Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:27

Soros-Azərbaycan niyə qrant verə bilməyəcək?


Açıq Cəmiyyət İnstitutunun təsisçisi və direktoru George Soros AzadlıqRadiosunun Praqadakı baş ofisində, 26 aprel 2007
Açıq Cəmiyyət İnstitutunun təsisçisi və direktoru George Soros AzadlıqRadiosunun Praqadakı baş ofisində, 26 aprel 2007

Açıq Cəmiyyət İnstitutu – Yardım Fondunun (SOROS Fondu) Azərbaycan nümayəndəliyi 2012-ci ildən yerli layihələrə qrant ayıra bilməyəcək. Fond bu barədə dekabrın 5-də məlumat yayıb. Fonddan AzadlıqRadiosuna verilən məlumata görə, bundan sonra Azərbaycanda həyata keçirilən layihələrə qrant birbaşa Nyu-Yorkdan ayrılacaq, ya da heç ayrılmayacaq.

Fondun Bakıda ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rövşən Bağırov deyir baş verənlər struktur dəyişikliyidir və bu proses hələ davam edir:

“Fondumuzda dəyişiklik baş verir, fondun gələcək fəaliyyətinin formatı da dəyişir. Gələn il qrantları yəqin ki, biz ayırmayacağıq. Hələ də müəyyən edilməyib, olsa bu Nyu-York tərəfindən olacaq, ya olmayacaq. Hələ proses davam edir. Fond bağlanmır, fəaliyyətini kiçik nümayəndəlik kimi davam etdirir”.

Fond bu dəyişikliyin hansı zərurətdən baş verdiyi barədə konkret məlumatlar açıqlamır.

KORRUPSİYA İTTİHAMLARINA CAVAB?

Amma Açıq Cəmiyyət İnstitutunun Azərbaycan nümayəndəliyini korrupsiyada, qeyri-şəffaflıqda və ayrı-seçkilikdə günahlandıranlar bunu indiyə qədər deyilənlərə və yazılanlara bir cavab sayırlar.

Əli Əkbər
Əli Əkbər
Məsələn, yazıçı Əli Əkbər Fondun Bakı ofisi ilə bağlı baş verənləri bir-neçə ay əvvəl yazdığı məqalənin nəticəsi hesab edir. Fondla bağlı bildiklərini “Vətəndaş cəmiyyətinin dinozavrları” başlıqlı yazıda qələmə alan müəllif yazını ingilis dilinə çevirərək Fondun Nyu-York ofisinə göndərdiyini və bunun da nəticəsini çox gözləmədiyini deyir:

“Reaksiya belə bir formada gəldi, özünüz gördünüz. Hamı bilirdi ki, bir müddət əvvələ qədər orda vəziyyət biabırçı olub, mən də hamının bildiklərini yazmışam”.

6 AY SONRA ÜZƏ ÇIXAN SEÇKİ HESABATI

Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus isə deyir ki, bu qurumdan hələ 2003-cü il seçkilərindən sonra şübhələnməyə başlayıblar. Amma ilk dəfə 2005-ci ildə İnstitutun Nyu-York ofisinə bu barədə yazmağa başlayıb.

Onun dediyinə görə, Açıq Cəmiyyətin İnstitutu prezident seçkilərinin monitorinqi üçün 2003-cü ildə 3 milyon manat qrant ayırsa da həmin monitorinqlə bağlı hesabat heç yerdə dərc olunmayıb. Digər tərəfdən həmin hesabat seçkidən 6 ay sonra üzə çıxıb:

“O hesabat seçkidən bir ay sonra lazım idi, 6 ay sonra o, artıq köhnəlir, 1 ildən sonra isə ümumiyyətlə köhnə olur”.

LAYİHƏ OĞURLUĞU?

Leyla Yunus deyir ki, Fonddakı korrupsiya halları ilə bağlı əksər QHT nümayəndələrindən məlumatlar eşitsə də, heç kim bu məsələni ictimailəşdirmirdi:
Leyla Yunus
Leyla Yunus

“Biz bu barədə yazmağa başladıq. Yazdıq-yazdıq və Nyu Yorkdan mənə qeyri-rəsmi belə cavab verdilər ki, “biz bunu bilirik, amma əlimiz çatmır, vaxtımız yoxdur. Vaxt verin, biz sonra bu işlə məşğul olacağıq”. İndi bu məsələ baş verəndən sonra başa düşdüm ki, onların dediyi o vaxt gəlib çatdı”.

Leyla Yunus Soros Fondunun Bakı nümayəndəliyini layihə oğurluğunda ittiham edir. Onun sözlərinə görə, bir dəfə həmin fonda layihə verib və 8 aydan sonra məlum olub ki, həmin layihə başqa təşkilata verilib.

Bundan başqa, yerli mediada Açıq Cəmiyyət İnstitutunun Bakı ofisini QHT-lərə ayrılan vəsaitin 30-50 faizə qədərinin fondun hansısa işçisinə qaytarılması tələbinin qoyulmasına dair iddialar da səslənib.

KONKRET MƏLUMATLAR TƏQDİM EDİLMƏYİB

İnstitutun Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rövşən
Rövşən Bağırov
Rövşən Bağırov
Bağırov isə deyir ki, bu ittihamlar ünvanlı olsa, daha yaxşı olar. Onun sözlərinə görə, indiyə qədər səslənən ittihamlarla bağlı onlara konkret məlumatlar təqdim edilməyib:

“Mən düşünürəm ki, məsələləri konkret araşdırmaq və səsləndirmək lazımdır. Demək ki, Fondda bu baş verir, bu, belə deyək, aydınlıq gətirilməyən böhtan da ola bilər, həqiqət də ola bilər. Amma ünvanlı, daha yaxşı olar. Ad, ünvan, problem və layihə göstərilsin. İndiyə qədər biz çalışmışıq ki, məsələlər bu şəkildə araşdırılsın. Amma sənəd və faktlarla bağlı belə şeylərə rast gəlməmişik”.

DƏLİL TAPILMAYIB

Fondun Nyu-Yorkdakı mərkəzi ofisinin ictimai əlaqələr üzrə meneceri Rachel Hart da qurumun ünvanına korrupsiya ittihamlarına cavab verib. AzadlıqRadiosuna müsahibəsində o deyib ki, Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun Azərbaycandakı fəaliyyətinə dair korrupsiya iddiaları araşdırılıb, amma heç bir dəlil tapılmayıb.

“İTTİHAMLAR YAPIŞMASIN”

Soros Fondu ilə uzun müddət işləmiş Vətəndaşların Əmək Hüquqlarını Müdafiə
Sahib Məmməodv
Sahib Məmməodv
Liqasının rəhbəri Sahib Məmmədov isə bu fondla bağlı narazılıqların son illər üzə çıxdığını deyir. Amma o hesab edir ki, Fondun yerli nümayəndəliyinin Azərbaycanda vətəndaş cəmiyyətinin qurulması sahəsində gördüyü işləri inkar etmək düzgün deyil.

Sahib Məmmədova görə, ola bilər kimlərsə qrant ala bilmədiyinə, yaxud başqa səbəbə görə bu Fondu korrupsiyada ittiham edir. Onun fikrincə, “bu söz-söhbətlərin yaranmaması üçün bu kimi fondlar prosedurlarını elə qurmalıdırlar ki, ittihamlar olanda onlara yapışmasın”.

Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu (Soros Fondu) 1996 ilin sonlarından Azərbaycanda fəaliyyət göstərir. Bu Fond demokratik idarəçilik, insan haqları, iqtisadi, sosial və hüquqi islahatları dəstəkləyən ictimai siyasət formalaşdırmaq məqsədilə hər il Azərbaycanda həyata keçirilən layihələrə 3 milyon dollara qədər qrant ayırır.

Fondun qurucusu tanınmış maliyyəçi Corc Sorosdur.
XS
SM
MD
LG