Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:22

"Titanik"in qalıqları mədəni abidə elan edildi və bundan sonra qorunacaq


1912-ci ildə qəzaya uğramış "Titanik" səyahət gəmisinin qalıqları bundan sonra BMT-nin mədəniyyət bölümü olan YUNESCO tərəfindən qorunacaq.

Gəminin qalıqları sualtı mədəni irs obyekti elan edilib.

Bu barədə YUNESCO-nun yaydığı açıqlamada deyilir.

"Titanik" 1912-ci il aprelin 14-dən 15-ə keçən gecə Atlantika sularında aysberqlə toqquşaraq batıb.

Sualtı mədəni irsin qorunması haqda beynəlxalq konvensiyaya görə, hansısa obyekt üstündən bir əsr keçəndən sonra sualtı abidə elan edilə bilər.

"Titanik" bundan sonra həmin konvensiya ilə qorunacaq.

YUNESCO bildirir ki, "Titanik"in qalıqları Nyufaundlend adası yaxınlığında beynəlxalq sularda 4 kilometr dərinlikdədir.

Buna görə də heç bir ölkə məxsusi olaraq həmin qalıqlara iddia edə bilməz:

"Bundan sonra Konvensiyanı imzalamış ölkələr qəza yerindən qanunsuz olaraq götürülmüş, oğurlanmış əşyaların yayılmasına, alınıb-satılmasına mane olmaq hüququna malik olacaqlar" - deyə açıqlamada qeyd edilir.

"Həmin ölkələr gəmi qalıqlarını qorunmasını təmin edə və oradakı insan qalıqlarına sayqısız münasibətin qarşısını ala bilərlər".

Sualtı mədəni irsin qorunması haqda beynəlxalq konvensiya 2009-cu ildən qüvvəyə minib və onu indiyəcən 41 ölkə imzalayıb.

1911-ci ildə suya buraxılarkən "Titanik" dünyanın ən böyük gəmisi idi.

Uzunluğu 269 metr idi.

O, 1912-ci il aprelin 10-da Britaniyanın Sauthempton limanından çıxaraq Nyu-Yorka yola düşüb.

Aysberqlə toqquşmadan 2 saat 40 dəqiqə sonra batıb.

Gəmidəki 2224 sərnişin və heyət üzvündən 1513-ü faciə nəticəsində həyatını itirib.

Xilas olanlar əsasən gəmidən ilk olaraq evakuasiya edilmiş uşaq və qadınlar idi.
XS
SM
MD
LG