Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 23:27

Əşrəf Veysəlli. Şeirlər


-

ƏSGƏR ATASININ MƏKTUBU

Gözüm yığışmayıb yollardan hələ,
Əllərim uzanıb Vətənə sarı.
Bütün əsgərlərə, komandirlərə
Oxu bu məktubda yazılanları.

Tez- tez evdən ötrü qəlbi darıxan
Təzə əsgərlərin önündə oxu.
Yuvası dağılan, yurdu dağılan
Əsgər atasının məktubudur bu.

Ürəyim çırpınmaz, nəbzim döyünməz
Mənim sizin kimi arxam olmasa.
Kiçik bir zəfər də üzümə gülməz
Böyük qələbəyə inam olmasa!

İnamla danışıb dinsin hər əsgər,
Yurdumuz bürünsün toy libasına.
Əsgər paltarını geyinməyənlər
Çox da tələsməsin bəy libasına.

Ölmərəm, gözlərəm o günü, qardaş-
Bayrağım Şuşaya sancılan günü.
Bu bağlı yolların düyünü, qardaş,
Atəş xətlərində açılan günü.

Sözüm isitməsə soyuq səngəri,
Könlüm perik düşər öz yuvasından.
Vətəni işğalda olan əsgərin
Marşı gözəl olar bəy havasından.

Bu vətən eşqinə, bu yurd eşqinə,
Qələbə çalmağı öyrət oğluma.
Şahin tək şığıyıb düşmən üstünə
İntiqam almağı öyrət oğluma.

Sevməyi də öyrət əsgər balama,
Yurd üçün canından keçər sevənlər.
Zirvədə bir şahin göstər balama
Görsün ki, vətəni necə sevərlər.

Ona səxavəti mən öyrətmişəm,
Əzmi, cəsarəti sən öyrədərsən.
Dosta sədaqəti mən öyrətmişəm,
Düşmənə nifrəti sən öyrədərsən!

2001


ƏSGƏR ATASIYAM

Ulu yaradandan imdad istərəm,
Əsən küləklərdən qanad istərəm.
Bir ocaq istərəm, bir od istərəm,
Könlüm isinəsi, əlim yatası
Əsgər atasıyam, əsgər atası.

Dizinin xətası dizimə gəlsin,
Gözünün qadası gözümə gəlsin.
Gəlirsə qoy mənim özümə gəlsin.
Çovğunun, boranın, qarın xətası.
Əsgər atasıyam, əsgər atası.

Bir ana qəfildən bitdi yanımda,
O da özü boyda dərddi yanımda.
Poçtalyon fikirli ötdü yanımdan,
Üzümə gülmədi meşin çantası,
Əsgər atasıyam, əsgər atası.

Güllərdən bir çələng hörüm göndərim,
Yanından gələn var görüm, göndərim.
Bütün çiçəklərdən dərim, göndərim,
Hər gülün öz ətri, çətri, butası
Əsgər atasıyam, əsgər atası.

Ay oğul, mən sizdən hünər gözlərəm,
Qələbə gözlərəm, zəfər gözlərəm,
Hər gün "Xəbərçi"dən xəbər gözlərəm,
Mənə yetişəsi, mənə çatası
Əsgər atasıyam, əsgər atası.

İgid səngərləri od-ocaq yerim,
Şəhid məzarları yatacaq yerim.
Sənsən ümid yerim, tutacaq yerim,
Ey yaylım atəşi, zəfər sədası,
Əsgər atasıyam, əsgər atası.


YAXŞI Kİ

Qoy sənin başına dolanım, Allah,
Olmasın yanında yalanım, Allah.
Şeirdir olanım- qalanım, Allah,
Sən məni nə üçün şair yaratdın?

Əsən küləklərin dərs deyirdimi,
Çəkdiyim ağrılar dərs deyildimi?
Öz dərdim özümə bəs deyildimi,
Sən məni nə üçün şair yaratdın?

Qızmar səhralarda əsən mehəm mən,
Güldə şəbnəməmsə, otda şehəm mən,
Sanki bu dünyaya cavabdehəm mən,
Sən məni nə üçün şair yaratdın?

Gərək bir qanadlı quş yaradaydın,
Əngin səmalara tuş yaradaydın.
Ya da ki, bir qara daş yaradaydın,
Sən məni nə üçün şair yaratdın?

Qoruya bildimmi sözümü yaddan,
Nəfsimi ləzzətdən, ağzımı daddan?
Çıxartdım oğlumu, qızımı yaddan,
Sən məni nə üçün şair yaratdın?

Qarış bu torpağa, diril dən kimi,
Hörük sünbüllərə hörül dən kimi.
Dirilləm hər sözü dirildən kimi,
Yaxşı ki sən məni şair yaratdın!

Gül kimi bitirdin daşda bu ömrü,
Tapşırdın bir dəli eşqə bu ömrü,
Yaşaya bilməzdim başqa bir ömrü,
Yaxşı ki sən məni şair yaratdın!

2007


YADIMDAN ÇIXIB

Tapdığım kəlmənin, dediyim sözün,
Axırı- əzəli yadımdan çıxıb.
Bu dünya gözümdən elə düşüb ki,
O dünya gözəli yadımdan çıxıb.

Sönmüş ocaqlarda qor gəzirəm mən,
Üzümü gor görsün, gor gəzirəm mən.
Özümü dəfn üçün yer gəzirəm mən.
Atamın məzarı yadımdan çıxıb.

Topxana meşəsi qatıb başımı,
Yetim bənövşəsi qatıb başımı.
Vətənin Şuşası qatıb başımı,
Qubası, Qusarı yadımdan çıxıb.

Qaldımı, əbədi qalan qalıqdı,
Nə dosta arxadı, nə arxalıqdı,
Xar olmuş Qarabağ xarabalıqdı.
Gülşəni-gülzarı yadımdan çıxıb.

Alışan bağrımın başıdı həsrət,
Yorğun gözlərimin yaşıdı həsrət.
Elə qatıbdır ki, başımı həsrət,
Öz başım, öz əlim yadımdan çıxıb.

11.02.2006


DÜŞÜR

Bu çadırlar özü qonaq,
Qonağa kim qonaq düşür.
Başımıza palçıq yağır,
Elə ki tozanaq düşür.

Haqqa tapın, haqqı çağır,
Qov içindən yalquzağı.
Hərəmizə ən uzağı
Bir- iki yalquzaq düşür.

Dilimiz söz tutanda da
Səsləyirik: Tanrı, Xuda!
Göylərə üz tutanda da
Başımızdan papaq düşür.


ANALAR

Beşiklər başında laylalar deyər,
Sevincdən don biçib geyər analar
Körpələr nə zaman böyüyər deyə,
Günləri, ayları sayar analar.

Öpüb sığallayar gözlərimizi,
Min bir qayğı ilə böyüdər bizi.
Dilimiz söz tutar, sözlərimizi
Ellərdən ellərə yayar analar.

Yolu duman tutsa, dağı qar alsa,
Aylı gecələri birdən qaralsa,
Başımız üstünü buludlar alsa,
Birinci hiss edər, duyar analar.

Kövrəldər bir kiçik söz ürəyini,
Xəzanlar bürüyər yaz ürəyini.
Çıxarıb köksündən öz ürəyini,
Yaramız üstünə qoyar analar.

O bütün qəlblərin dostu, yaxını,
Bu yerlər, bu göylər ona sığınır.
Oğul günahını, qız günahını,
Gözünün yaşıyla yuyar analar.


ƏLA

O uşaq arzumun uzaq mənzili,
Əla görünərdi yaxından, əla.
Çoxundan pis idim dağdan baxanda,
Dərədən baxanda- çoxundan əla.

Yatmadım gözümü yuxu yandırdı,
Dilimi könlümün ahı yandırdı.
Sinəmi fələyin oxu yandırdı?
Yayına bilmədim oxundan əla.

Dərdim oynayanda "Kərəmi" üstə,
Dağlar yıxılardı şələmin üstə.
Milçəklər qonardı şirəmin üstə,
Uçdu xəzan vaxtı bağımdan - əla.

Göylər qəzəbini tökər baxtıma,
Zülmət gecələri bükər baxtıma
De, necə edim ki, bu kor baxtıma
Bu kor gözlərimlə baxım mən əla.

Köhnə çəpərliyə bağlıq deyənlər,
Alçaq təpəliyə dağlıq deyənlər,
Solumda, sağımda sağlıq deyənlər,
Çəkildi solumdan, sağımdan, əla.

De, harda yatmısan, bozqurd balası
Çox yatma, olarsan manqurt balası.
Qar üstə iz salan ac qurd balası
Quduz köpəklərin toxundan əla.

Öyrət yeriməyi, öyrət yollara,
Bu bağlı yollara, bu sərt yollara.
Bir gün işıq düşər zülmət yollara,
Məşəllər alışar ahımdan əla.

Marten sobası da atom ES-i də,
Donuq vicdanları çətin isidər.
Azad bir ölkənin dilənçisi də
Kölə dövlətlərin şahından əla.


SƏN QARA KEŞİŞ OL

Gedərəm bir ulu arzuya doğru,
Ölərəm, bu yoldan geri dönmərəm.
Gəl məni qorxutma,a zalım oğlu,
Sən Qara keşiş ol,
mən Yanıq Kərəm.

Saxla istəyimi qəfəsdə, saxla,
Qoyma Xan Əslinin boyunu görəm.
Tikanlı sədd olub yolumu bağla-
Sən Qara keşiş ol,
mən Yanıq Kərəm.

Necə ki, çarpışır qaranlıqda nur,
Necə ki döyüşür sevinc ilə qəm,
Mən dostluq qalası tikim, sən uçur -
Sən Qara keşiş ol,
mən Yanıq Kərəm.

Köksümün altında bir ülvi istək,
Nə məndə dönmək var, nə səndə kərəm.
Görək taleyimiz nə göstərəcək,
Sən Qara keşiş ol,
mən Yanıq Kərəm.


İTİNƏ YİYƏ DUR

Hərdən quyruğunu bulayıb keçir,
Hərdən yalquzaq tək ulayıb keçir,
Hərdən quduz kimi dalayıb keçir,
İtinə yiyə dur, ay it yiyəsi.

Gah oğlana hürür, gah qıza hürür,
Hürür kimsəsizə, yalqıza hürür...
Bu it aya hürür, ulduza hürür,
İtinə yiyə dur, ay it yiyəsi.

Bəlkə qarın gəzir, qursaq axtarır,
Yoxsa özü kimi sarsaq axtarır,
Ya da köpək gəzir, kürsək axtarır,
İtinə yiyə dur, ay it yiyəsi.

Atını dördnala çapır bu qancıq,
Nə desən sülənib tapır bu qancıq,
Çörək verəni də qapır bu qancıq,
İtinə yiyə dur, ay it yiyəsi.

Harda görünmüşdü ustada hürmək,
Ataya, anaya, övlada hürmək?!
Boynunda zəncir yox, ağzında kürmək
İtinə yiyə dur, ay it yiyəsi.

"Azərbaycan" jurnalı
XS
SM
MD
LG