Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:39

Ali məktəblərdə rüşvəti kəsməyə ideya axtarışı


Rafiq İsmayıl (sağda) və Ənvər İmanov (solda) Bakı Bürosunda. 2 fevral 2012
Rafiq İsmayıl (sağda) və Ənvər İmanov (solda) Bakı Bürosunda. 2 fevral 2012

Azərbaycanın ali təhsil məktəblərində qış imtahan sessiyaları artıq başa çatır.

Korrupsiometrdə bu dəfə ali məktəblərdə rüşvət riskləri müzakirə edilir.

Qonaqlar:

Ənvər İmanov – Təhsil Nazirliyinin Ali və Orta İxtisas Təhsili şöbəsinin baş məsləhətçisi, "Qaynar xətt" xidmətinin koordinatoru,

Rafiq İsmayıl – Müsavat Partiyasının Təhsil Komissiyasının sədri,

Altay Göyüşov – Bakı Dövlət Universitetinin dosenti, ABŞ-ın Gorge Town və Kaliforniya universitetlərində dərs demiş müəllim, (telefonla)

Rəşad Əliyev – ABŞ-ın Maryland Universitetinin məzunu, bir çox beynəlxalq təhsil layihələrinin iştirakçısı,
(telefonla)

Fariz Namazlı – Media Hüquqları İnstitutunun hüquqşünası, (telefonla).

Ənvər İmanov
Ənvər İmanov
Ənvər İmanov bildirdi ki, ötən ilə nisbətən bu il rüşvətlə bağlı müraciətlər azdır.

Keçən ilki müraciətlərdə İqtisad Universitetindən, Dillər Universitetindən əmək müqaviləsinə xitam verilən müəllimlər də olub, digər universitetlərdən töhmət alanlar olub:

"Ötən il 2 müəllim Dillər Universitetindən, daha 2 müəllim də İqtisad universitetindən xaric edilib. Əslində onlar rüşvət faktına görə azad edilməyiblər. Rüşvət ehtimalı olub.

Əslində rüşvət ittihamı ilə kimisə cəzalandıra bilmək üçün şikayət yazılı şəkildə verilməli, anonim müraciət olmamalıdır.

Amma Qaynar Xətt xidmətləri ilə anonim də olsa, müraciət edənlər olanda onlara kömək edilir.

Rafig İsmayil
Rafig İsmayil
Bunun üçün isə şikayət konkret və ünvanlı olmalıdır. Prosesin bundan sonrakı inkişafı, hal üzrə cinayət işinin açılıb-açılmaması üçün şikayət anonim olmamalıdır."

Rafiq İsmayıl da bildirdi ki, insanlar özlərində cəsarət tapıb bu rüşvət halları barədə açıq danışmasalar, anonim müraciətlərlə problem həll oluna bilməyəcək, çünki bunun hüquqi əsası olmur.

Ölkədə 50-dən çox universitet var. Onlardan Qaynar Xəttə cəmi 30 anonim müraciət olunması, rüşvətlə bağlı konkret vəziyyəti qətiyyən əks etdirmir. Çünki sistem ümumilikdə rüşvət içindədir.

Bakı Dövlət Universitetinin dosenti, bir müddət ABŞ-da “George Town” və Kaliforniya universitetlərində dərs demiş Altay Göyüşov isə hesab edir ki, niyyət və iradə olarsa, ali məktəblərdə rüşvəti yığışdırmaq o qədər də çətin deyil: “Ola ​bilər ki, Azərbaycanda da təhsildə rüşvətin o dərəcədə böyük olmasını istəmirlər və qarşısını almaq üçün müəyyən addımlar atırlar. Amma bu addımlar kifayət deyil, çünki köklü islahatlar lazımdır.

Dünyada ən yaxşı təhsil sistemi Amerikadadır. Burada universitetlərdə akademik azadlıq adlanan bir məsələ var. Cəmiyyət azaddırsa universitet onun içində ən azad məkandır, bununla bərabər elmin, təhsilin inkişafı üçün o azadlıq vacibdir. Universitet azadlıq məbədidir. Təhsili inkişaf etdirmək istəyiriksə o azadlığa hazır olmalıyıq.”

Altay Göyüşov
Altay Göyüşov
ABŞ-ın Maryland Universitetinin beynəlxalq inkişaf üzrə magistrı, Rəşad Əliyev düşünür ki, Azərbaycanda siyasi sistemin qeyri-azad olması, əslində təhsil sahəsində ciddi islahatlara imkan verir: “Azərbaycanda inzibati amirlik sistemi var, çox güclü icra hakimiyyəti sistemi var, istənilən yaxşı bir təhsil layihəsini çox sürətlə, qısa müddətdə effektiv şəkildə həyata keçirmək mümkündür”.

Proqrama qoşulan, adının açıqlanmasını istəməyən tələbə isə qeyd edir ki, bu yaxınlarda Gəncədə Aqrar Universitetdə müəllim işləyən dostlarından biri mərkəzləşmiş rüşvətdən şikayətlənib, çünki daha rüşvəti müəllimlər yox dekanlıq, kafedra alır.

Ənvər İmanov tələbəyə qaynar xəttə müraciət etməyi məsləhət gördü: "Əgər fakt varsa, 496 34 82 və 496 37 61 nömrəsinə deyə bilər, günü sabah araşdırılacaq."

Fariz Namazlı
Fariz Namazlı
Hüquqşünas Fariz Namazlı deyir ki, insan hüquqları üzrə müvəkkil haqqında qanunda qeyd edilir ki, anonim şikayətlərdə kifayət qədər ciddi faktlardan bəhs olunursa, belə şikayət anonim olsa da araşdırma aparıla bilər:

“Bir məsələni də qeyd edim ki, ali məktəblərdə rüşvət təkcə sessiya imtahanlarında deyil. Tələbələrin problemlərindən biri də qayıb məsələsidir. Tələbə dərsə gecikir, yaxud gəlmir, qayıb yazılır, sonradan həmin qayıbı sildirmək də əlavə rüşvət mənbəyidir.
POLEMİKADA SƏSLƏNƏN TƏKLİFLƏR QISACA:

Ənvər İmanov:
Repetitor sistemini ləğv etmək lazımdır. Bizim abituriyentlər neçə illərdir repetitorların yanına gedir, test üsulu ilə qəbula hazırlaşırlar. Əsl tədris fəaliyyəti kənarda qalır. Sessiya imtahanlarında da verilmiş suallar ona yad görünür.

Rafiq İsmayıl:
Nə qədər ki Azərbaycanda insanların sosial haqları ödənmir, müəllim yaşamaq üçün kifayət qədər əməkhaqqı almır, nəfs şüura qalib gələcək. Bu məsələni köklü sürətdə həll etmək lazımdır.

Altay Göyüşov:
Bütün məsələlərə yenidən baxılmalıdır. Kadr siyasətinə yenidən baxılmalıdır. Əsas məsələ odur ki, rüşvəti universitetlərdən yığışdırmaq qərarına gəlirsiz və lazım olan bütün addımları atır, siyasi nəticələrdən, problematik məsələlərdən çəkinməyərək köklü islahatlara gedirsiniz.

Təhsili inkişaf etdirmək istəyiriksə o azadlığa hazır olmalıyıq.

Rəşad Əliyev:
Azərbaycanda inzibati amirlik sistemi var, çox güclü icra hakimiyyəti sistemi var, istənilən yaxşı bir təhsil layihəsini çox sürətlə, qısa müddətdə effektiv şəkildə həyata keçirmək mümkündür.

Verilişi tam şəkildə səsli variantda burada dinləyə bilərsiniz:



Polemikaya qatılan tələbələr, internet istifadəçiləri isə aşağıdakı fikirləri səsləndiriblər. Foruma daxil olan ideyaları burada izləyə və öz təklifini yaza bilərsiniz.
XS
SM
MD
LG