Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:37

Cavanşir Yusifli "Quqark" romanını tənqid edir, amma


Cavanşir Yusifli
Cavanşir Yusifli
Tənqidçi Cavanşir Yusifli bu məqaləsi ilə yazıçı Seymur Baycanın "Oxu zalı"nda keçirilən müzakirəsinə qoşulur.


Cavanşir Yusifli


BOŞ MƏKANDA OYUNLAR, YAXUD QUQARKDAN BÜTÜN DÜNYAYA


Seymur Baycanın romanı haqqında birmənalı fikir söyləmək çətindir, onun başqa bir əsərlə müqayisədə təqdir edilməsi, yaxud, hərbi terminologiya dili ilə desək, “tənqid atəşinə tutulması” romanın məziyyətinin ortaya qoyulmamasına bərabərdir, yəni, qaş düzəltmək yerinə vurub gözü də çıxarmaq, fikrimcə, nə hörmətli oxuculara, nə də Seymurun özünə lazımdır.

“Quqark” nəyə görə birmanalı şəkildə qiymətləndirilə bilməyən əsərdir?

Əvvəla onu deyək ki, yazıçının mətn içində heç bir gizlini, yaradıcılıq manerası baxımından mürəkkəb çözüm tələb edən kombinasiyalar qurmaq azarı müşahidə edilmir – nə var üzdədir; Seymur postmodernist texnologiyanın bəzi priyomlarından istifadə edir ki, bu da texnoloji prinsip yox sadəcə vərdişdir, şəxsən mən onun “pastişlərində” heç bir funksional gediş axtarmağın tərəfində deyiləm.

Dediyimiz kimi, Seymur improvizasiya baxımından açıq tipli yazıçıdır.

Onun təhkiyəsi qırılan “fikirlərin” müvafiq təsadüflərdə bərpa edilməsi özəlliyini daşıyır, yəni Seymur klassik nəsr mətnlərindəki narratoloji “ardıcıllığa” qətiyyən riayət etmir, bəzən təhkiyə hissələrini o qədər kiçik seqmentlərə bölür ki, hadisədən hadisəyə keçid edəndə, bir az əvvəl nəql etdiyi hadisəni unudursan.

Əslində bu, müəllifin prozasının, hadisəni görükdürmək ustalığının zəifliyindən irəli gəlmir, təhkiyə strukturunun səciyyəsi belədir: hər şey çox qəribə şəkildə bir-birinə qarışır, bəzən prosesin bir balaca dərinə işləməsi ilə mətnin kənarlarında fərqli ideya və fikirlərin yarandığının şahidi oluruq, demək müəllif bu sadə (bəzən primitiv) oyunlarla mətndə ən müxtəlif və fərqli mənaları, onların düyün düşdükləri yeri göstərə bilir.

Bu roman haqqında artıq belə bir fikir səsləndirilib ki, (tənqidi baxımdan) onu hardan oxumağa başlasan, anlama baxımından heç bir problem yaranmaz, çünki hadisələr bir-birini doğurmur, onlar arasında möhkəm məntiqi əlaqə yoxdur və belə olduğu üçün də oxucu üçün mütaliə prosesində problem yaratmır.

Məncə, absurd fikirdir.

Roman mətnində ideoloji ağırlıq yoxdur,

Seymur sadə bir ideyanı ifadə etmək üçün bir çox qələm əhlindən fərqli olaraq kombinasiya qurmur, guya mətnin mənalarına uyar qəliz poetik sistem yaratmır, əksinə ən sadə şeyləri də “xırdalayır”, mətni, nitq janrlarını qəsdlə edilən təkrarlardan qurur, indicə nağılı danışılan hadisə, yaxud olayı bir də təkrarlayır, yaddaş aktına belə bir münasibət “huşsuzluq” yaradır, yaddaşın materiya baxımından dəyişilməsi, başqa bir materiyaya çevrilməsinə işarə edir – elə işlər baş verdi ki, yaddaşımız yanıb külə döndü, insan əsrlər boyu vərdiş elədiyi münasibətləri yadırğamağa məhkumdursa, demək ən təhlükəli və qorxulu silah elə yaddaşın özüdür.

Seymurun sadə və təkrarlarla dolu olan mətni müasir nəsrin ən iddiasız, ancaq müəyyən dəyəri olan nümunələrindəndir.

Yazıçı – uşaqlığı müharibəyə təsadüf edən (belə yox, uşaqlığı müharibədə həlak olan) qəhrəman o uşağın daxili dünyasını, özünün itirilmiş “çəkisini” bərpa etməyə çalışır, bütün roman mətnində bu ağrı, bu məşəqqət dərindən dərinə duyulur. Seymur, heç bir döyüş səhnəsi təsvir etməsə də mətn giliz, qəlpə... açılmayan güllələrlə doludur, müharibədən kənarda keçmiş pioner düşərgəsində, Rusiyaya çapan qatarların vaqonlarında ... “gəzişən insanlar” öz aralarında mövcud olan münasibətlərin bətnindəki ən ağrılı nüansları dilə gətirmək istəsələr də, heç nə edə bilmirlər, yurdu, vətəni, uşaqlığı itirməyin ağrısı sinədən birnəfəsə gələn ricətlə yox, yuxarıda qeyd etdiyimiz kimi, dağınıq formada çatdırılır, çünki insanlar arasında
müharibə içində böyümüş şəxs bir başqa adamın yaddaşını diriltməyə can atır.

Əsl faciə budur, nə deyirsənsə de, nə düşünürsənsə düşün bu, həm də başqa birisinin qeyb olmuş səsidir.

Çörək növbəsində dayanmış uşağın gördükləri, dünyaya açılan gözləri, postlarda yandırılan təkərlərin hisindən keçən xəyalı – bütün bunlar və digər incə ştrixlər müharibə içində insan ömrünün, bu qədər vurnuxmalar içində keçsə də, əslində dəyəri olmayan bir nəsnənin yuxudan gerçəkliyə və əksinə hərəkət etməsi, Bakı ermənisinin öz torpağında bir düşərgənin küncündə oyundankənar və ömürdənkənar vəziyyətdə qalması, bitən ömrün son anlarını çaşqınlıq içində keçirməsi və çaşdığından qarışqanı ağzına atması, əsgərliyə yola saldığı dayısının uşağa yalvarması, ona günü 15 qəpiyə bir məktub yazdırması, bu savadsız adamın uşağa əsl yazıçılıq məktəbi keçməsi, bir də bütün bu gerçəklərin içində danışılan lətifələr... bir-biri ilə möhkəm bağı olan hadisələrdir, ancaq insan ömrü elədir ki, istədin-istəmədin bu bağ elə düyünləndiyi nöqtədən qırılır, bir böyük hadisə kütləsinin ixtiyari şəkildə dünyanın bütün künc-bucaqlarına səpələnməsi, əslində bizim hamımızın romanıdır.

Mətndə danışılan lətifələrdən biri bədii mətnin qurulma mexanizmində əsas məqamlardan sayılmalıdır. Deyir, günlərin bir günü iki ilan rastlaşır, biri o birinə deyir ki, sən bilirsən, insanlar bizdən niyə xoşlanmır: Niyə? - o biri soruşur. Deyirlər ki, bizim dilimiz zəhərlidir. Vay! – deyə o biri ilan qışqırır, dilimi dişlədim.
Sərbəst havanın gəzib dolaşdığı bu romanı tənqid eləmək bir yazıda deyildiyi kimi, adama ağır gəlmir, bütün əsərlər tənqid edilməlidir və Seymurun mətnində bu kimi məqamlar həddindən çoxdur.

Biz, şübhəsiz ki, müəllifin bədii məntiqinin əleyhinə gedib onu tənqid etməməliyik, əksinə bu məntiqdəki boşluqları nişan verməliyik.

Romanda bəzi parçalar, xüsusən başlanğıcdakı məqamlar fikrimizcə, yenidən işlənə bilər, burada əsəri adi reportaj səciyyəsindən azad edən məqamlar seçilməlidir.

Seymur Baycan
Seymur Baycan
Sonra. Bir hərflə təqdim edilən personajlar barədə. K. dayı, N. xala və sair. Bu adları tam şəkildə yazsan da, mahiyyət dəyişmir, yəni, Seymurun bir böyük hərflə işarələdiyi nəsnənin heç bir funksional yükü yoxdur. Təsadüfi deyil ki, müəllif bəzi yerlərdə çaşıb onları açır, adları tam şəkildə yazır.

Artıq qeyd etdiyimiz kimi, “”hər bir təhkiyə həmişə şərh tələb edir (həm müəllifi, həm də resipient tərəfindən) və elə buna görə reallığı eyni zamanda nəinki təqdim edir, həm də onu insanın təxəyyülündə bir növ yaradır və emal edir, yəni “reallıq yaradır”, ancaq eyni zamanda bu reallıqdan asılı olmadığını təsdiq edir. Başqa sözlə desək, təhkiyə dünyanı hansı dərəcədə açırsa, o dərəcədə də gizlədir (örtür-!) və təhrif edir.”
Bu baxımdan deyə bilərik ki, Seymurun təhkiyə biliyi bəzi məqamlarda kasad və primitivdir. Əksər hallarda “reallıq yarıya qədər yaradılır”, dünya və gerçəkliyin təhrifi yerinə qeyri-müəyyən bir analogiya yaranır ki, bu da yazı materialı qismində heç nəyə yaramır.

Seymurun metatəhkiyəsi bəzi məqamlarda çox güclü təsir oyadır, başqa müəlliflərin bəlkə də əsər boyu ilişib-qalacaqları məqamlar, lətifə, söylən kəsikləri onun təhkiyəsində anidən ötüb keçir, ancaq məncə, fikrimizi axıra qədər məşğul edir, yeni çalarlar yaradır.

Ancaq bu kimi nadir incəliklər mətndə bir-iki məqamda rastlanır və onların sıx-sıx, müəyyən intervallarda işlədilməsi bədii mətnin qurulmasında əvəzsiz rol oynaya bilərdi.

Seymur mətni qələmə alarkən digər mətnləri də sərf-nəzər etmir, öz mətnini oxucunun tanış olduğu digər mətnlərin yanında yerləşdirir. Ancaq bu halda elə bir mexanizm yaratmaq olar ki, yanaşı mətnlər həm də bir-birlərinin içindən keçsinlər, digər “mətnlərin əks-sədası olar mətn” (Ceymson) öz trayektoriyasını da cıza bilsin, postmodernist poetikadakı “koleydoskop” Seymurun mətnində bəzən işləmir, ilişib qalır, başqa sözlə, müəllifin mətni digər mətnlərin altında qalır.

Şübhəsiz ki, həm də istedadlı publisist kimi tanıdığımız Seymurun “boş məkanı zənginləşdirmək” təcrübəsi və ustalığı hələ yetərincə deyildir, ancaq, fikrimizcə, qışqırıqla dolu əsərlərdənsə, oxucu bu açıq mətnə üstünlük verir.

Boş məkanın ən müxtəlif, özü də parlaq, əhəmiyyətli hissəciklərlə doldurulması prosesində bir məqam xüsusi ilə diqqəti çəkir, əsərdə qaçaqaç səhnəsi, avtomobilinin benzini bitməkdə olan kişi onu yolun kənarında saxlayır, siqaret yandırır və dərdli-dərdli dağlara baxır. Tez, get burdan deyirlər. O isə gözlərini dağlardan ayırmayaraq az qala inilti ilə deyir: ordan o yana məni heç bir it-qurd tanımır.
XS
SM
MD
LG