Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:40

Baş prokuror: "Fərziyyələrdən biri R.Tağının İslamla bağlı məqaləsinə görə öldürülməsidir"


Yazıçı Rafiq Tağının qətlinə dair Avropa Parlamentinin 15 dekabr 2011-ci il tarixli qətnaməsi ilə bağlı (Bu barədə "Oxu zalı" xəbər vermişdi) Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov Trend-in suallarını cavablandırıb.


- Hörmətli Zakir müəllim, Avropa Parlamentinin 15 dekabr 2011-ci il tarixli Qətnaməsində həmin qurum Azərbaycan hökumətinin Rafiq Tağının qətlinin araşdırılması məqsədilə xüsusi işçi qrupu yaratmasını təqdir edir.

Bununla belə, Azərbaycan hakimiyyətini hərtərəfli və effektiv araşdırma aparılmasını təmin etməyə, həmçinin cinayəti törətmiş şəxslər barəsində cinayət təqibi və mühakimə icraatının ədalət mühakiməsinin beynəlxalq standartlarına uyğun şəkildə aparmağa çağırır. Bu barədə mövqeyinizi öyrənmək istərdik.


- İlk növbədə qeyd etmək istərdim ki, Avropa İttifaqının ölkəmizin ictimai-siyasi həyatında baş verən proseslərə yaxından diqqət yetirməsini təqdirəlayiq hal hesab edirəm. Bununla yanaşı, biz həmişə ədalətli fikir və yanaşmanın tərəfdarı olmuşuq. Rafiq Tağıyevin qəsdən öldürülməsi faktına görə başlanmış cinayət işinin istintaqı ilə bağlı Avropa İttifaqının tövsiyələri ilə tanışıq.

Tərəfimizdən ictimaiyyətə məlumat verildiyi kimi, Bakı şəhəri 8 saylı Təcili Tibbi Yardım Stansiyasında həkim işləyən Rafiq Tağıyevə noyabrın 19-da işdən qayıdarkən yaşadığı evin yaxınlığında naməlum şəxs tərəfindən çoxsaylı kəsilmiş-deşilmiş xəsarətlər yetirilməsinə görə Bakı şəhəri Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə (qəsdən sağlamlığa ağır zərər vurma) cinayət işi başlanmış və noyabrın 21-də iş üzrə istintaqın davam etdirilməsi Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə həvalə edilmişdir. Həmin gün əməlin Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsinə (qəsdən adam öldürməyə cəhd), Rafiq Tağıyevin ölümündən sonra noyabrın 24-də isə Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə (qəsdən adam öldürmə) tövsif edilməsi haqqında qərarlar qəbul edilmişdir.

Cinayətin qeyri-aşkar şəraitdə törədilməsi nəzərə alınmaqla, cinayətdə iştirak etmiş şəxslərin müəyyən edilməsi məqsədilə 22 noyabr 2011-ci il tarixli birgə əmrlə iş üzrə prokurorluq, daxili işlər, milli təhlükəsizlik və ədliyyə orqanlarının təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılmışdır.

Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına əməl edilməklə hadisənin baş verdiyi yerdən Rafiq Tağıyevin yaşadığı evədək olan əraziyə kriminalistik texnika və avadanlıqlardan istifadə edilməklə müfəssəl baxış keçirilmiş, qətlin törədilməsi ilə bağlı bütün mümkün fərziyyələrin yoxlanılması istiqamətində zərərçəkmiş şəxs Rafiq Tağıyev və çoxsaylı şahidlər dindirilmiş, müayinə, götürmə, istintaq eksperimentləri aparılmış, zərərçəkmiş şəxsin hərəkət marşrutu üzrə quraşdırılmış müşahidə kameraları müəyyənləşdirilərək mütəxəssislərin iştirakı ilə təxirəsalınmaz istintaq hərəkətləri keçirilmiş, zəruri ekspertizalar təyin edilmiş, habelə sair prosessual tədbirlər görülmüşdür.

İstintaqın tam, hərtərəfli və obyektiv aparılmasını təmin etmək məqsədilə cinayət
Yaxınları və dostları Rafiq Tağının məzarı başında, 19 noyabr, 2011
Yaxınları və dostları Rafiq Tağının məzarı başında, 19 noyabr, 2011
işinin istintaqını Baş prokuror olaraq xüsusi nəzarətimdə saxlamaqla, mütəmadi olaraq istintaq-əməliyyat qrupunun hesabatları dinlənilir və cinayəti törətmiş şəxsin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində tərəfimdən konkret göstərişlər verilmişdir.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat planına müvafiq olaraq digər dövlət qurumları və ictimaiyyətlə səmərəli qarşılıqlı əməkdaşlıq şəraitində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

- Qətnamədə Avropa Parlamenti həmçinin Rafiq Tağının qətlini qəti şəkildə pisləyir və Samir Sədaqətoğlunun təhlükəsizliyinə dair narahatlığını ifadə edir, eyni zamanda, Azərbaycan hakimiyyəti tərəfindən Rafiq Tağının qətlinin açıq şəkildə mühakimə olunmaması və istintaqın gedişi barədə ictimaiyyətə məlumat verilməməsindən məyus olduğunu bildirir.

- Təbii ki, istənilən qanunazidd hərəkət, o cümlədən bu və ya digər şəxsin qəsdən həyatdan məhrum edilməsi yolverilməzdir. Rafiq Tağının qəsdən öldürülməsi faktı da nəinki ictimaiyyət, eyni zamanda hakimiyyət nümayəndələri tərəfindən də qəti surətdə pislənilir.

Nəzərinizə çatdırıram ki, Azərbaycan Respublikası Milli Məclisinin üzvləri tərəfindən 30 noyabr və 2 dekabr 2011-ci il tarixlərində, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən isə dekabrın 1-də Rafiq Tağının qəsdən öldürülməsini pisləyən bəyanatlar verilməklə, həmin cinayət açıq şəkildə mühakimə olunmuş, ölkə ictimaiyyətinin məlumatlandırılması məqsədilə bu barədə kütləvi informasiya vasitələrində müvafiq açıqlamalar yayımlanmışdır.

Rafiq Tağıyevin qəsdən öldürülməsi faktına görə başlanmış cinayət işi üzrə istintaq fərziyyələrindən birinin onun öldürülməsinin islam dini ilə bağlı məqaləsinə görə olmasını nəzərə alaraq, həmin məqalənin dərc olunduğu "Sənət" qəzetinin baş redaktoru Hüseynov Samir Sədaqət oğluna qarşı yarana biləcək təhlükə üzrə adekvat tədbirlərin həyata keçirilməsi məqsədilə rəsmi olaraq Daxili İşlər Nazirliyinə müraciət olunmuşdur. Bununla bağlı müvafiq rayon polis idarələri tərəfindən Rafiq Tağının ailə üzvlərinin yaşadıqları binanın və şəhər qəbiristanlığının ətrafında əlavə naryadlar ayrılaraq təhlükəsizlik tədbirləri həyata keçirilir. Eyni zamanda, Samir Hüseynovun təhlükəsizliyi aidiyyəti polis şöbəsi tərəfindən təmin olunur.

Bundan başqa, 26 noyabr və 14 dekabr 2011-ci il tarixlərində Baş Prokurorluqda digər hüquq mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə cinayətin açılması istiqamətində görülən işlər və əldə olunmuş nəticələr barədə istintaq-əməliyyat qrupunun hesabatları dinlənilmiş, elə həmin gün keçirilmiş əməliyyat müşavirələri, görülmüş tədbirlər barədə kütləvi informasiya vasitələrinə məlumatların verilməsi təmin edilmiş, habelə istintaqın gedişatı barədə gələcəkdə də əlavə informasiyaların açıqlanması davam etdiriləcəkdir.
XS
SM
MD
LG