Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:51

Beynəlxalq Boks Assosiasiyası Azərbaycanla bağlı rüşvət ittihamını rədd etdi


Foto: Arxiv
Foto: Arxiv
Beynəlxalq Boks Assosiasiyasının təhqiqat qrupu Azərbaycanın London-2012 Olimpiadasında iki qızıl medal üçün 10 milyon dollar rüşvət verməsi haqda ittihamı rədd edib.

Dekabrın 12-də Xüsusi Təhqiqat Qrupu bildirib ki, BBC televiziyasının yaydığı xəbər əsassızdır və hansısa sübutla təsdiqlənməyib.

Minlərlə sənədi, elektron məktubu və maliyyə hesabatlarını araşdıran 5 nəfərdən ibarət təhqiqat qrupu bu ittihamı təsdiq edən heç bir sübut tapmayıb.

BBC Azərbaycanın Ümumdünya Boks Seriyasına (WSB) milyonlarla dollar pul verməsinə dair sübutlar əldə etdiyini bildirirdi. Adı çəkilməyən mənbə BBC-yə deyib ki, bu pullar Azərbaycan boksçularının 2012-ci il Olimpiya oyunlarında iki qızıl medal qazanacaqlarına zəmanət əvəzi kimi alınıb.

Beynəlxalq Boks Assosiasiyasının məlumatında isə deyilir ki, Həmid Həmidov adlı şəxs ABŞ boks müəssisələrinin təşkilinə kömək etmək üçün kommersiya məqsədilə Ümumdünya Boks Seriyasına investisiya yatırıb. Amma bu investisiyanın Olimpiya oyunlarına heç bir dəxli yoxdur. H.Həmidovun isə bunun əvəzində Ümumdünya Boks Seriyasının televiziya yayımından qazanc əldə edəcəyi ilə bağlı yazılı razılaşma olduğu bildirilir .

Qrupun məlumatında deyilir ki, Beynəlxalq Boks Assosiasiyasının rəhbərliyi medalların kimə verilməsində yeganə söz sahibi deyil. Münsif və hakimlər Olimpiya turundan 10 dəqiqə əvvəl seçilirlər.

BBC dekabrın 12-də bildirib ki, öz araşdırmasını müdafiə edir və Beynəlxalq Olimpiya Komitəsinin Etik Komissiyası ilə araşdırmanı davam etdirmək fikrindədir.
XS
SM
MD
LG