Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:45

Sumqayıtda 120 ailə təhlükədə (VİDEO)


Sumqayıtda 120 ailə təhlükədə
Gözlə

No media source currently available

0:00 0:03:19 0:00
Direct-ə keçid

Sumqayıtda 120 ailə təhlükədə

-
«Bu, bizim binadır, uçub-dağılır. Qorxuruq ki, uşaqlar oynadığı yerdə başlarına kərpic düşər».

Sumqayıt avtovağzalının yaxınlığında, «15-ci məhəllə»dəki yataqxananın sakinləri həyatlarına hər an təhlükə olacağından narahatdırlar. Yataqxana sakini Sahibə Vəliyeva deyir ki, binada yaşayan 120-yə yaxın ailə hər gün qorxu içindədir. Onun dediyinə görə, xeyli vaxtdır rəsmi qurumlara etdikləri müraciətlərə cavab verən yoxdur:

HƏM MƏTBƏX, HƏM HAMAM, HƏM TUALET

«Baxın, tavandan su tökülür, tavan çökür. Bu, bir gün tam çökəcək axı. Baxın bura – həm mətbəxdir, həm hamam, həm də tualet. Tavandan da su axır. Bir gün başımıza uçacaq. Düz 17 ildir belədir. Biz bütün bunları demək istəyirik, buna görə bizim ağzımızı yummaq istəyirlər ki, səsimiz çıxmasın».

Bir neçə gün əvvəl qaz idarəsinin binaya gələn qazı dayandırması isə adamları bir az da narazı salıb. Sakinlər qazın kəsilməsinə etiraz olaraq aprelin 23-də yataqxananın arxasından keçən avtomobil yolunu bağlayıblar. Aksiyadan sonra binaya qaz verilməsi bərpa edilib.

Sakinlərin istəyi odur ki, ya yaşadıqları yataqxana təmir edilsin, ya da onlar haradasa yaşayış yeri ilə təmin
olunsunlar.

«BİZİ EVLƏ TƏMİN ELƏSİNLƏR»

Sakin Xalidə Zamanova:

«Ermənistandan qaçqın düşmüşük, 1994-cü ildən də burda yaşayırıq. Bizə bir şərait qursunlar, biz burda nəmişlikdən, ilbiz əlindən yaşaya bilmirik. Uşaqlarımın ikisi də nəmişlikdən astma olub. Mən bayram gününü xəstəxanada keçirmişəm. Azərbaycan qadını kimi prezidentdən, Mehriban xanımdan xahiş edirik. Niyə başqalarına güzəşt edirlər, bizə yox? Camaatı evlə necə təmin edirlər, bizi də elə təmin eləsinlər».

«YOLU BAĞLAYAN QADINLAR OLUB, POLİS İSƏ...»

Qəzalı binada yaşayanları narahat edən digər bir məsələ etiraz aksiyasından sonra binada yaşayan 1-ci qrup əlil Faiq Hüseynovun polisə çağırılmasıdır. Bina sakini Aynurə Ramazanova deyir ki, yolu qadınlar bağlayıb, Faiq Hüseynovun bu aksiyanın keçirilməsində heç bir rolu olmayıb.
Bu səbəbdən də bütün bina sakinləri onun sakit buraxılmasını tələb edirlər.

Yataqxana həyətinə toplaşan qadınlar bir qədər sonra Şəhər Polis İdarəsinə yollandılar. Hələ qadınları qəbul etməzdən əvvəl polis rəisinin müavini Azər Cahangirov bildirdi ki, həmin şəxs polisə şikayət edib, polis də onu dinləmək üçün idarəyə çağırıb.

Polis idarəsində olduğumuz müddətdə idarənin qarşısına yığılan qadınları Sumqayıt şəhər Polis İdarəsinin rəisi Əkbər İsmayılov qəbul edib. Daha sonra yataqxana sakinlərindən 3-ü, polis rəisi və onun müavini Sumqayıt şəhər İcra Hakimiyyətinə yollanıblar. Onları icra başçısı Eldar Əzizov qəbul edib.

«İCRA BAŞÇISI DEDİ Kİ, MƏNƏ BİR AZ VAXT VERİN»

Görüşdə iştirak edən Aynurə Ramazanovanın AzadlıqRadiosuna dediyinə görə, icra başçısı problemin həlli üçün onlardan möhlət istəyib və yaxın vaxtlarda yataqxanada təmir işlərinə başlanacağını bildirib:

«Biz bir-bir problemlərimizi danışdıq. Eldar müəllim qaz problemi və binanın təmiri ilə bağlı söz verdi. Dedi ki, bu həftə gələcək, binanın həyətində bizimlə görüşəcək. Qeyd elədi ki, pul və sərəncamı gözləyirik. Həm də bildirdi ki, bu məsələdən prezidentin də xəbəri var. Dedi, mənə bir az vaxt verin. İndi biz də səbrimizi sıxıb gözləyirik».

Aynurə Ramazanova deyir ki, onlar görüşdə 1-ci qrup əlil Faiq Hüseynovun təqib olunması məsələsini də qaldırıblar. Onlara bu problemin də həll olunacağını deyiblər.
XS
SM
MD
LG