Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:48

«Həbsxanalarda normadan artıq məhbus saxlanılır, istilik sistemi pisdir…»


Foto: Arxiv
Foto: Arxiv
«Həbsxana infrastrukturunda təkmilləşdirmə işinin davam etməsinə baxmayaraq, həbsxanalarda şərait çox pis olaraq qalıb. Bəzilərində isə ümumiyyətlə həyat üçün təhlükəli olub. Kameralarda normadan artıq məhbusun saxlanması, normal qidalanmama, istilik və ventilyasiya sisteminin pis, tibbi xidmətin isə zəif olması həbsxanalarda yoluxucu xəstəliklərin yayılması probleminin başlıca səbəbləri olub».

ABŞ Dövlət Departamentinin dünyada insan hüquqlarının vəziyyətinə dair illik hesabatda həbsxana və təcridxanalardakı şərait belə təsvir olunur.

Hesabatda deyilir ki, həbsxanaların əksəriyyəti sovet dövründən qalıb, beynəlxalq standartlara cavab vermir. Məhbusların işləmək, yaxud peşə təlimi görmək imkanları cüzi olub. Keçmiş məhbusların dediklərinə görə, həbsxana nəzarətçiləri məhbusları döyməklə, yaxud karserə salmaqla cəzalandırırlar. Yerli və beynəlxalq müşahidəçilər qapalı tipli Qobustan həbsxanasında şəraitin pis olması barədə davamlı məlumatlar yayıblar.

VƏRƏMLİ, AIDS-Lİ MƏHBUSLAR SAĞLAMLARLA BİR YERDƏ

2 aprel məhbuslarından Elnur Məcidli cəza çəkdiyi 17 saylı həbsxanadan mayın 15-də çıxıb. O, 6 ay həmin cəzaçəkmə yerində qalıb. Deyir ki, ABŞ Dövlət Departamentinin hesabatında təsvir olunan şərait ona yaxşı tanışdır:

Elnur Məcidli
Elnur Məcidli
«Qanunla hər məhkuma normaya uyğun olaraq 20 kvadratmetr yer düşməlidir. Ancaq hər məhkuma 4 kvadratmetr yer düşürdü. Həm də vərəmli, AIDS-li məhbuslar sağlamlarla bir yerdə saxlanılırdı. Qışda xüsusilə çətin olurdu. Soyuq olduğu üçün məhkumlar hamısı baraklarda olurdu. Hamı siqaret çəkir. Oradakı havasızlığı təsəvvür edin. Qidalanma yüksək səviyyədə deyildi, suda isə problem yox idi. Tibbi müəssisədə iki həkim vardı. Dərmanlar mütəmadi verilmirdi. Ventilyasiya hər korpusda yox idi. Görüş otaqları çox bərbad vəziyyətdə idi. Qışda istilik demək olar ki, yox səviyyəsində idi».

Ancaq Elnur Məcidli deyir ki, 17 saylı cəzaçəkmə yerinə göndərilməmişdən əvvəl saxlandığı Kürdəxanıdakı istintaq təcridxanasında saxlanma şəraiti standartlara uyğun olub.

BİR BARAKDA 200 NƏFƏR

Hüquq Müdafiə Təşkilatlarının Monitorinq qrupunun üzvü Novella Cəfəroğlu neçə illərdir cəzaçəkmə yerlərindəki vəziyyətin monitorinqini aparır. Deyir ki, bu sahədə vəziyyət yaxşı olmasa da, irəliləyişlər də var:

Novella Cəfəroğlu
Novella Cəfəroğlu
«Həbsxanalarda vərəm, narkomaniya, hətta AIDS də var. Ancaq əvvəllər monitorinq apardığımız cəzaçəkmə yerləri ilə indikilər arasında yerlə-göy qədər fərq var. Məsələn, indi vərəmli məhbusları tez həkimə aparırlar. Vərəm yavaş-yavaş azalır. Su olmayan həbsxanalara su çəkilib. Elə cəzaçəkmə yerləri vardı ki, 800 nəfərə 8 tualet vardı, indi əlavələrini tikiblər. Karserləri təmir ediblər. Ancaq bilmirik ki, kimə orada nə cəza verirlər. Elə yerlər var ki, bir barakda 200 nəfər qalır. Bu da bir növ işgəncədir. Həbsxanalarda problem çoxdur. Ancaq yavaş-yavaş islahatlar gedir».

GÖRÜLMƏLİ İŞLƏR VAR, ANCAQ XEYLİ İŞLƏR DƏ GÖRÜLÜB

Ədliyyə Nazirliyinin insan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov isə hesabatda deyilənlərlə razı deyil:

«Bu sahədə görülməli işlər hər zaman var. Ancaq xeyli işlər də görülüb. Bu gün bizim cəza sistemimizdə müasir infrastruktur yaradılır, yeni müəssisələr tikilir. Qanunvericilik bazası təkmilləşdirilir. Kimlərsə həqiqətəuyğun olmayan məlumatlar verir. Vəziyyəti sırf qara rənglərdə göstərilməsini qeyri-konstruktiv hesab edirəm.
Faiq Qurbanov
Faiq Qurbanov
Bu sahədə xeyli işlər görülüb, bu gün də görülməkdədir. Azərbaycan hökuməti istəyir ki, bu sahədə vəziyyət daha da yaxşı olsun, standartlara daha yaxşı cavab verək».

Faiq Qurbanov misal kimi Kürdəxanıdakı təcridxananı və Naxçıvandakı qarışıq tipli müəssisəni göstərir. Bildirir ki, bu yaxınlarda Gəncədə, Şəkidə və Lənkəranda da yeni cəzaçəkmə müəssisələri fəaliyyətə başlayacaq.

ABŞ Dövlət Departamentinin hesabatında deyilir ki, hökumət mövcud saxlama məntəqələrini təmir etmək və yenilərini tikmək yolu ilə saxlanma şəraitini yaxşılaşdırmaq üçün xeyli səy göstərib.

Sənəddə o da deyilir ki, Ədliyyə Nazirliyi 2011-ci il ərzində həbsdə 113 nəfərin öldüyünü bildirib. 2010-cu ildə bu rəqəm 106 idi. Nazirliyin məlumatına görə, 2011-ci ildə 746 məhbus vərəmdən müalicə alıb. 2010-cu ildə bu göstərici 497 idi. Vərəm həbsxanalarda ölüm hallarının başlıca səbəbi olmaqda qalır. Hərçənd, Ədliyyə Nazirliyinin məlumatına görə, 2011-ci ildə bu xəstəlikdən ölən məhbusların sayı 24-ə enib. Hökumət məhbuslar və saxlanılanlar arasında ölüm hallarının digər əsas səbəbləri kimi xərçəng (13), HIV/AIDS (6) və intiharı (10) göstərib.
XS
SM
MD
LG