Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:27

«Maaşlarını 10 faiz artırmaq müəllimləri ələ salmaqdır»


«Müəllimlərin maaşlarını 10 faiz artırmaq onları ələ salmaqdan başqa bir şey deyil». Bunu Bakıdakı orta məktəblərdən birində rus dili müəllimi işləyən Nabatəli Pələngov deyir. O hesab edir ki, maaşların bu şəkildə artırılması faktiki olaraq korrupsiyanın dövlət tərəfindən stimullaşdırılmasıdır:

«GET, VALİDEYN HESABINA DOLAN»

«Bu cür maaş artımı müəllimləri lağa qoymaqdır. Maaşı 10 faiz artırmaqla hakimiyyət sanki müəllimə deyir ki, «get valideyn hesabına, şagirdə əl açmaqla bir təhər dolan». Bax, bu artımın anlamı budur. Əgər mənə maaş verən icra hakimiyyəti mənim əvəzimə utanmayacaqsa, maaşımı deyim: Mənə çox dərs vermirlər – cəmi 6 saat dərs veriblər və 73 manat alıram. Bu artımla mənim «oklad»ım əslində 157 manat etməlidir. Mən isə onun yarısını aldığım üçün bu edəcək təqribən 80 manat».

Nabatəli Pələngov deyir ki, əslində o özü repetitorluq etməklə, əlavə dərs deməklə heç də pis dolanmır. Amma yalnız dövlətin müəyyənləşdirdiyi və arada bir 10 faiz artırılan maaşla müəllim gündəlik ehtiyaclarını ödəyə bilməz. Çünki qiymətlər daha sürətlə artır.

BEŞ İLDƏ 50 FAİZƏ ÇATAN ARTIM

Dekabrın birindən müəllimlərin maaşı on faiz artırılıb. Həmin tarixdən metroda gediş haqqı, o cümlədən bir sıra kommunal xidmətlərin qiyməti də qaldırılıb. Müəllimlər hesab edirlər ki, maaşlarındakı on faizlik artım bazardakı qiymət artımı ilə nəinki ayaqlaşır, hətta ondan xeyli geri qalır.

Hadı Rəcəbli
Hadı Rəcəbli
Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə bunun əksini düşünür. Deyir ki, Azərbaycanda əmək haqqının artırılması ölçülüb biçilir, mövcud reallıqlara və gələcək perspektivlərə hesablanıb həyata keçirilir. Hər il belə artımlar olur və onların səviyyəsi beş ildə gəlib 50 faizə çatır:

«Bazardakı bahalaşma da təbiidir. Amma bunun faizinin əmək haqqının artımının faizindən aşağı olduğu da reallıqdır. 10 faiz əmək haqqı artıb, 5,8 faiz inflyasiya olub. Yəni bu baxımdan, artımın mütəmadi getdiyini nəzərə alsaq, bütövlükdə bu artım yaxşıdır».

2012-Cİ İLDƏ 150 MANAT MAAŞ

İqtisadçı ekspert Rövşən Ağayev isə düşünür ki, əslində problem maaşların artımının 10 faiz olmasında deyil. Bu artımın az görünməsinin səbəbi müəllimin maaşının çox aşağı olmasındadır. Deyir Azərbaycana böyük neft pulları 2005-ci ildən gəlməyə başlayıb. Artıq 2012-ci ildir, amma müəllimlərin orta aylıq əmək haqqı təxminən 150 manatdır. 150 manatı isə 10 faiz artıranda alana əlavə 15 manat əlbəttə ki, az görünəcək:

«Əgər müəllimin orta aylıq əmək haqqı 500-600 yüz manat olsaydı, 10 faiz artım nəticəsində ortaya çıxan 60-70 manat müəllimə heç də az vəsait kimi görünməzdi. Bu problemin kökündə son 7-8 ildə təhsil sistemində-xüsusən təhsilin iqtisadiyyatında islahatlar aparıb ləyaqətli baza əməkhaqqı sisteminin formalaşdırılmaması dayanır. Bu gün Azərbaycanda real yaşayış minimumunun dəyəri heç də hökumətin elan etdiyi kimi 100-110 manat deyil, ən azından 170-180 manatdır. Əgər müəllimin əmək haqqı üçün real yaşayış minimumunun dəyəri baza əməkhaqqı kimi götürülsə, o zaman orta məktəb müəllimi ən aşağı halda azı 200 manat, ən yüksək əmək haqqı olaraq isə azı
Rövşən Ağayev
Rövşən Ağayev
450-500 manat maaş almalıdır».

HÜQUQ- MÜHAFİZƏ İŞÇİLƏRİNİN MAAŞI...

Rövşən Ağayev deyir ki, hüquq mühafizə orqanlarında çalışanların əmək haqqı müəllimlərin maaşından bir neçə dəfə çoxdur. Belə olduğu halda müəllimlərlə müqayisədə onların maaşlarının ildə bir deyil, iki dəfə artırıldığını nəzərə alanda bunun ədalətsiz yanaşma olduğu aydın görünür.

Hadı Rəcəblinin inflyasiya barədə dediklərinə gəlincə, ekspert hesab edir ki, bu sahədəki hesablamalarda da ciddi problemlər var. Onu sözlərinə görə, hökumət sosial sahədə çalışanların əmək haqqının inflyasiyasını 30-40 adda məhsuldan ibarət ərzaq səbətinə nisbətən götürsə, görər ki, o səbətin dəyəri rəsmi açıqlamalardan daha çox artıb.
XS
SM
MD
LG