Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:44

Nardaranda saxlananlara dövlətə xəyanət ittihamı


Nardaran Ağsaqqallar Şurasının Sədri Natiq Kərimov
Nardaran Ağsaqqallar Şurasının Sədri Natiq Kərimov
Son bir həftə ərzində Nardaranda 10-dan çox qəsəbə sakini saxlanılıb. Bu barədə AzadlıqRadiosuna məlumat verən Nardaran Ağsaqqallar Şurasının Sədri Natiq Kərimov deyir ki, hələlik MTN-ə aparılıb geri qayıtmayanlardan 9 nəfərin adı məlumdur. Saxlanılanlar arasında onun xalası oğlanları Məmmədtağı və Əbülfəz Zəkiyevlərlə yanaşı kiçik qardaşı Niyazi Kərimov də var:

RUHİ DİSPANSERDƏN APARILAN VAR

«Niyazi Kərimovun bir azyaşlı uşağı var. 1961 –ci il təvəllüdlüdür. Onu fevralın 17-də Maştağa Ruhi Dispanserində palatadan aparıblar. Mən heç nə bilmirdim, vəkil xəbər verib mənə. Digər saxlanılan kənd sakinləri Ələkbərov Həmidağa Tofiq oğlu, Qasımov Rahim Müseyib oğlu, Tağıyev Elman Ramiz oğludur. Bunlardan başqa «İslam Həqiqətləri» qəzetinin baş redaktoru Bünyatov Əbülfəz Hacı Heybət oğlu və son vaxtlar terrorla bağlı adı hallanan hacı Balaqardaş Dadaşovun bacısı oğlu Əli də həbs olunub».

Natiq Kərimov deyir bir həftədir bu proses davam edir. Sadəcə kənd camaatı məlumatın yayılmasını istəmirdi ki, bəlkə aparılanlar tezliklə qayıdarlar. Amma indi bəlli olur ki, vəziyyət başqa cürdür. Onun sözlərinə görə, dövlət tərəfindən təyin edilmiş vəkil deyir ki, adı çəkilən şəxslər vətənə xəyanətdə şübhəli bilinirlər. Natiq Kərimov əmindir ki, yenə də bu həbslər İranla əlaqələndiriləcək. Deyir dövlətin dindarlara belə rəftarından tamam yorulublar.

DÖVLƏTƏ XƏYANƏT İTTİHAMI

MTN-dən hələlik məsələyə münasibət öyrənmək mümkün olmayıb. Saxlanılanlardan Niyazi Kərimovun vəkili Xədicə Şirinova deyir ki, müdafiə etdiyi şəxs Cinayət Məcəlləsinin 274-cü - yəni dövlətə xəyanət maddəsilə ittiham olunur. İşin istintaqını MTN aparır.

Vəkil Xədicə Şirinova deyir ki, Niyazi Kərimov şübhəli şəxs qismində istintaqa cəlb olunan gündən dövlət tərəfindən onun vəkili təyin edilib.

Milli Təhlükəsizlik Nazirliyinin binası
Milli Təhlükəsizlik Nazirliyinin binası
Fevralın 20-də Azərbaycan İslam Partiyası yaydığı bəyanatda bildirib ki, «son günlər ölkədə tanınmış, hörmətli şəxsiyyətlər daha çox narkotika ilə əlaqələndirilib təhdid olunurlar. Saxlanılan və həbsə alınanların ruhani təbəqəsinin təmsilçiləri, dindarların olması bu addımların daha çox təxribat şəklində həyata keçirilməsi şübhəsini yaradır». AİP bəyan edir ki, Azərbaycanın hazırkı şəraiti hakimiyyətdən siyasi, vicdan məhbuslarının sayını artırmağı, ruhanilərə qarşı repressiya aparmağı deyil, haqsız həbs olunanları azadlığa buraxmağı tələb edir.

DÖVLƏT QURUMLARI AÇIQLAMA VERMİR

Şərq-Qərb Araşdırmaları mərkəzinin rəhbəri Ərəstun Oruclu deyir isə deyir ki, əslində Nardaranda baş verənlər İran- Azərbaycan münasibətlərində yaranmış indiki gərginliyin fonunda kütləvi həbsdir. Bu həbslərin nə dərəcədə əsaslandırılmış olmasını söyləmək isə çox çətindir, çünki Azərbaycanda hətta məhkəmə qərarına belə istinad etmək mümkün deyil:

«Bu həbslərlə bağlı maraqlı məqam odur ki, heç bir dövlət qurumu, o cümlədən onların həyata keçirilməsində adı çəkilən MTN də heç bir açıqlama vermir. Bu da artıq bu hadisənin əvvəlki dalğanın, yəni dindarların həbsinin davamı olması barədə müəyyən fikirlərin yaranmasına əsas verir. Mən hesab edirəm ki, burada müəyyən bir düşünülmüş oyun elementləri də var. Çox təəssüf ki, belə proseslərdə bir çox hallarda günahsız insanlar həbs olunur».

Ərəstun Oruclu deyir ki, İranın Azərbaycanda maraqları var. Maraq olan yerdə İrana casusluq edənlərin olması da təbii haldır. Amma bu heç də əsas vermir ki, bəzən günahsız adamlar saxta ittihamlarla həbs edilsin.

SAXLANILANLAR ARASINDA JURNALİST DƏ VAR

Soldan: Anar Bayramlı Səhər TV üçün reportaj hazırlayarkən
Soldan: Anar Bayramlı Səhər TV üçün reportaj hazırlayarkən
Fevralın 17-si axşam saatlarında İranın «Səhər» telekanalının Azərbaycandakı müxbiri Anar Bayramlı saxlanılaraq Binəqədi Polis İdarəsinin 4-cü bölməsinə aparıb. Onun vəkil Anar Qasımov deyir ki, Anar Bayramlıya qarşı qanunsuz narkotik saxlama ittihamı ilə bağlı cinayət işi başlanıb.

«İran televiziyasının müxbiri kimi təqdim olunan adda İran televiziyasının Azərbaycanda rəsmi akkreditasiyadan keçmiş jurnalisti, müxbiri, yaxud əməkdaşı yoxdur».
Bunu Azərbaycan Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov İran televiziyasının müxbiri kimi təqdim edilən Anar Bayramlının saxlanmasına münasibət bildirərkən deyib.

Media Hüququ İnstitutu «Səhər» telekanalının müxbiri Anar Bayramlının həbsi ilə bağlı bəyanat yayıb. İnstitut jurnalistin həbs olunmasından narahatlığını bildirir.
XS
SM
MD
LG