Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:30

Putin seçkiləri «çox çətin vaxtda əla nəticə» adlandırır


Rusiyada bazar günü keçirilmiş parlament seçkilərində hakim Vahid Rusiya Partiyası qalib gəlsə də, əvvəlki nəticələrini pisləşdirib.

Artıq səslərin 96 faizi sayılıb. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hakim partiya 49,5 faiz səs toplayıb. 2007-ci illə müqayisədə hakim partiya xeyli səs itirib. 2007-ci ildə keçirilən seçkilərdə Vahid Rusiya 64 faiz səs yığmışdı.

Bununla belə hakim partiya parlamentdə çoxluğu əlində saxlayacaq. Bu partiya parlamentdə 238 mandata sahib olacaq. İkinci yerdə olan Kommunist Partiyası 93, Ədalətli Rusiya Partiyası 64, Vladimir Zhirinovskynin milliyyətçi Liberal Demokrat Partiyası 40 mandata sahib olacaq.

Bu nəticələr dövlətin exit poll həyata keçirən təşkilatının seçkinin nəticələrini açıqlamamışdan əvvəl yaydığı məlumatlarla demək olar ki, üs-üstə düşür.

Seçkilərdə iştirak etmiş 3 partiya – Yabloko, Pravoe Delo və Rusiya Vətənpərvərləri partiyaları 7 faizlik baryeri aşa bilməyiblər.

Vahid Rusiya Partiyası isə Dumada malik olduğu üçdə iki səs çoxluğunu itirib. Əvvəl bu partiya parlamentdəki 450 yerdən 315-ə nəzarət edirdi.

SEÇKİLƏRDƏN SONRA İLK AÇIQLAMASINDA BAŞ NAZİR VLADİMİR PUTİN ÖZÜNÜ MƏĞRUR GÖSTƏRMƏYƏ ÇALIŞIB


O, seçkilərin nəticələrini “çox çətin vaxtda əla nəticə” adlandırıb:

“Bu nəticələrə əsaslanaraq biz ölkəmizin sabit inkişafını təmin edə biləcəyik”.

Mart ayında keçiriləcək prezident seçkilərində qalib gələcəyi şübhə doğurmayan Putin Vahid Rusiyanın səslərinin azalmasına isə toxunmayıb. Yerini Putinə verəndən sonra baş nazir olacağı gözlənən prezident Dmitri Medvedev isə nəticələri şərh edərkən deyib ki, bu, Rusiyada demokratiyanın olmasını göstərir.

Rusiya prezidenti Dmitry Medvedev və baş nazir Vladimir Putin
Rusiya prezidenti Dmitry Medvedev və baş nazir Vladimir Putin
Başqa bir exit pol təşkilatı - İctimai Rəy Fondunun nəticələrinə görə isə Vahid Rusiya səslərin 46 faizini toplayıb. Bu da parlamentdə 220 yer deməkdir. Bu nəticə parlamentdə sadə səsə çoxluğu əldə etməyə belə kifayət etmir.

Kommunist deputat Sergei Obukhov deyib ki, “onlar hər şeyi təzədən yazsalar da fakt budur ki, Rusiyada yeni siyasi reallıq yarandı”. Kommunist Partiyasının lideri Gennady Zyuganov da bu əhval-ruhiyyəni bölüşür:

“Ölkəmizin vətəndaşları hakim partiyanın kursundan üz döndərib. İctimai rəyi sındırmaq cəhdlərinə baxmayaraq ölkə Vahid Rusiyanı dəstəkləməkdən imtina etdi. Bu partiya faktiki olaraq bütün şəhərlərdə məğlub oldu”.

VAHİD RUSİYA ÜÇÜN CİDDİ HƏYƏCAN TƏBİLİ


Moskvada yerləşən Siyasi Qiymətləndirmələr Mərkəzinin şərhçisi Pavel Salin deyir ki, nəticələr onu göstərir ki, cəmiyyət getdikcə daha inadkar olur:

“Bu, Vahid Rusiya üçün total məğlubiyyət olmasa da ciddi həyəcan təbilidir. Özü də təkcə partiya üçün yox, bütövlükdə hakimiyyət üçün. Cəmiyyətdə bir etiraz əhval-ruhiyyəsi formalaşıb. Bu əhval-ruhiyyədən müxalifət partiyaları istifadə edə bilər”.

Pavel Salin deyir ki, hakimiyyətə olan etirazlar yaxın illərdə azalmayacaq, əksinə, artacaq.

Moskvanın Triumfalnaya Meydanında müxalifətin icazəsiz mitinqində, Sank-Peterburqda və digər şəhərlərdə 350-dən çox adam həbs olunub. Onlar “bizim seçkilərimizi bizə qaytarın”, “ayıb olsun”, “biabırçılıq” kimi şüarlar səsləndiriblər.

MSK-nın məlumatına görə, səsvermədə seçicilərin 50 faizdən çox adam iştirak edib. 2007-ci ildə seçkidə iştirak edənlərin sayı bundan çox – 63, 71 faiz olub.

Müxalifət liderləri seçkilərdə kütləvi saxtakarlıqlar barədə məlumat veriblər.

Bu seçkilər gələn ilin martında keçiriləcək prezident seçkiləri ərəfəsində Vladimir Putin üçün ilk mühüm sınaq sayılır.
XS
SM
MD
LG