Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:43

«Tehranda alimin qətlinə görə asılan kik-bokser» WikiLeaks-in güdazına gedib?


WikiLeaks
WikiLeaks
İranda kik-bokserin asılmasında WikiLeaks teleqramının rolu olubmu?

Təhlilçilər deyirlər ki, mayın 14-də İranda nüvə alimini qətlə yetirməkdə təqsirli bilinib edam olunan şəxs deyəsən WikiLeaks saytının dərc etdiyi gizli teleqramların güdazına gedib.

24 yaşlı Majid Jamali Fashi Azərbaycandakı ABŞ səfirliyinin teleqramının icazəsiz dərcindən bir ay sonra həbs olunub. Həmin teleqramda mənbələrdən birinin iranlı hərbi incəsənət eksperti olduğu göstərilirdi. Cənab Fashi bir ay öncə kik-boksinq turnirinə görə Azərbaycana səfər etmişdi.

«Ola bilsin bu teleqram İranda cənab Fashi barədə şübhə yaradıb», bunu Birmingham Universitetinin professoru, İran üzrə ekspert Scott Lucas «The Times»a deyib. «Alternativ olaraq teleqramdan ona qarşı bəhanə kimi istifadə oluna bilər; bu qətlə görə məsuliyyət onun üzərinə qoyulub».

«WikiLeaks MƏSULİYYƏTSİZLİK EDİB»

Majid Jamali Fashi
Majid Jamali Fashi
St Andrews Universitetinin İran Araşdırmaları İnstitutunun rəhbəri Əli Ənsari isə deyir: «Mən həmişə WikiLeaks teleqramlarının dərcini, onlarda adı bilərəkdən yaxud bilməyərəkdən çəkilənləri nəzərə almadığına görə məsuliyyətsiz adlandırmışam».

WikiLeaks sözçüsündən ötən gecə şərh gəlməyib.

Nüvə alimi Massoud Ali-Mohammadi 2010-cu ilin yanvarında Tehrandakı evinin qarşısında motosikletə bağlanmış bombanın partlaması nəticəsində ölüb. Rejim onun ölümünə görə İranın nüvə proqramını sıradan çıxarmaq istəyən xarici kəşfiyyatı günahlandırıb. Bir ildən sonra böyük hay-küylə İsrailin kəşfiyyat agentliyi olan Mossad-la bağlı olduğu deyilən on «casus»un saxlandığını elan edib və onları qətlə görə təqsirli sayıb.

FASHİNİN TELEVİZİYA ETİRAFI

Həmin on nəfərdən biri olan cənab Fashi dövlət televiziyasına «etiraf» üçün çıxarılıb. Deyib ki, Mossad agentləri onu Tehranda işə cəlb edib, o, Azərbaycan vasitəsilə Təl- Əvivə gedib. O, etiraf edib ki, Təl- Əvivdə hərbi bazada təlim keçib, orada doktor Ali-Mohammadinin Tehranın şimalındakı evinin modeli istifadə olunaraq qətl planlaşdırılıb.

Cənab Fashinin televiziya çıxışında müxalifət fəalları onu tanıyıblar, onun peşəkar kik-boksçu olduğunu deyiblər. O, idmançı kimi həqiqətən də 2009-cu ilin avqustunda yarış üçün Azərbaycana səfər edib. İranın yarı-rəsmi Fars xəbər agentliyi xəbər verib ki, həmin yarışda medal da qazanıb.

Hakimiyyət Fashini necə saxladığını açıqlamayıb, onun istintaqı bağlı qapılar arxasında keçirilib. Ancaq onlar 2010-cu ilin dekabrında yayılmış WikiLeaks teleqramına əsasən onun əsl cinayətkar, yaxud hazır günah keçisi də elan edə bilərdilər.

AD REDAKTƏ OLUNUB, AMMA...

Bəsic üzvləri təlim keçərkən
Bəsic üzvləri təlim keçərkən
WikiLeaks İran mənbəyinin adını redaktə edib, ancaq 09BAKU687 şifrli teleqramda diplomat «lisenziyalı hərbi incəsənət məşqçisi» barədə danışırdı. Ancaq mənbə onu da yazırdı ki, rejim İnqilab Qvardiyası və Bəsic hərbçilərinə təlim keçmək üçün İranda hərbi incəsənət klublarına təzyiq edir, onların üzvlərindən 2009-cu ildə prezident Ahmadinejadın təkrar seçkisindən sonra nümayişləri dağıtmaq üçün istifadə olunub.

Teleqram 2009-cu il sentyabrın 1-də göndərilib; ondan bir neçə gün əvvəl cənab Fashi İranın kik-boksinq komandasının üzvü kimi Bakıya səfər edib.

GÖZLƏNİLMƏZ NƏTİCƏLƏR

Hətta əgər o, teleqramda təsvir olunan mənbə deyilsə belə, sənəd rejimin onu doktor Ali-Mohammadinin qətlində ittiham etməyi üçün kifayət qədər bəhanə verib. «Bunlar həmin teleqramın dərcinin gözlənilməz nəticələridir», doktor Lucas belə deyib.

İran dövlət mediasının məlumatına görə, Fashi Tehranın məşhur Evin həbsxanasında asılıb, ancaq həmişəkindən fərqli olaraq, onun edamına dair heç bir şəkil dərc olunmayıb, eləcə də digər doqquz adı çəkilməyən «xəfiyyə»nin taleyi barədə heç nə deyilməyib.

50 yaşlı doktor Ali-Mohammadi barədə də suallar qalır. O, Tehran Universitetində hissəciklər fizikası üzrə professor işləyib. Ancaq onun İranın nüvə proqramı üzərində işləməsinə dair ciddi sübut yoxdur. Müxalifət fəalları iddia edirlər ki, o, Yaşıllar hərəkatını dəstəkləyib və əslində İsveçə getməyi planlaşdırırmış.
XS
SM
MD
LG