Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:49

İsa ad günündə həmişə paxlava istəyərdi, bu il bişirə bilmədim...


Ələviyyə xanım və Cavid Zeynallı
Ələviyyə xanım və Cavid Zeynallı

İsa İsmayılzadənin ömür-gün yoldaşı Ələviyyə xanım: "İsanın ailəsi sünni olub, biz qatı şiə idik. Deyirdilər, bunun axırı nə olacaq, necə olacaq. Xalam anama dedi, day nə edək, on bir qızımız var, birini verək, elə bil dənizdə boğulub ölüb.

Cavidlə xatırlamaq

(Şair İsa İsmayılzadənin evindən reportaj)


...Diktofonu söndürər-söndürməz, Ələviyyə xanımın dediyi bircə cümlədən yaman alındım. Və mənə elə gəldi ki, əslində, bizim söhbətimiz məhz bu cümlədən sonra başlaya bilərdi. Amma nə faydası, gec idi, çox gec...


- Çəkinmə sən Allah, İsa ad günündə həmişə paxlava istəyərdi, bu il bişirə bilmədim, almışam, sən də tamına bax, ruhu şad olar!

Fincanda soyuyan çayı dəyişmək istəyəndə razı olmuram. Gecdir, üç saatın haradan-hara gəlib keçdiyindən xəbərim olmayıb, işə qayıtmalıyam. Gödəkcəmi əynimə keçirib qapıya səmt alanda boynumu qucaqlayıb öpür. Bütün söhbət boyu özünü toxtaq tutan bu qadının kirpiklərində nəm görürəm:

- Barışa bilmirəm İsanın yoxluğu ilə. Heç olmasa Arazın toyunu görə bilmədi, məni yandıran budur.

***

Araz İsa İsmayılzadənin böyük oğludur. Soruşuram ki, uşaqlığınızın atanızla bağlı hansı xatirəsi tez-tez yadınıza düşür? Deyir:

- Atam bizə qarşı həmişə həssas olub, yanımızdan yel ötəndə narahat olardı, canını qoymağa yer tapmırdı. Amma dərslərimizdə heç vaxt güzəştə getməyib, məktəbdə aşağı qiymət alanda üzünə baxa bilməzdik. İki qardaş, bir bacıyıq, üçümüz də ali təhsil aldıq. Mən Tibb İnstitutunu bitirdim, indi diş həkimi işləyirəm, qardaşım Xəzər Universitetini bitirəndən sonra Londona dəvət etdilər, üç ildir orda yaşayır. Bir dəfə univermağa mənə gödəkcə almağa getmişdik. İstəyirdi, bir az gen gələnini alsın ki, əynimi qalın edəndə rahat geyinə bilim. Gözüm tutan bir gödəkcə vardı, əynimin əsl ölçüsü idi, bir-iki aya bəlkə darlıq edəcəkdi, amma çox xoşuma gəlmişdi. Mənə başqa gödəkcə aldı, amma hiss elədi ki, razı qalmadım. Səhəri anama demişdi ki, Arazı apar, hansı gödəkcəni istəyir al, uzaq başı beş aydan sonra əyninə gəlməyəcək, eybi yox!

- İsa ilə bağlı o qədər xoş xatirə var ki... – Ələviyyə xanımın gözləri yol çəkir, uzun-uzadı nə isə düşünür, başını aram-aram tərpədir - 70-ci illərdə Bakıda banan satılmırdı. İsadan həmişə soruşurdum ki, onun dadı-tamı necə olur? Araz uşaq olanda Moskvaya müalicəyə apardıq. Mehmanxanada qalırdıq. Bir dəfə İsa çox gec qayıtdı. Gələndə dedim ki, hamının gedəni qayıtsın, bizimki də onun içində. Harada qalıbsan, bu vaxt adam gələr? Qaşqabağını salladı ki, eh, sənin də bəxtin yoxdur. Soruşdum axı, nə olub? Dedi, növbəyə durmuşdum, sənə banan almaq istəyirdim, gec oldu, mağazanı bağladılar...

- Ələviyyə xanım, istərdim lap başdan başlayaq. Bir-birinizi necə tanıyıbsınız?

Fikrə gedir. Hiss edirəm ki, o illərə yenidən qayıtmaq bu qadın üçün çox çətindir. Arazın üzünə baxır, deyəsən, tərəddüd edir ki, danışım ya yox? Arazın “danış, burda nə var? Bəlkə mənim də bilmədiyim nə isə var” deməyindən ürəklənsə də, elə bil, fikrini cəmləyə bilmir. Diktofona işarə ilə “yazmağımı istəmirsinizsə, diktofonu söndürüm, arxayın olun” deyirəm.

- Yox-yox, niyə yazmırsan, yaz! İsa bizim qonşumuz olub. Aramızda doqquz il yaş fərqi var. Özü də, hamı İsanı çox istəyirdi. Məktəbi qızıl diplomla qurtarmışdı. Mən birinci sinfə gedən il İsa İnstituta qəbul oldu. Həmişə kəndə gedəndə qohum-əqrəbası yığışardı, quzu kəsərdilər, yeyib-içmək olardı. Məni də həmişə maraq götürərdi ki, Bu İsa nə İsadır elə, heç kimin dilindən düşmür, gələndə nəsillərində, evlərində toy-bayram olur, hamı sevinir. Mən məktəbi rus sektorunda oxumuşam. Həmişə İsagilin evinə gedib kitablarını götürərdim, oxuyardım. Evə gələndə anası bunu İsaya demişdi. Bir dəfə də kitab dalınca
İsa İsmayılzadənin oğlu Araz
İsa İsmayılzadənin oğlu Araz
gedəndə anasına Allah rəhmət eləsin, dedi, yerimiz yox idi, İsanın kitablarını evin damına yığmışıq. Eləmədim tənbəllik, qalxdım dama, özümə iki-üç kitab götürdüm. Tətildə gələndə demişdilər ki, qonşunun qızı dama qalxıb sənin kitablarını apardı. İsanın bacısı bizim qapı qonşumuz idi. Bacısına baş çəkəndə məni də görməyə gəldi. Soruşdu ki, nə oxuyursan, hansı yazıçıları sevirsən? Həqiqətən mən o vaxt çox kitab oxuyurdum, xeyli söhbət elədik. 1967-ci ildə mən imtahan üçün Bakıya gəldim. O vaxt Bakıda heç kimimiz yox idi. İmtahana hazırlaşmağa kitab lazım idi. İsaya zəng etdim. Dedi, tapıb gətirəcəyəm. Görüş yerini Səməd Vurğun heykəlinin yanına təyin etdik. Gördüm, İsa heykəlin yanında var-gəl edir. Qəsdən yolun o biri üzünə keçdim ki, bir az gözləsin. Beş dəqiqədən sonra yaxınlaşdım. Acıqlandı ki, söz verirsən, özün də gecikirsən. Mən də gizlətmədim, necə olubsa elə danışdım. Kitabı aldım, tapşırdı ki, nə çətinliyin olsa, xəbər et mənə. Mən İnstituta qəbul olanda mənim üçün kirayə evi İsa tapdı. Sonradan bildim ki, instituta gedəndə, dərsdən çıxanda İsa məni izləyirmiş. Birinci kursu bitirəndə dedi Ələviyyə, anamı sizə göndərəcəyəm, nə deyirsən? Güldüm, qayıtdım ki, gedir getsin də! Biz qonşuyuq, anan gündə bizdədir. O vaxt mən axşam növbəsi oxuyub, gündüz mətbəədə işləyirdim. Anam elə hey zəng edirdi ki, ay qız gəl, ay qız harda qaldın. Getdim evə. Məsələnin nə yerdə olduğunu anamdan öyrəndim. İsa o vaxt üzdə olan cavan idi, kənddən beş-altı qız göstərmişdilər, bəyənməmişdi. Düzünü deyim, anam məni İsaya vermək istəmirdi. Nəyə görə? İsanın ailəsi sünni olub, biz qatı şiə idik. Deyirdilər, bunun axırı nə olacaq, necə olacaq. Xalam anama dedi, day nə edək, on bir qızımız var, birini verək, elə bil dənizdə boğulub ölüb. Amma sonra xoşbəxt olduq, hər şey gözəl oldu.

- Toyunuzda İsa müəllimin dostlarından kim var idi?

- Zənnim məni aldatmırsa, Tofiq Abdin gəlmişdi. Amma dəqiq bilmirəm, birdən səhv
soldan: İntiqam Qasımzadə, Əkrəm.Əylisli, İsa İsmayılzadə, Mövlud Süleymanlı...
soldan: İntiqam Qasımzadə, Əkrəm.Əylisli, İsa İsmayılzadə, Mövlud Süleymanlı...
edərəm. Toyumuzun səhəri gəldik Bakıya. İsa o vaxt “Ədəbiyyat və İncəsənət” qəzetində işləyirdi. Dolanışığımız da pis deyildi. Gen-bol yaşamasaq da, korluq çəkmirdik. Qonorarı olurdu, iki ildən bir kitabı çıxırdı. Həmişə deyirdim ay İsa, gəl pul yığaq, qızıl alaq, uşaqlara lazım olacaq. Acığına gəlirdi, deyirdi, nə istəyirsən, bir kitab çıxarıb Arazın toyunu edəcəm, qızılını alacam. Bir kitabına 20 min rubl qonorar vermişdilər. 15364 rubluna təzə Qaz-24 aldı.

Ələviyyə xanımın danışdıqlarına məndən artıq Araz maraq göstərir. Tez-tez də deyir ki, bunu mən bilmirdim. Sonra özü söhbətə qoşulur.

- Atamın Qabillə möhkəm dostluğu olub. Bir dəfə Kürdəmirə gedirmişlər, yol boş, Qabil də maşını qırxdan yuxarı sürmürmüş. Atam deyib, ürəyim çəkildi ki, sürəti artır. Qabil qayıdıb, İsa sənin xətrinə əlli, indi rahat ol! Dostları həmişə onu xatırlayıblar, təmənnasız münasibətləri olub. Keçən il 70 illiyində böyük bir tədbir keçirdik. Hidayət Orucov, Sabir Rüstəmxanlı, Tofiq Abdin, Zakir Fəxri, Vaqif Yusifli, Nəriman Əbdürrəhmanlı... hamısı çıxış edib atam haqqında xoş sözlər dedilər. Nəriman Ədürrəhmanlını mən atam öləndən sonra tanımışam. Həmişə təmənnasız, isti münasibəti olub bizə.

- Mənim bildiyimə görə, İsa İsmayılzadənin dünyasını dəyişməsi qəfildən olub...

- İsa sağlam, gümrah adam olub. İnan, yemək yeyəndə adamı iştaha gətirirdi. Arağa, siqaretə alüdəçiliyi olmayıb.

Araz:

- Atamın beynində şiş vardı. Bunu adi halda heç kim hiss edə bilmir. Beyin xərçənginin pis xüsusiyyəti odur ki, özünü nə vaxt hiss etdirirsə, onda artıq gec olur. Bəxti orda gətirdi ki, atam ağrısız köçdü dünyadan. Yuxunu sevən adam deyildi, amma son vaxtlar yatmağa çox meyl edirdi. Tez-tez halsızlaşırdı, yaddaşında problemlər yarandı. Beyin xərçəngi diaqnozunun qoyulması ilə rəhmətə getməsi on səkkiz gün çəkdi. Biz həkimə müayinəyə aparanda həkim daxili orqanlarını yoxlayıb təəccübləndi. Sapsağlam adam idi. Əvvəllər siqaret çəkib tərgitmişdi. Qarabağ işğal olunandan sonra yenə siqaretə
İsa İsmayılzadənin uşaqlıq şəkli
İsa İsmayılzadənin uşaqlıq şəkli
qurşandı, çox fikir çəkirdi. Həmişə deyirdi, bundan sonra bir misra da yaza bilmərəm. Həmin ərəfədə mən də gizlin-gizlin siqaret çəkməyə başlamışdım. Sən demə kişi xəbər tutubmuş. Bir dəfə dedim ata, siqareti tərgit, ziyandır. Qəfildən düz gözümün içinə baxıb, “sən çəkmə, mən də tərgitim” dedi. Tutuldum, çox utandım. Amma geriyə yol yox idi. Onsuz da hər şeyi öyrənmişdi. Özümü sındırmadım. Dedim, mən razı, bu gündən bir də siqaret çəkməyəcəm. Biz böyüyəndən sonra atam bizimlə dost olmuşdu. Hədən artıq həssaslığı məni həmişə narahat edib. Fələstində bir körpə öləndə, özünə dərd edirdi. 90-cı ildən sonra təzə paltar geymirdi ki, camaatın tənəsinə tab gətirə bilmərəm, dost-tanış nə fikirləşər? Yaxın qohumlarımızdan savayı heç kimin toyuna getməzdi. Televizorda konsert veriləndə, əsəbiləşirdi ki, oxumaq-oynamaq bu millətin harasına yaraşır? Bizim nəsil uzunömürlülər nəslidir, nənəmiz 115 yaşında dünyasını dəyişib. Atamın xərçəngə tututulmasının səbəbi qayğılar, həyəcan, keçirdiyi stresslər idi. Mən həmişə onun ürəyindən qorxurdum. İndi kimə desən ki, filan kəs təzə kostumunu geyməyə utanır, adama gülərlər. Anam həmişə deyirdi, ay kişi, toya geymirsən, heç olmasa, çörək almağa gedəndə əyninə keçir, paltar təzə qalanda düşər-düşməzi olur.

- Ələviyyə xanım, ənənəvi sualımız var, istəyirəm sizdən də cavab alım. İsa müəllim qastrollarda, qonaqlıqlarda olanda, evə gec gələndə aranızda narazılıq olurdu?

- İsanın bir xasiyyəti vardı: evə gec gələndə həmişə zəng edərdi ki, məndən nigaran qalmayın. Bir dəfə xəbər etməmişdi, Məmməd Oruca zəng vurdum. O vaxt biz bağ qonşusu idik. Sonralar Məmməd zarafatla deyirdi ay İsa, sən bunları nə pis öyrədibsən. Kişi bir yerə gedəndə qadının nə ixtiyarı var, ondan hesabat istəsin. Yaradıcılıq evlərinə gedib yazırdı, evə gələndə deyirdim, bu sənin üçün istirahət olmadı, get rayonların birinə yaxşı dincəl!

Söhbətimiz uzun çəkdi, çox uzun. Ələviyyə xanımla şəkilləri incələdik, yazıçı və şairlərdən kimin gənclik simasını tanıya bilmirdimsə, o saat eynəyini gözünə taxıb təmkinlə, birbəbir adları sadalayırdı: Məsələn, bu Elçin Əfəndiyevdir, bu Mövlud Süleymanlı, bu Vaqif Yusifli, bu İntiqam Qasımzadə... Şəkillərdən İsa İsmayılzadənin hərdən ciddi, amma daha çox təmkinli, mülayim çöhrəsi boylanırdı. Araz düz deyir, 90-cı illərdən sonra çəkdirdiyi bütün şəkillərdə qayğılı, kədərli və hüznlü görünürdü. Elə bil, zəmanənin ağrı-acısı, gün-güzaran çətinliyi qəddini əymişdi şairin. Özü demişkən:

Mən bir termos şüşəsiyəm,
Çilik-çilik olmuşam,
Tökülmüşəm içimə.
(Eh, kimin nə vecinə)


CAVİD ZEYNALLI
oxuzali.az
İsa İsmayılzadə Moldovalı şairə Qalina Furdujla...
İsa İsmayılzadə Moldovalı şairə Qalina Furdujla...


İsa İsmayılzadə bir oxucusu ilə
İsa İsmayılzadə bir oxucusu ilə

SOLDAN: Ələviyyə xanım, İ. İsmayılzadənin anası Ayna xanım, atası Mustafa kişi və İsa İsmayılzadə...
SOLDAN: Ələviyyə xanım, İ. İsmayılzadənin anası Ayna xanım, atası Mustafa kişi və İsa İsmayılzadə...

Ələviyyə xanım
Ələviyyə xanım


soldan: İsa İsmayılzadə, İsrail Mustafayev, Yalçın Rzazadə, Sabir Əhmədli, Sabir Rüstəmxanlı...
soldan: İsa İsmayılzadə, İsrail Mustafayev, Yalçın Rzazadə, Sabir Əhmədli, Sabir Rüstəmxanlı...

Ailəsi İsa İsmayılzadənin məzarı başında
Ailəsi İsa İsmayılzadənin məzarı başında
XS
SM
MD
LG