Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:23

Sarkozy: “Konstitusiya Məhkəməsi rədd etsə, yeni soyqırım qanunu göndərəcəm”


Nicolas Sarkozy Ermənistanda, 7 oktyabr 2011
Nicolas Sarkozy Ermənistanda, 7 oktyabr 2011

Əgər Fransada Konstitusiya Məhkəməsi “Soyqırımı inkar qanununu” rədd etsə, prezident Nicolas Sarkozy dərhal parlamentə bu məzmunda yeni qanun layihəsi göndərəcək.

Bu barədə AFP agentliyi fevralın 1-də axşam ölkənin iki nazirinə istinadla məlumat yayıb. Başqa bir nazir agentliyə deyib ki, Sarkozy onun kabinetində bu qanuna qarşı olanları da tənqid edərək onlara “burnunuzun ucundan uzağı görmürsüz” deyib.

Nicola Sarkozy əlavə edib ki, Konstitusiya Məhkəməsinin bu qanunu rədd etməsi Holokostu da danmağa görə cəza nəzərdə tutan qanunu da sual altına salır.

Yanvarın 24-də Fransa Senatının qəbul etdiyi qanuna görə bu ölkədə soyqırımı inkar etmək cinayət sayılır və buna görə 45 min avro cərimə və bir il həbs cəzası nəzərdə tutulur. Bundan sonra qanunun əleyhinə olanlar Konstitusiya Məhkəməsinə müraciət edərək sənədin ölkənin əsas qanununa uyğun olub-olmamasını araşdırmağı xahiş ediblər. Bir ay ərzində Konstitusiya Məhkəməsi də öz rəyini açıqlamalıdır.

Fransa Osmanlı İmperiyası dövründə Türkiyə ərazisində ermənilərə qarşı “soyqırımı” törədildiyini qəbul edib. İndi soyqırımı inkar qanunu qüvvəyə minərsə, Fransa ərazisində “ermənilərə soyqırımı olmayıb” deyənləri də cəza gözləyir. Buna görə Ankara ilə Paris arasında gərginlik artıb.

Bakı da Fransaya etirazlar səslənir. Ölkənin Xarici İşlər Nazirliyi artıq Fransa Senatının qəbul etdiyi həmin qanunu pisləyib.
XS
SM
MD
LG