Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:26

Şəhriyar Hacızadə və Fərid Hüseynin ailə üzvləri İrana getdilər...


Şəhriyar Hacızadə və Fərid Hüseyn
Şəhriyar Hacızadə və Fərid Hüseyn
-
İyulun 27-də sübh tezdən İranda həbs olan şairlər Şəhriyar HacızadəFərid Hüseynin ailə üzvləri bu ölkəyə yola düşüblər. Onların iyulun 28-də oğulları ilə görüşü gözlənilir.

UZUN SÜRƏN DANIŞIQLARIN NƏTİCƏSİ...

Dünən isə şairlərlə Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun əməkdaşlarının ilk görüşü alınıb. Xarici İşlər Nazirliyinin sözçüsü Elman Abdullayev deyir ki, konsulluğun əməkdaşları şairlərlə Təbrizdəki Mərkəzi Cəzaçəkmə Müəssisəsində görüşüblər. Vitse-konsul onların hər biriylə ayrılıqda danışıb. Şairlər İrana icazəsiz gəlməkdə ittiham olunduqlarını söyləyiblər.

Elman Abdullayev gənclərin fiziki və ya psixoloji təzyiqlərlə üzləşib-üzləşmədikləri barədə məlumatlarının olmadığını bildirdi.

«MƏN HEÇ BİR İRƏLİLƏYİŞ GÖRMÜRƏM»

«Fərid getməmişdən öncə dedi ki, mənə dövlət səviyyəsində dəvətnamə gəlib, mən İrana tədbirə gedirəm».

Bunu isə Fəridin dayısı Sənan Rzayev deyir. O əlavə edir ki, İran-Azərbaycan arasındakı razılaşmaya görə, Azərbaycan vətəndaşları bu ölkəyə vizasız getmək imkanına malik olduqları halda hansı icazəsiz girişdən söhbət getdiyini anlaya bilmir. Sənan Rzayev Azərbaycan hökumətinin, ictimai təşkilatların və digərlərinin şairlərinin azadlığı uğrunda apardıqları mübarizəni yüksək qiymətləndirir. Lakin elavə edir:

«Onlar Azərbaycana qaytarılmayanacan mən heç bir irəliləyiş görmürəm».

«AZƏRBAYCAN QARŞI VASİTƏ...»

«Şərq» qəzetinin redaktoru Akif Aşırlının fikrincə, İran bu şairlərdən Azərbaycana qarşı vasitə kimi istifadə edir:

«Fərid və Şəhriyarın həbsi «Eurovision» ərəfəsində İranın Azərbaycana təhdidlərinin ən pik zamanında baş verdi. Görünür, indi də İranın Azərbaycandan hansısa umacaqları var. İranın «Səhər» kanalının əməkdaşının, İslam Partiyasının siyasi fəallarının həbsi ilə əlaqədar, ola bilər ki, bu iki şairdən Azərbaycana qarşı vasitə kimi istifadə edilir. Bu, onların həbs ehtimallarından biridir».

Akif Aşırlı hesab edir ki, şairlərin həbsi, onların azadlığa buraxılması iki ölkə arasındakı münasibətlərdən və aparılacaq danışıqlardan asılıdır.

«MƏN İRANIN ƏDALƏTİNƏ İNANIRAM»

Şəhriyar Hacızadənin atası Hacı Mayıl Hacızadə isə oğlunun azadlığa buraxılacağına inanır:

«Mən siyasət adamı deyiləm. Mən bilmirəm iki dövlət arasında hansı danışıqlar gedir. Mən qanun, mən ədalət istəyirəm. Mən prezidentimizə da inanıram, ölkəmizin səylərinə də inanıram, İran İslam Respublikasının ədalətinə də inanıram».

CAVABSIZ MÜRACİƏTLƏR...

Azərbaycan hökuməti və ictimai təşkilatlar şairlərin qanunsuz həbs edildiyini bildirirlər. Azərbaycan dövlət qurumları, yazıçı və şairlər İran hökumətinə, İrandakı həmkarlarına bu şairlərin azadlığa buraxılması ilə bağlı dəfələrlə müraciət ediblər. Yazıçılar Birliyinin sədri Anar isə İranın Dini rəhbərinə müraciət etmişdi. Xarici İşlər Nazirliyi isə şairlərin həbsi ilə əlaqədar indiyə kimi İran hökumətinə 5 nota göndərib.

Azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə aprelin 29-da poeziya festivalında iştirak etmək üçün İrana gediblər. Onlar mayın 2-də Təbrizdə həbs olunublar.

İyulun 3-də İranın «Press TV» kanalı şairlərlə bağlı video yayıb. Videoda Azərbaycan şairlərinin casusluqda ittiham olunduğu deyilir.
XS
SM
MD
LG