Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:44

Milli Məclisdə Rafiq Əliyevin işdən çıxarılması müzakirə edilib


Rafiq Əliyev (Foto: Əhməd Muxtar)
Rafiq Əliyev (Foto: Əhməd Muxtar)
«Hansısa bir kafedra müdirinin işdən çıxarılması Milli Məclisdə müzakirə olunan məsələ deyil. Bu cür xırda məsələlərin parlamentdə müzakirəyə çıxarılması gülüncdür. Azərbaycanda onlarla ali məktəb, yüzlərlə kafedralar var. Belə məsələlər elmi şuralarda müzakirə olunmalıdır».

Bunu parlamentdəki çıxışı zamanı hakim Yeni Azərbaycan Partiyasından olan deputat Aydın Mirzəzadə dedi. Ondan əvvəl isə deputat həmkarı İqbal Ağazadə söz alaraq Rafiq Əliyevin Azərbaycan Dövlət Neft Akademiyasında kafedra müdüri vəzifəsindən kənarlaşdırılması məsələsini qaldırmışdı.

«PARLAMENT TƏCİLİ OLARAQ ADNA REKTORUNUN BU YANLIŞINI DÜZƏLTMƏLİDİR»

Milli Məclis noyabrın 15-də keçirilən iclasında «Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında» Konstitusiya qanununu layihəsini müzakirə edərkən bəzi deputatlar professor Rafiq Əliyevin vəzifəsindən çıxarılmasına etiraz ediblər. İlk olaraq İqbal Ağazadə dedi ki, Rafiq Əliyev dünyada tanınmış alimdir. Ölkə, eləcə də parlament rəhbərliyi təcili olaraq ADNA rektorunun bu yanlışını düzəltməlidir. İqbal Ağazadənin fikrincə, Rafiq Əliyevin işinə bərpa olunması üçün rektora müraciət edilməlidir.

Deputat Fazil Mustafa isə bildirdi ki, kim hakimiyyəti tənqid edirsə, onu dövlətçiliyə qarşı çıxmış sayırlar. Onun fikrincə isə ziyalılara bu münasibət bumeranq kimi geri qayıdacaq:

Fazil Mustafa
Fazil Mustafa
«Necə demək olar ki, Rafiq Əliyev, Rüstəm İbrahimbəyov, Cəmil Həsənli ziyalı deyil? Mövqeyini qəbul etməmək, tənqid etmək olar. Hamının fikirləri üst-üstə düşməz. Bu normaldır. Amma belə bir adamın kafedra müdirliyindən çıxarılması, adi məsələ deyil. Bu gün bizim deputat həmkarlarımızın bir çoxu ayrı-ayrı universitetlərdə kafedra müdiridir. Sabah növbə onlara da çata bilər. Əmək intizamını pozma ittihamı ilə dünya şöhrətli bir alimi işdən çıxartmaq məncə, yanlış bir addımdır. Bu yanlışın düzəldilməsi ona görə vacibdir ki, alim, ziyalı heç olmasa məsxərəyə qoyulmasın. Deyilsin ki, çıxartmışıq əcəb etmişik. Yoxsa əmək intizamını pozub deyərək alimi aşağılamaq yanlışdır. Dünya arenasına çıxa bilməyən adamların bu gün ziyalıları, ayrı –ayrı adamları aşağılamasını mən yanlış hesab edirəm».

Fazil Mustafadan sonra isə bu məsələyə əks reaksiyanı isə iqtidar yönlü Ana Vətən Partiyasından olan deputat Zahid Oruc verdi. O bildirdi ki, hakimiyyət ziyalılara həmişə böyük diqqətlə yanaşır. Rafiq Əliyevin özünə müəllim hesab etdiyi Lütfü Zadəni bu ölkə böyük şəxsiyyət kimi qəbul etdir. Daha sonra deputat belə bir sual səsləndirdi. Nədən indi Rafiq Əliyevin cəbhəsinə sığınaraq hakimiyyətə ən müxtəlif hücumlar sərgiləyənlər, o dövrdə Lütfü Zadənin bu qədər yüksək qiymətləndirilməsinə görə Azərbaycan dövlətinin ünvanına xoş sözlər demədilər?

«DEYİRLƏR Kİ, BU ZİYALINI ƏLƏ ALMAQ, SARAY ZİYALISI YARATMAQDIR»

Zahid Oruc
Zahid Oruc
Zahid Oruc:

«On minlərlə ziyalı ordenlə, medalla təltif edilir. Deyirlər ki, bu ziyalını ələ almaq, saray ziyalısı yaratmaqdır. Ev, sosial imtiyazlar verəndə, ədəbi yaradıcılığını qiymətləndirəndə, bunu da hakimiyyətin həmin qüvvələri öz tərəfinə çəkmək cəhdi sayırlar. Dünyada ziyalıya münasibətdə hansı modellər varsa Azərbaycan dövləti onu göstərib. Ona görə mən hesab edirəm ki, istənilən bir məsələdə cəbhə açıb hakimiyyətə hücumlar təşkil etmək gərək deyil. Bəlkə də beynəlxalq miqyasda tanınmasına rəğmən Rafiq Əliyevə daha dözümlü münasibət ola bilərdi. Bu aydın məsələdir. Amma doğrudanmı bu adamlar Rafiq Əliyevi bu qədər çox istəyirlər? Mən buna şübhə edirəm».

«BİZ İNSANLARI ÜZƏ ÇIXARDIB BİR AZ DA QƏHRƏMAN EDİRİK»

Belə getsə bu söhbətin uzanacağını görən spiker Oqtay Əsədov deputatları müzakirəyə çıxarılan qanun layihəsindən danışmağa çağırdı. O deputat Aydın Mirzəzadə ilə razı olduğunu bildirərək bunları əlavə etdi:

«Həqiqətən də Rafiq Əliyev və ya digər bir nəfər haqqında belə debatlar açmaqla biz insanları üzə çıxardıb bir az da qəhrəman edirik».

Rafiq Əliyev vəzifəsindən ötən həftə kənarlaşdırılıb. Bu barədə ona təqdim olunan qərarda əmək müqaviləsinə əsasən üzərinə götürmüş olduğu öhdəlikləri yerinə yetirməməsi səbəb kimi qeyd olunub.
XS
SM
MD
LG