Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:24

Qafqaz Müsəlmanları İdarəsindən İrana cavab…


Qafqaz Müsəlmanları İdarəsi
Qafqaz Müsəlmanları İdarəsi
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) İranın bəzi din xadimlərinin çağırışlarından və Təbrizdəki Azərbaycan konsulluğu qarşısında keçirilən aksiyada səslən fikirlərdən narahatdır.

QMİ Elmi-Dini Şurası mayın 11-də bəyanat yayaraq bu narahatlığını bildirib:

«Biz, Azərbaycan dövlətinin adına olmazın həqarətlər yağdırılmasını, onun dövlət atributlarının təhqirini, Prezidentinin ünvanına qonşu İran dövlətinin bəzi din xadimlərinin təhqiramiz ifadələr işlədilməsini heç bir vəchlə qəbul etmirik. Bunu daxili işlərimizə müdaxilə hesab edirik. Bu təxribatların əsl məqsədi heç də qələmə verildiyi kimi dini təəssübkeşlik, İslami həmrəylik, qardaşlıq nümayişi və ya xalqımızın guya heysiyyətinin qayğısına qalınması deyil. İslam adından sui-istifadə edərək sabitliyimizə xələl gətirmək və cəmiyyət daxilində qarşıdurma yaratmaqdır».

Sənəddə bildirilir ki, prezident Azərbaycan ərazisindən İrana qarşı hər hansı təcavüzə imkan verilməyəcəyini bəyan edəndən sonra bu növ aksiyaya yol verilməməliydi:

«Azərbaycan dövlətinin və cəmiyyətinin qəbul etmədiyi gey-parad və buna bənzər məsələlərin olacaq kimi qələmə verilməsi, ölkə əleyhinə aramsız təhdidlər səsləndirilməsi qərəz və məkrdən başqa bir şey deyil».

«DƏSTƏYİ HİSS ETMİRİK»

Bəyanatda həmçinin qeyd edilir ki, Azərbaycan ən böyük problemi olan ərazi bütövlüyünün bərpası məsələsində dünya birliyinin ədalətli mövqeyinə, dost və qardaş ölkələrin dəstəyinə ümid bəsləyir:

«Acı reallıq ondan ibarətdir ki, həqiqətən İslami həmrəylik, dini təəssübkeşlik nümayişi tələb olunan zamanlarda bu dəstəyi hiss etməmişik».

Bəyanatda təəssüflə deyilir ki, Şuşa, Ağdam məscidlərinin və yüzlərlə digər islami ibadət məkanlarımızın dağıdılmasına, bir milyon Azərbaycan müsəlmanının öz doğma yurdundan didərgin salınmasına cavab olaraq İranın nüfuzlu din xadimlərinin fətvaları eşidilməyib. Əksinə, bu ölkənin təcavüzkar dövlət olan Ermənistana davamlı olaraq maddi və mənəvi dəstəyi müşahidə edilir.

Mayın 8-də İranın Təbriz şəhərindəki Azərbaycan konsulluğu qarşısında «Eurovision»a qarşı mitinq keçirilib. İran mediası yazır ki, «minlərlə insan homoseksualların Bakıya toplaşması»na etirazlarını bildiriblər. Onlar üzərinə «İsrailə ölüm!», «Hicab bizim fəxrimizdir!» yazılmış və Azərbaycan prezidenti İlham Əliyevi «sionist» adlandıran şüarlar da qaldırıblar.
XS
SM
MD
LG