Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:42

Mehman Əliyev: «Bu qətllə cəmiyyətdə özünü senzuranı gücləndirmək istəyirlər»


Mehman Əliyev
Mehman Əliyev
«Yazıçı Rafiq Tağının ölümünə hakimiyyətin münasibəti çox böyük şübhələr yaradır. Məncə, bu hakimiyyət dairələrinə bağlı məsələdir».

SİYASİ QƏTL, YOXSA KRİMİNAL

«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev belə düşünür.

«Onun ölümü ölkədəki durumla bağlıdır. Konkret olaraq azad sözə, mediaya qarşı durumla bağlıdır. Yəni bu ölkədə azad sözü deyənləri sevmirlər. Onları təqib edirlər, sıxışdırırlar, döyürlər... Ona görə də ölümün səbəbini birinci növbədə burda axtarmaq lazımdır».

Prezident Administrasiyasında ictimai-siyasi şöbənin müdiri Əli Həsənov isə Rafiq Tağının qətlinin siyasi, ictimai qətl olmasını düşünmür. O «Mediaforum» saytına deyib:

«Rafiq Tağı kimə qarşı ictimai-siyasi fəaliyyət göstərirdi, qəsd edirdi ki, ona qarşı da belə bir qəsd olunsun? İstənilən halda bu, bir kriminaldır. Amma bu kriminalı kimin, niyə, hansı məqsədlə etdiyi araşdırılmalıdır, aydınlaşmalıdır».

Əli Həsənov isə deyir ki, Azərbaycan hakimiyyəti kimliyindən, hansı vəzifə və mövqe tutmasından asılı olmayaraq istənilən vətəndaşa qarşı törədilən qəsdin, terrorun açılmasında maraqlı olub və bunu təmin edib: «Amma konkret olaraq Rafiq Tağıyla bağlı işi fərdiləşdirmirik».

«SANKİ HAMI İSTƏYİRDİ Kİ, O ÖLSÜN... BELƏ DƏ OLDU»

Mehman Əliyevsə ona diqqət çəkir ki, jurnalistin bıçaqlanmasına rəsmi mətbuatın və dövlət qurumlarının etinasızlığı, bu hadisəni görməməzliyə qoyması şübhələrə yol açır:

«Niyə onu reanimasiyadan adi palataya keçirmişdilər? Niyə ona yemək yeməyə imkan vermişdilər? Onun təhlükəsizliyini təmin etmək üçün mühafizə yox idi. Bunlar hamısı sual doğurur axı. Sanki hamı istəyirdi ki, o, ölsün. Belə də oldu... Və dəfnində nə dövlət strukturları iştirak elədi, nə Mətbuat Şurası, nə başqa strukturlar. Bəs bunlar hamısı nədir? Azərbaycanda tanınmış publisist öldürülüb. Dövlətin münasibətini gördük. Onun qatilləri də tapılmayacaq, biz bunu bilirik. Bu o dairələrin marağındadır ki, cəmiyyətdə xof yaratmaq, jurnalistlərdə özünü senzuranı gücləndirmək istəyirlər».

«BU İŞİN TƏŞKİLATÇILARI VƏ İCRAÇILARI TAPILIB CƏZALANDIRILACAQ»

Bahar Muradova
Bahar Muradova
Milli Məclisin vitse spikeri Bahar Muradova AzadlıqRadiosuna belə deyir:

«İstər Rafiq Tağı olsun, istər qeyrisi olsun, şəxsiyyət əleyhinə yönələn bütün cinayətlər təəssüf doğurur. Mən hesab edirəm ki, hüquq-mühafizə orqanları bu işin təşkilatçılarını və icraçılarını mütləq tapıb cəzalandıracaqlar».

Amma maraqlıdır ki, Rafiq Tağının bıçaqlanmasından az qala bir həftə, ölümündən 3 gün ötsə də, rəsmilər baş verənlərə münasibət bildirməyiblər. Altı il öncə jurnalist Elmar Hüseynov qətlə yetiriləndə buna prezident İlham Əliyev səviyyəsində münasibət bildirilmişdi. Qətlin üstünün açılması üçün ABŞ-dan və Türkiyədən mütəxəssislər dəvət edilmişdi. Bu dəfə niyə belə reaksiya verilmədi?

Bahar Muradovanın cavabı:

- Bilirsiniz, Azərbaycan rəsmilərinin, bütövlükdə Azərbaycan dövlətinin bu məsələlərə münasibəti birmənalıdır. Mən söylədiyim kimi istənilən şəxsin həyatına təhlükə törədən bütün əməllər pislənir və qanunla, hüquqla onun qarşısı alınmalıdır. Rəsmilərin də mövqeyi yalnız belə ola bilər. Mən heç istəməzdim ki, belə məqamda bu məsələlər siyasiləşdirilsin. Məsələnin mahiyyəti kənarda qalsın, ona siyasi don geyindirilsin.

- Amma şübhə edənlər var ki, qatillər tapılmayacaq. Misal kimi göstərirlər ki, Elmar Hüseynovun qatili də tapılmadı.

- Tapılanlar var axı. İndi birininki tapılmayıbsa, bu o demək deyil ki, ondan sonra baş verən cinayətlərin qatili tapılmayacaq. Məncə, hüquq-mühafizə orqanları üzərlərinə düşən vəzifəni maksimum səylə yerinə yetirəcəklər.

İRAN BARMAĞI VARMI?

Rafiq Tağı
Rafiq Tağı
Bu qətldə İran barmağı axtaranlar da var. Elə mərhum yazar özü də mətbuata açıqlamasında bunu istisna etməmişdi. Amma Mehman Əliyev bu versiyanı qətiyyətlə rədd edir. Bahar Muradova isə bu haqda versiyaları nə təsdiq, nə də təkzib edir. «Bunu təhqiqat deyəcək» söyləyir. O həmçinin bu qətldən sonra islam əleyhinə kəskin çıxışları da yaxşı qarşılamır:

«İslam adına, din adına, «Allahu Əkbər» deyib terror törədənləri də qəbul etmirəm, belə hadisələrdən sonra haqsız olaraq çıxış edənlərə də qarşıyam. Ona görə deyirəm ki, bu məsələnin tam mahiyyəti açılmadan, hüquq-mühafizə orqanlarının qoyacağı nəticə bəlli olmadan fikir demək düz deyil. O insanları çaşdırıb başqa ünvanlara apara bilər».

Noyabrın 19-da Rafiq Tağını naməlum şəxs bıçaqlamışdı. O altı bıçaq yarası alsa da, əməliyyatdan sağ çıxa bilmişdi. Noyabrın 23-dəsə yazar xəstəxanada qəflətən keçindi.
Hüquq-mühafizə orqanları bu bıçaqlama hadisəsi ilə bağlı indilik heç bir versiya irəli sürməyiblər.

Rafiq Tağı həm hakimiyyət, həm İran rejimi əleyhinə tənqidi yazılarla tanınır.
XS
SM
MD
LG