Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:32

Bakının bir rəqibi də azaldı


Olimpiya bayrağı
Olimpiya bayrağı
İtaliya 2020-ci ildə keçiriləcək olimpiya oyunlarına ev sahibliyi etməkdən vaz keçdi.

Beynəlxalq Olimpiya Komitəsi (BOK) isə Azərbaycanın Olimpiya Oyunlarına iddia ərizəsini qəbul edib. Bu haqda 2020-ci il Olimpiya Oyunları üzrə Azərbaycanın Təşkilat Komitəsi məlumat yayıb.

Azərbaycan olimpiadanın keçirilməsi üçün ötən ilin aprelində müraciət etmişdi.

Fevralın 14-də isə Azərbaycan Lozannada sifariş kitabçasını təqdim edib. Təxminən 100 səhifəlik kitabçada iddiaçı şəhər haqda yerli-yataqlı məlumat verilir. Onun idman infrastrukturu, şəhərdəki otellər, nəqliyyat sistemi, eləcə də növbəti 8 ildə tikiləcək idman kompleksləri barədə məlumat yerləşdirilir.

Milli Olimpiya Komitəsindən (MOK) AzadlıqRadiosuna deyiblər ki, kitabça 3 aya xarici mütəxəssislərlə birgə hazırlanıb.

MOK-un mətbuat katibi Camaləddin Rəhmanov: «O, böyük proseduradır, mərhələli prosesdir. Söhbət təkcə rəsmi müraciətdən getmir. Bakı indi iddiaçı şəhərdir. Daha sonra namizədlik məsələsi həll olunmalıdır».

Bakıda Güləş üzrə Avropa çempionatı, 13 aprel 2010
Bakıda Güləş üzrə Avropa çempionatı, 13 aprel 2010
«AZƏRBAYCANIN ŞANSLARI PİS DEYİL»

Sifariş kitabçası BOK-un Dəyərləndirmə Şöbəsində təhlil olunacaq. Komitənin İcraiyyə Komitəsinin apreldə keçiriləcək iclasında namizəd şəhərlərdən növbəti mərhələyə yüksələnlərin adları açıqlanacaq.

Olimpiada mübarizəsini davam etdirən şəhərlər bunlardır: Bakı (Azərbaycan), Madrid (İspaniya), İstanbul (Türkiyə), Tokio (Yaponiya), Doha (Qətər).

«Azərbaycanın şansları hələlik pis deyil». Bunu «Futbol+» qəzetinin redaktoru Mahir Rüstəmli deyir: «Hələlik qəti qərarın verilməsi üçün xeyli vaxt var. Amma Azərbaycanın qarşısında başlıca maneə Qarabağ münaqişəsi ola bilər. Çünki olimpiya oyunları barışı, əmin-amanlığı təbliğ edir. Ərazisində münaqişə olan dövlətdə olimpiya keçirilməsi çətindir. O zamana kimi münaqişə həll olunacaqmı, demək çətindir».
XS
SM
MD
LG