Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:53

«Korrupsiyaya qarşı amansız mübarizə aparılır» (VİDEO)


İlham Əliyev (Foto: AzerTAG)
İlham Əliyev (Foto: AzerTAG)
2011-ci ilin son günü - dekabrın 31-də xalqa Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə müraciət edən İlham Əliyev belə deyib.
«Siyasi islahatlar uğurla aparılır. Azərbaycanda demokratiya uğurla inkişaf edir. Ölkənin modernləşdirilməsi üçün konkret addımlar atılır. Korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə aparılır. Biz bu mübarizənin gözəl nəticələrini görürük. Gələcək illərdə bu mübarizə daha da məqsədyönlü və ciddi olmalıdır. Bütün lazımi göstərişlər verilib».
«DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNDƏ YENİLİK»
Prezident Dağlıq Qarabağ münaqişəsindən də danışıb. İlham Əliyev Ermənistanın danışıqlardan faktiki olaraq imtina etməklə prosesə böyük zərbə vurduğunu bildirib. Amma müsbət bəyanatlar olduğunu da əlavə edib:
«Xüsusilə bu il yenilik ondan ibarətdir ki, həmsədr ölkələr status-kvonun qəbuledilməz olduğu haqqında dəfələrlə bəyanatlar veriblər. Biz bu bəyanatları dəstəkləyirik. Ancaq bəyanatlardan sonra konkret addımlar atılmalıdır. Əfsuslar ki, bu addımlar atılmır. Biz diplomatik və siyasi səylərimizi davam etdirəcəyik. Danışıqlarda bizim prinsipial mövqeyimiz var. Biz bu mövqedən bir addım geri çəkilməyəcəyik».
Prezident çıxışında ötən il hərbi xərclərin 3 milyard dolları keçdiyini və hərbi xərclərin yenə də artacağını deyib.
«2011-Cİ İL AZƏRBAYCAN ÜÇÜN UĞURLU İL OLUB»
İlham Əliyev ilə iqtisadi qiymət verərkən belə söyləyib. O Azərbaycanın valyuta ehtiyatlarının 40 milyardı ötdüyünü bir daha xatırladıb:
«Çox sevindirici hal ondan ibarətdir ki, 2011-ci ildə ölkə iqtisadiyyatının qeyri-neft sektoru böyük templərlə artıb. Qeyri-neft iqtisadiyyatımız 10 faizdən çox artıb və bu da əvvəlki illərdə aparılan islahatların bariz nümunəsidir».
«İŞSİZLİK 5,5 FAİZDİR»
İlham Əliyev bölgələrin inkişafından, yeni açılan iş yerlərindən, yoxsulluğun ləğvindən də danışıb:
«Bu il ölkədə 100 minə qədər yeni iş yeri açılıb. Bütövlükdə son 8 ildə 1 milyondan artıq yeni iş yeri açılıb ki, onların mütləq əksəriyyəti daimi iş yeridir.
Əhalinin pul gəlirləri təxminən 20 faiz artıb. İnflyasiyanın səviyyəsi təxminən 8 faiz civarındadır.
Yoxsulluğun səviyyəsi aşağı düşür. 2011-ci ilin yekunlarına görə, yoxsulluq 8 faizdən aşağı olacaq.
İşsizlik aşağı düşür. Azərbaycanda işsizlik 5,5 faizdir.
Bütün bu göstəricilər onu deməyə əsas verir ki, ölkəmiz çox dinamik və uğurla inkişaf edir. Dünyada və Avropada iqtisadi sahədəki mənfi proseslərə baxmayaraq, Azərbaycan inamla qabağa gedir».
«AZƏRBAYCAN BÖYÜK QAZ DÖVLƏTİ KİMİ TANINACAQ»
Prezident 2011-ci ildəki enerji uğurlarından danışarkən belə deyib. O 2012-ci ildə Azərbaycanın qaz yataqlarına böyük investisiyalar qoyulacağını da bildirib:
«İlin əvvəlində Avropa İttifaqı ilə Azərbaycan arasında strateji enerji əməkdaşlığına dair çox vacib Bəyannamə imzalanıb. Azərbaycan artıq Avropanı enerji, xüsusilə təbii qazla təmin edə biləcək ölkə kimi tanınır».
İlham Əliyev çıxışını belə yekunlaşdırıb:
«Mən tam əminəm ki, 2012-ci ildə də ölkəmizi yalnız və yalnız uğurlar gözləyir. Bizim gördüyümüz bütün işlərin məqsədində, bir daha demək istəyirəm ki, Azərbaycan vətəndaşı, Azərbaycan ailəsi dayanır».

Prezidentin yeni il münasibətilə xalqa müraciətinin videoyazısı:
XS
SM
MD
LG