Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:44

Bakı «bomj»larının şaxtalı qış günləri


Nizami metrosunun yaxınlığında evsiz qadın
Nizami metrosunun yaxınlığında evsiz qadın

Bakıda metronun «Nizami» stansiyasının çıxışında rastlaşdırğım, 70-dən yuxarı yaşı olan qoca kimi görünən evsiz qadınla söhbətə cəhd etdim. Kimliyini, nə vaxtdan küçədə yaşadığını soruşdum. Həm də dedim ki, bizimlə söhbətdən sonra dövlət qurumları və bəlkə də ayrı-ayrı adamlar ona yardım edə bilərlər. Amma cavabı qəti oldu:

«MƏNİMLƏ İŞİNİZ OLMASIN. HEÇ KİM BİZƏ HEÇ NƏ VERƏN DEYİL»

- Hə, hökumət nümayəndələri mənə ev verəcəklər, gözləyin...
- Bəlkə sizi isti sığınacaqla təmin etdilər.
- Mənimlə işiniz olmasın, heç kim də heç nə verən deyil...
- Necə olub ki, siz küçədə qalmısınız...
- Mənim danışmağa halım yoxdur, gedin...

Metronun qarşısında olduğum müddətdə soyuqdan tir-tir əsən və üzünü insanlardan gizləyən qadına bir nəfərin də diqqət yetirdiyini görmədim.

GÖYƏRÇİNLƏRİ YEMLƏYƏN QADININ HƏYAT DRAMI

Yaxınlıqda dayanan bir gənc isə o qadını çoxdan bu ərazidə gördüyünü söyləyir. Dediyinə görə, heç kiminlə ünsiyyət qurmayan bu qadın qış-yay metronun qarşısında oturur, bəzən də Dram teatrının qarşısına gedib göyərçinləri yemləyir.

- Yardım etməyə cəhd etmisinizmi?
- Yemək, pul təklif eləmişik, götürməyib. Ümumiyyətlə heç kimdən heç bir şey götürmür.

«BOMJ»LUĞA GEDƏN YOLLAR: ƏVVƏL VƏ İNDİ

Maarif Əliyev
Maarif Əliyev
Yasamal rayonunun sabiq baş sahə müvəkkili Maarif Əliyev şəhərdə «bomj»ların bir-neçə il əvvəl daha çox olduğunu deyir. Onun sözlərinə görə, hətta bir vaxtlar Daxili İşlər Nazirliyinin hospitalının arxasındakı qəbiristanlıqda onların daimi toplaşdığı bir yer var imiş.

Sabiq sahə müvəkkili Bakı küçələrindəki evsizləri bir-neçə qrupa bölür. Onun fikrincə, sovet dövründə «bomj»ların əksəriyyəti içki düşkünləri idisə indi onlardan çoxu aldadılaraq evi əlindən alınan və ya həbsxanadan geri dönüb yaxınları tərəfindən qəbul edilməyənlərdir:

«Çoxu dələduzların qurbanı olub. Misal üçün yaşlı adamdır, bir az baxırlar, qulluq edirlər, əl-ayağını yuyublar. Eləki etibarnaməni aldılar, evi satıb qaçıblar.

Adam bir də xəbər tutur ki, ev-eşiyi satılıb qalıb bayırda. Həyatdır. Eləsi var yoldaşını öldürüb, düşüb həbsxanaya, amma azadlığa buraxılsa da uşaqları qəbul etmir. O da küçələrə düşür, olur «bomj»».

Maarif Əliyevin dediyinə görə, əvvəllər onlar qarlı-şaxtalı havalarda belə adamları toplayıb xüsusi sığınacaqlara aparırmışlar.

«ALLAHA ŞÜKÜR O CÜR ŞƏXSLƏR BİZDƏ BARMAQLA SAYILASI QƏDƏR AZDIR»

Amma Daxili İşlər Nazirliyinin sözçüsü Ehsan Zahidov deyir ki, indi belə adamlar üçün ayrıca sığınacaq yoxdur. Onun sözlərinə görə, polis əməkdaşları öz xidməti sahələrində belələrinə rast gələndə onları yaş qrupuna uyğun olaraq təhvil verirlər: «Əgər onlar yaşlıdırsa qocalar evinə, uşaq və yeniyetmələri isə uşaq və kimsəsizlər evlərinə təhvil verirlər».

Ehsan Zahidov
Ehsan Zahidov
Ehsan Zahidov deyir ki, polis bəzilərini yığıb müxtəlif müəssisələrə təhvil versə də onlar bir müddət sonra yenidən küçə həyatına üstünlük verirlər. Amma o, Bakıda küçədə yaşayanların başqa ölkələrə nisbətən az olduğunu deyir.

Ehsan Zahidov hesab edir ki, bu kimi insanlara qarşı təkcə polis yox, vətəndaşlar da biganə olmamalıdır.

«FACEBOOK»DA «BOMJ»LARA YARDIM KAMPANİYASI

Artıq bir neçə gündür ki, «Facebook» sosial şəbəkəsində «bomj»lara yardım kampaniyası başlayıb. Kampaniyanı xaricdə təhsil almış bir neçə gənc başlayıb. Həmin gənclərdən biri olan Ülviyyə Əsədzadə deyir ki, məqsədləri qarlı havada həmin adamları tapıb isti yemək və paltarla təmin etməkdir:

«Biz qərara gəldik ki, hər şeyi hökumətdən gözləməyək. Özümüz belə bir addım ataq. Belə qərara gəlmişik ki, bu adamlara heç olmasa 2-3 gündən bir isti yemək verək. Bizim kampaniyaya çoxlu qoşulanlar var. Artıq Sumqayıtda bir, Bakıda iki nəfərin yerini müəyyənləşdirmişik».

HAVA SOYUQLUĞUNDAN BETƏR İNSAN SOYUQLUĞU

Ülviyyə Əsədzadə deyir ki, o, ilk dəfə evsiz-eşiksiz insanlara adamların yardım etməsini, onlara isti yemək verilməsini Avropada və Amerikada görüb:

«Amerikada mən gördüm ki, belə adamlara yardım etmək üçün az qala adamlar növbəyə düzülürlər».

Həmsöhbətim hesab edir ki, havanın soyuqluğu ilə yanaşı insanların da göstərdiyi soyuq münasibət belə evsizlərin vəziyyətini daha da ağırlaşdırır.

Artıq qarlı-şaxtalı havaların qurbanları da var. Ötən şənbə günü Yasamalda, daimi qeydiyyat, yaşayış yeri olmayan bir nəfər donvurma diaqnozu ilə xəstəxanaya çatdırılsa da onu xilas etmək mümkün olmayıb.

Yanvarın 31-də isə Bakda binanın blokunda kişi meyiti tapılıb. 30-35 yaşlı həmin kişinin donvurmadan öldüyü ehtimal edilir.
XS
SM
MD
LG