Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 16:35

Həmməruzəçilər tezliklə müxalifətçilərin azad olunacağını bildirir


Pedro Agramunt və Joseph Debono Grech
Pedro Agramunt və Joseph Debono Grech
-
«2011-ci ilin mart və aprel aylarında həbs olunmuş 17 nəfərdən hazırda yalnız 7-si həbsxanadadır. Prezident Administrasiyası nümayəndələri ilə biz bu məsələni müzakirə etmişik. Ümid edirəm ki, yaxın vaxtlarda həmin 7 nəfər də azadlığa çıxacaq».

Bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçisi Pedro Agramunt həmkarı Joseph Debono Grech'lə iyunun 13-də keçirdiyi mətbuat konfransında AzadlıqRadiosunun sualını cavablandırarkən deyib.

P.Agramunt bildirib ki, ona bu barədə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev deyib.

P.Agramunt həmçinin Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun (RATİ) əməkdaşı Mehman Hüseynovun da azad edildiyini bildirib. Jurnalistlər RATİ-nin rəhbəri Emin Hüseynovla əlaqə saxladıqda isə, bu məlumatın yanlış olduğu ortaya çıxıb. P.Agramunt daha sonra deyib ki, Baş Prokurorluqdan ona Mehman Hüseynovun bu gün (iyunun 13-ü) azad olunacağı bildirilib.

Hüquq müdafiəçisi Leyla Yunusun həmməruzəçiləri hakimiyyətə satılmaqda ittiham etməsi barədə sualı cavablandırarkən P.Agramunt bildirib ki, deyilənlər böyük yalandır. Onun fikrincə, Leyla Yunusun bunu söyləməyə haqqı yoxdur:

«Leyla Yunusla mən burada görüşdüm. O mənə deyib ki, 60 000 insan evlərinin sökülməsindən əziyyət çəkir. Amma nə qədər insanın evinin sökülməsinə görə kompensasiya aldığını soruşanda, o, cavab verdi ki, sual düzgün qoyulmayıb. Ona görə də, bu xanıma deməyə sözüm yoxdur».

Joseph Grech də korrupsiya ilə bağlı ittihamların yalan olduğunu deyib:

«Mən 42 il parlament üzvü olmuşam və heç kim məni korrupsiyada ittiham etməyib. Heç kimin agenti deyiləm. Biz Azərbaycana kömək etməyə gəlmişik. Gəlmişik Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü vəzifə və öhdəliklərini yerinə yetirməsinə nəzarət edək. Biz öz işimizi görürük. Gördüyünüz kimi, bu işimizin nəticələri də var. Bir daha qeyd edirəm ki, deyilənlər yalandır».

Azərbaycandakı fəaliyyətlərindən danışarkən P.Agramunt deyib:

«Demokratik ölkələrdə vəziyyət necədirsə, biz də Azərbaycanda öz fəaliyyətimizi o səviyyəyə çatdırmağa çalışırıq. Hər ikimiz Azərbaycanda gördüyümüz işdən qürur duyuruq».

AŞPA həmməruzəçiləri «Kür» Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyevin həbsxanadan buraxılmasından məmnun olduqlarını da bildiriblər.
XS
SM
MD
LG