Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:41

Bəhram Bağırzadə: «Bu çempionatda yaxşı qollar olacaq»


Top-Top Qız və Bəhram Bağırzadə
Top-Top Qız və Bəhram Bağırzadə
Saçını at quyruğu formasında yığıb, ayağını şəstlə futbol topunun üstünə qoyub. Əynində göy, qırmızı, yaşıl rəngləri özündə birləşdirən forma var. Gözlərindən qaliblik yağır. İndi onu Azərbaycanın bölgələrində, Bakıdakı ticarət mərkəzlərində, turizm sərgilərində, bayram tədbirlərində tez-tez görmək olur. Bu, sentyabrda Bakıda keçiriləcək futbol üzrə 17 yaşlı qızlar arasında dünya çempionatının talismanıdır.

Rəsmi şüarı «11 ürək, 1 istək» olan çempionatın rəsmi maskotu Top-Top Qızdır. Adın müəllifi Bəhram Bağırzadədir:

«Mən qürur hissi keçirirəm. Sevinirəm ki, bu çempionat məhz Azərbaycanda keçiriləcək. Kiçik olsa da, mən bu işi gördüm. Top-Top Qız adını tapdıq. Top bildiyiniz kimi topdur. Hamı bilir ki, top-top oynamaq nədir. Mənə elə gəlir ki, bu çempionatda yaxşı zərbələr, qollar olacaq. Top həm də ingilis dilində «ən yüksək» deməkdir. Mən bu adı dünyada ən gözəl qadınlara, ən qəşəng Azərbaycan qadınlarına həsr edirəm. İstəyirəm ki, onlar həmişə yüksəkdə olsunlar».

FIFA U-17 qadınlararası Dünya Çempionatı sentyabrın 22-də Tofiq Bəhramov adına stadionda start götürəcək. Ev sahibi olduğundan Azərbaycan yığması çempionatda seçmə mərhələni keçmədən iştirak edəcək.

Azərbaycanın 17 yaşlı qızlardan ibarət yığma komandası iki ilə yaxındır formalaşıb. Yığmanın baş məşqçisi Sissy Raith deyir ki, dünya çempionatına gərgin hazırlaşırlar:

«Komanda indi əhəmiyyətli dərəcədə inkişaf edib. Əvvəl-əvvəl başlayanda belə deyildi. Qabaq oyunçuların ötürmələri belə alınmırdı. İndi isə əhəmiyyətli dərəcədə inkişaf var».

QALİB GƏLƏCƏYİMİZƏ İNANIRIQ

Builki dünya çempionatında 16 komanda iştirak edəcək. Artıq onlardan onunun - Braziliya, Uruqvay, Kolumbiya, Qambiya, Nigeriya, Qana, Çin, Şimali Koreya, Yaponiya və Yeni Zelandiya yığmalarının iştirakı təsdiqlənib.

Günay İsmayılova
Günay İsmayılova
Azərbaycan yığmasının qapıçısı Günay İsmayılova deyir ki, komandanın təcrübəsi çox olmasa da, qızlar yaxşı oyun göstərəcəklərinə əmindirlər:

«Dünya çempionatında öz rəqiblərimizə qalib gələcəyimizə əminik».

Futbolçu Jalə Məmmədova da deyir ki, gərgin məşqlərinin bəhrəsiz qalmayacağına inanır:

«Yaxşı hazırlaşırıq, məşqlər gedir. Həmişə birinciyik, birinci də olacağıq».

İNZİBATİ YOLLA KOMANDA YARADILIRSA...

Futbol şərhçisi Coşqun Eldaroğlu isə Azərbaycanda qadın futbolunun inkişafı haqqında tərəddüdlə danışır. Onun fikrincə, inzibati yolla indi komanda yaradılırsa, inkişafdan danışmaq çətindir:

​«Azərbaycanda qadın futboluna o qədər də maraq yoxdur. Çünki qadınlar arasında ölkə çempionatı keçirilmir. Əvvəlcə ölkə çempionatı keçirilməlidir. Bundan sonra yığma komandalardan danışmaq olar. Azərbaycanda ölkə çempionatı yoxdur, klub formatı yoxdur. Futbol komandaları yoxdursa, hansı milli komandadan danışmaq olar. Belə çıxır ki, süni şəkildə çempionat keçirilir. Bir çox istiqamətlərdə iş aparmaq lazımdır. Burada maarifləndirmə, infrastruktur, kütləviliyin yaradılması lazımdır».

Beynəlxalq dərəcəli futbol hakimi Venera Muradova da deyir ki, qızların püxtələşməsi üçün komanda oyunları tez-tez keçirilməlidir:

«Qadın futbolu üçün həm də fanat olmaq lazımdır. Əsas praktikadır, məşqlərin nəticəsi oyundur. Əsas odur ki, turnirlər sıx keçirilsin».
Qadınlardan ibarət Azərbaycan millisi
Qadınlardan ibarət Azərbaycan millisi

SIFIRDAN BAŞLANAN OYUN

AFFA mətbuat xidmətinin rəhbəri Mikayıl Nərimanoğlu isə deyir ki, onlar sıfırdan başlayıblar:

«Bizdə qadın futbolu yox idi. Yuxarı yaş qruplarında komandalar da yox idi. Biz ona görə 17 yaşlılardan başladıq ki, iki il ərzində komanda hazırlamaq mümkündür və hazırlayırıq da».

AFFA-nın baş katibi Elxan Məmmədov deyib ki, çempionatın keçirilməsi Azərbaycan üçün böyük sınaq olacaq:

«Bu sınaqdan yaxşı çıxsaq, o zaman FIFA və UEFA-nın növbəti yarışlarının final mərhələsi Azərbaycanda keçirilməsi üçün müraciət edə bilərik. Əsas odur ki, qarşıdakı dünya çempionatını yüksək səviyyədə keçirək».

NİYƏ FUTBOL OYNAYIRSIZ?

Azərbaycanın qadınlardan ibarət futbol yığması ilk dəfə 2006-cı ilin noyabrında Avropa Çempionatının seçmə turnirinə qatılıb. Bundan sonra bir neçə beynəlxalq turnirlərdə iştirak edib və belə turnirlərə ev sahibliyi edib. 2010-cu ilin avqustunda dünya çempionatının seçmə mərhələsinin oyunları başa çatan kimi AFFA yığmanın fəaliyyəti dayandırmışdı. Həmin vaxt AFFA bildirmişdi ki, yığmanın son 4 səfər oyununda üst-üstə 54 qol buraxması, komandanın baş məşqçisiz çıxış etməsi, ölkədə qadın futbol klublarının və onların çempionatının olmaması da buna təsir edib.

Qadınlardan ibarət Rusiya millisi
Qadınlardan ibarət Rusiya millisi
İndi ölkədə dünya çempionatının keçirilməsi isə futbol ictimaiyyətində ümid yaradıb. Elə qadın futbolu üzrə səfir Steffi Jones Bakıda yığmanın üzvlərinə bu sualla müraciət etmişdi:

– Niyə görə futbol oynayırsınız?

Cavab isə belə olmuşdu:

– Azərbaycanda qadın futbolunu inkişaf etdirmək üçün.

BAKI SAKİNLƏRİ VƏ QADIN FUTBOLU

Bakı sakinlərinin isə qadın futbolu ilə bağlı fikirləri müxtəlifdir:

- Bizdə qadın futbolunun inkişafına inanmıram.

- Futbolu həmişə oğlanlar oynayıb. İndi qızlar da oynayır. Çox maraqlıdır. Mən qızımın futbolçu olmasını istəyərəm.

- Məncə, bacararlar. Ancaq pul lazımdır. Pul olsa, qadın futbolu inkişaf edər.

- Məncə, bizdə qadın futbolu çox zəifdir.

- Çox işləsələr, irəliləyiş olacaq.

- Oğlanlar futbolçu doğulur, qızlarda isə başqa cürdür, ancaq inkişaf etdirmək olar.

- Vaxtilə futbol oynamış qız kimi indi buna çox sevinirəm. Kaş indi ovaxtkı yaşım, enerjim olaydı. Eybi yox, heç olmasa, gedib azarkeşlik edəcəyəm.
XS
SM
MD
LG