Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:29

Ilqar Müəzzinzadə. Üç öykücük və bir şeir


İlqar Müəzzinzadə
İlqar Müəzzinzadə
-

Arazın o tayından


Ilqar Müəzzinzadə


(Üç öykücük və bir şeir)


Giroqan*

Yerin-göyün işlərini dayandırmışam. Bütün kainat məni izləyir. Başqa dünyanın adamları belə dalım sürə gəliblər. Bir həftədir nə ölən var, nə yas tutan; hələlik Afrıqada heç kimsə acından ölmür. Heç bir oğlan heç bir qıza diyə bilmir "səndən sarı ölürəm!”.
Ölümə yandı-qındı verirəm. Dünyanı vurmuşam bir-birinə. Qəbrıstanlar bir həftədir tətil olub.

Çox sinirliyəm və çox kədərli, artıq 8 gündür sevgilimin ölümünə görə qanım qaralıb və Tanrıla savaşdığımda, Əzrayılı giroqan tutmuşam!

_______
*girov

Taysız

Həməşə birlikdə gəzib-dolanardıq. Hara gedib harda qalsaydıq, yolları bir gedərdik, bir qayıdardıq. Bir can idık iki gövdədə. Birimiz ölsəydik, o birimiz aradan getməliydi.
Of ki nə tez gəldi o gün, meşəni duman bürümüş o şehli axşam... o meşənin bağrından axan çay... Sən məndən sonra atıldın... Ayaq batdı palçığa... Apardı çay səni və mən nə qədər sənə sarı qaçdım, sən o qədər məndən uzaqlaşdın.

İndi bir mənəm, bir səyəzi* quru çörək, ruf** və misdən olan köhnə qab qaşıq və bu gövdəmi bürümüş ayrılıq palçığı.

Ahh, sən məni yalqız buraxıb getdin və mən indi qapının ağzındakı başmaqlara və vaks qabına həsrətlə baxıram. Çay səni aparandan bəri day vaks da yemirəm və hər gün bu səs küçədən gəlib keçərkən, min kərə ölüb dirilirəm:

Aay naylon başmağı olan, köhnə başmağı olan....

______
*çuval
**sink


Qəbz

Məni qandalladılar. Niyə ki, telfon qəbzini paylayanla bir fərqim varidı; o millətin dövlətə borclu olduğunu gündüzlər qapılara atırdı; mən isə dövlətin millətə borclu olduğunu, gecələr..!


Şeir

oooy insan!
Mən ata babalarımın qarqışıyam!
Tanrıçalar ruhumu məhbus ediblər
ən uzaq bir pilanet də
bir porotopılasm* içində.
Torpaqlı pilanetizdə
bir canlının yalqızlıq okeanında itməyini
yetir bütün polislərə
bəlkə bu axşam donsun,
oooy insan!
Heçlikdən boşluqdan dolu bir buzlağın içində
bir daşıt** olmaqdayam
buzlu bir ulduzun
yap-yalnız dirisi!
Buradan mən sənə əl dəbərdirəm
teleskopla baxdığında
bəlkə məni görə bildin...!?
Nə olur məni arasana
yox!!!
Elə bil səndə bir yuxu sanırsan məni;
bəlkə min illərdən sonra
bir nöyüt quyusundan
tarixlərin dərinliyindən sıçrayam
və müzeylərdə fanuslar*** içində
bu dönə ışıqdan doğulam
...
Şaşırmış insan
qorxudan
ayıldı yuxudan...

__________
*protoplazma - canlı hüceyrənin tərkibi
**dövrümüzə gəlib çatmış qədim canlı qalıqları
***fanar, lampa
XS
SM
MD
LG