqtisadçı ekspert Rövşən Ağayev təkcə 2011-ci il üçün «Azərsu» ASC-yə ümumilikdə 400 milyon manat vəsait ayrıldığını vurğulayır. Deyir ki, ayrılan büdcə vəsaitlərinin nə qədər səmərəli xərcləndiyini yağan qarın yaratdığı fəsadlar əyani sübut edir. O, ümumilikdə investisiya xərclərinin 80-85 faizinin Bakıya ayrıldığını qeyd edir:

«Büdcədən ayrılan vəsaitdən əlavə «Azərsu» vətəndaşlardan xidmət haqqı yığır, Dünya Bankından və digər beynəlxalq təşkilatlardan maliyyə yardımı alır. Bu qədər vəsait qarşılığında «Azərsu» yaranmış problemi hansısa səbəblərlə izah etməsi əsassızdır. Vətəndaş pulunu verir, keyfiyyətli xidmət tələb edir. Lap deyək, mərkəzi küçələrdə yolları çəkən hansısa podratçı şirkət yağış barmaqlıqları nəzərə almayıb. Bəs, Bakıətrafı qəsəbə və kəndlərdə yaranan problemin günahkarı kimdir?».

Rövşən Ağayev hesab edir ki, problemin yeganə həll yolu Azərbaycanda da bir çox xarici ölkələrdə olduğu kimi kommunal sahənin özəl şirkətlərin idarəsinə verilməsidir.
XS
SM
MD
LG