Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:48

Elnarə Akimova "Mustafa" romanını tənqid edir


Elnarə Akimova
Elnarə Akimova
-

“Mustafanın kədəri və tənhalığı doğrudan da bu qədər dərin imişsə, bəs niyə əsər boyu bizi tərpətmədi? Çünki romanın həcmində o ağrını yaşamağa müvəffəq olmuruq..."

“Mustafa”da yer alan maraqlı detallara rəğmən əsər roman səviyyəsində gerçəkləşmir”.

"Əsərdə nəql olunanların təfərrüatlı inikasına varmaq əvəzinə səthi təsvirlər, ümumi cümlələrlə ötüb keçilir, roman strukturuna məxsus obraz, hadisə, situasiya yaratmaq əzmi isə hiss olunmur".



Tənqidçi Elnarə Akimova bu məqaləsi ilə yazıçı Qan Turalının “Mustafa” romanının “Oxu zalı”nda başlanmış müzakirəsinə qoşulur.


Elnarə Akimova


İTİRİLMİŞ GƏNCLİYİN ROMANI


Yeni nəsr əsərləri içərisindən Zaman anlayışı xüsusi məqam kimi keçir.

Adətən, yaşlı nəsildə bu məqam keçmişə nostalji, onun hər çərəyinə münasibətdə mühafizəkarlıq formasında təzahür edirsə, gənc nəsildə keçmiş zaman və onun gətirdiyi hər şeyə qarşı pessimist, dünənindən incik, küskün ovqatda üzə çıxır.

Bu mənada, müasir ədəbi gəncliyi təmsil edən əksər yazarların toxunduqları mövzular bir ortaq nöqtədə birləşirlər.

Onların hamısında ağrılı Zaman obrazı var, itirilmiş gəncliyin, puç olmuş arzuların arxasınca qoşmaq nədənilə yaxın keçmişə doğru hərəkət var.

Bu, eyni kontekstdən gələn informativ kodların, tarixi-mənəvi proseslərin doğurduğu eyni məzmunlu gerçəklikləri yaşamaqla bağlıdır.

Səbəb aydındır: gənclərin yetişdikləri dövr 1990-cı illərdir ki, bu dövrə xas olan bütün fəci
reallıqlar onların baxışlarına xüsusi təsir göstərib: müharibə, yurd itkisi, şəhidlik ağrısı, müxtəlif qətllər, zorakılıqlar, soyqırım dəhşətləri, ictimai-siyasi xaos, mənəvi-əxlaqi deqradasiya və bütün bunları tarixi taleyində daşımağa müncər olmur insan həyatı.

Buna görə də gənclik dövrü məmləkətin sərt sınaqlar və fəci yaşantılar dövrünə düşənlərin istər geriyə, istərsə də gələcəyə yonələn baxışında ancaq və ancaq yaddaşlarına hopmuş, lokal əlacsızlıq məngənəsində çabalayan insanın portretini sərgiləmək missiyası var.

Tənqidçi L.Anninski rus nəsrində mövcud olan eyni məqamı xarakterizə edərək yazır:

“Onlar (yəni gənclər-E.A) həyata elə bu cür də daxil oldular- gözlərini geniş açaraq və küləkdən boğula-boğula. Onlar gənclik maksimalizmi ilə biz bu həyata bir gənc kimi, şövqlə və cəsarətlə qədəm qoyuruq, yarımhəqiqətləri və yalanı deyil, yalnız həqiqəti üstün tuturuq - deyə bəyan edirdilər.”

Bu, milli müstəqillik dövrünün nəsridir, 1990-cı illərdən başlayaraq Azərbaycan gerçəkləri ardınca elə mövzular gətirir ki, əvvəlki dövrlərlə müqayisədə təsəvvür hüdudlarını aşır.

Həmin xaotik durumun rəvac verdiyi neqativlər sonucda ən böyük zərbəni insana vurur, onunla zamanın, mənəvi-əxlaqi dəyərlərin sabitliyi arasındakı əlaqənin pozulmasına gətirib çıxarır: qlobal tənhalıq insanın özgələşməsini, özündən ayrılmasını, yadlaşmasını şərtləndirmiş olur.

Həmin dönəmin mahiyyəti, onun yaddaş strukturunda yer almış görüntüləri ilə çağın insanının düşüncəsi arasında dialoq bədii təfəkkürə yansımaya bilmir.

Qan Turalının “Mustafa” romanında yaxın keçmişimizin mənzərəsi, keçib gəldiyimiz illərin çəkdirdiyi sarsıntıların izləri var. “Yazılanlar ilk növbədə bu dünyadan keçib, bu dünyada yaşanılmalıdır”.

Mustafa keçib gəldiyi dünyanın sarsıntısını mənəvi taleyində daşıyan obrazdır. Tələbə yoldaşı Nilufərə, bundan əvvəl isə dörd nəfərə etdiyi sevgi etirafından rədd cavabı alan Mustafa ümidsizliyə uğrayır. Daxilən onsuz da ünsiyyəti sevməyən Mustafa bundan sonra bir qədər də pessimizmə qapılaraq mehrini yalnız kitablara salır. Kitablara olan aludəliyi onu siyasi qruplaşmalara gətirib çıxarır. O, ideallarla yaşamağa başlayır, cəmiyyət düzəninin harmoniya əldə etməsi, sosial bərabərlik naminə revanşist mövqedə bulunur. Lakin buradakı cəhdi də alınmır və o, məhbəsə salınır. Üç illik zindan
Qan Turalı "Müstafa" romanının təqdimat mərasimində
Qan Turalı "Müstafa" romanının təqdimat mərasimində
həyatından sonra Müstafa kəndə çəkilir, burada müəllimlik etməklə öz içi, təkliyi ilə baş-başa qalır.

Romanda nəql olunan hadisələr düz səkkiz il bundan əvvələ gedib çıxır. Qəhrəmanın səkkiz il əvvəl yazdığı “Ay işığı” povesti onun yaddaşında keçmişilə bağlı müəyyən asossiasiyalar doğurur və o, həmin zamanın xatirəsinə dalaraq mətnləri dilə gətirir.

Bu yanaşma qeyri-ixtiyari olaraq mətndə iki və daha çox zaman müstəvisində gəzişmələrə yol açır. Adətən, retrospeksiya halları, psixoloji geridönümlər travmatik zərbələr sonrası hasilə gəlir, bu hadisələrdən sonra insan şüurunda həmin prosesləri mütəmadi olaraq yenidən yaşamaq, yaxud rahatsızlığını daim hiss eləmək şəklində meydana çıxır.

Müstafanın həyat tərzi bunların bir çoxunu yaşamağa hesablanıb. Uğursüz sevgi, inqilaba cəhdin uğursuz sonucu, məhbəs həyatı, kənd müəllimliyi. Taleyin onun üçün cızdığı həyat trayektoriyasında Mustafa aldığı zərbələrin psixoloji gərginliyindən mənəvi böhran həddini yaşamağa müncər olur.

Müəllif toxunduğu hər mətləblə bağlı dünya filosof və yazıçılarının ibrətamiz düşüncələrini, fikirlərini sərgiləyir. Bu fikirlər sanki qəhrəmanın öz həyat tərzini kodlaşdırması üçün impuls verir. Heç bir yerdə-oxuduğu universitetdə, qaldığı evdə, hətta doğulduğu yurdda belə özünə rahatlıq tapmayan, tənha və tək görünən Müstafanın yeganə həmdəmi kitablar olur:

“Səhər açılan kimi paltarımı geyinib Axundov kitabxanasına gedirdim. Səhər yeməyini də, günortanı da orda yeyirdim. Kitabxanalara girən kimi kataloqlara baxırdım. Əvvəl oxuduğum kitabları seçib yenidən oxuyurdum. Mütaliə məni xilas edirdi.”

Mustafanın içində güclü bir təklik sevdası hökm sürür:

“İnsanlar daha da çoxalırdılar. Dərdimi kimə deyəydim? Dünya dolu adam idi”.

Arzuların heçliyə dirənişi Mustafanın həyatına melanxoliya gətirir və psixoloji sarsıntılar onun mənəvi dünyasında boşluq, təklik, son problematikası ilə müşayiət olunmağa başlayır.

Kənddə müəllim kimi çalışarkən bütün ümidini Əkrəmə bağlayan və onu məhv olmuş ideallarının daşıyıcısı kimi yetişdirmək istəyən Mustafanın öz şagirdinə etdiyi nəsihətin məğzi əslində, onun mənəvi dünyasında illər boyu gəzdirdiyi əsl dekadansın göstəricisi, mövcudluğu kimi sərgilənir:

“Mən inandığım şeylər uğrunda əzab çəkdim. Qız sevdim, alınmadı. Dünyanı dəyişdirmək istədim, lakin dəyişən yaşayış yerim oldu. ... Insan inandığı şeylər uğrunda möhtəşəm səhvlər edə bilər.”

Bu gün mətn olmayan, mətn kimi oxunmayan heç nə yoxdur. “Mustafa” romanına da müxtəlif rakurslardan yanaşmaq və dəyərləndirmək mümkündür.

Müəllif Mustafanı formalaşdığı dövrün gəncliyinin səciyyəvi obrazı kimi təqdim etməyə çalışmışdır. Mustafanın yaşantıları, duyğuları yazıçıya yaxşı tanışdır, o üzdən təhkiyəni birbaşa öz üzərinə götürüb. Başqa sözlə desək, Mustafa müəllifin proobrazıdır, bəlkə də bütün yeni nəslin içində bir Mustafa yaşayır, desəm yanılmaram.

Gənc nəsil bu gün özünüdərk məsələsinə daha çox vaxt ayırır və məhz, keçib gəldiyi zamana baxış, qayıdış fonunda mənəvi böhran yaşamış özünün obrazını ədəbiyyata gətirir.

Albert Camus
Albert Camus
A. Kamyunun “Qiyama qalxan insan” essesində belə bir fikir var:

“Yalnız azadlıq uğrunda ölməyin mənası var, çünki bu zaman insan inanır ki, o, tamamilə ölmür”.

Əslində, azadlıq uğrunda mübarizənin məğlubiyyətlə sonuclanması da eyni məna tutumu ilə düşündürür, insanı inandığı ideallardan vaz keçməyə qoymur.

“Mustafa” romanında da müəllif ona çalışır ki, məğlubiyyətə müncər olmuş insanın fərdi taleyi timsalında idealların, mübarizə hissinin ölmədiyinə bizi inandırsın. Amma inandıra bilirmi?

Əsərin proloqunda qeyd olunur:

“İnsan yaşantısı dərhal ədəbiyyatda əks olunursa, ədəbi əsər özündən çox şey itirir. Üstündən nəfəs dərəcək qədər zaman keçməlidir. İllərlə beynimdə möhkəmlənmiş bu düşüncəyə sadiq qalaraq başıma gələn hadisələri səkkiz il sonra yazmağa qərar verdim.”

Doğru fikirdir, dövrün konseptual dərki, daha dərin qatlara eniş üçün müəyyən nəfəsdərimə ehtiyac var.

Digər tərəfdən, roman janrı insanın zamanla bağlılığını dolğunluqla bədii təcəssümün mərkəzinə çəkmək üçün əlverişli imkanlar yaradır. Lakin janrın tələbləri kontekstindən yanaşdıqda “Mustafa” romanında müəyyən kəsirlər nəzərə çarpır və bu qədər zaman fasiləsinə, əsərdə yer alan maraqlı detallara rəğmən əsər roman səviyyəsində gerçəkləşmir.

Məsələ bundadır ki, Mustafanın təkliyi, tənhalığı əsərin qayəsi kimi götürülür, bu sırada qəhrəmanın sevgisi, siyasi fəaliyyəti, dostlarla münasibəti, hətta şəhər həyatı - Bakıya, Əli-Bayramlıya dair səhnələr də ümumi olaraq, bu tənhalığın kölgəsində təqdim olunurlar.
“Mustafa” romanının məqsədi də elə budur, sosial-mənəvi problemlər qaldırmaq, insanın sosial fərd olaraq tənhalığını göstərmək. Fəqət romanda idraki məqamlara varılmır. Mustafanın tənhalığının səbəbləri, üzləşdiyi problemlər, ideallarının məğzi-məğlubiyyəti nəsr fakturası ilə gerçəkləşmir. Əvəzində, əsərdə nəql olunanların təfərrüatlı inikasına varmaq əvəzinə səthi təsvirlər, ümumi cümlələrlə ötüb keçilir, roman strukturuna məxsus obraz, hadisə, situasiya yaratmaq əzmi isə hiss olunmur.

Əsər boyu qəhrəmanın publisist düşüncələrinin, eləcə də dünya yazıçı və filosoflarından sitatlar fonunda Mustafanı müxtəlif situasiyanın iştirakçısı qismində görürük. Amma bütün bu situasiyalarda sosial gerçəklər əsərə birbaşa daxil edilir. “Nə qədər şeyi yanlış anlamışdım, nə qədər sadəlövh olmuşdum, yalanlara nə tez inanmışdım, həqiqəti nə gec başa düşmüşdüm. Bizə yalan söyləmişdilər! O yalanı açıb-ağardana qədər çox əziyyət çəkdim.”

Bütün əsər boyu müəllifin tapdığı həqiqətin nə olduğu bizi də düşündürür, lakin qəhrəmanın sosial ümidsizliyinin motivlənməsini görmürük. Bu mənada, əsərin sonunda Mustafanın Əkbərə dediyi fikirlər oxucunu çaşdırır:

“Bax, Əkrəm, o şəhərə gedirsən. O iblis cəmiyyətin növbəti qurbanına çevrilməməyin üçün yetişdirdim səni. Sən mən olmayacaqsan. Bunu bilirəm. Buraxdığım səhvlərin səbəblərini anlamışam mən. O səhvləri bir-bir sənə izah da etmişəm. Amma bilirəm, sən də səhvlər edəcəksən. Həyat riyaziyyat deyil ki, dəftər-kitabla öyrənəsən. Həyat həm kitabdır, həm də laboratoriya.”

Mustafanın kədəri və tənhalığı doğrudan da bu qədər dərin imişsə, bəs niyə əsər boyu bizi tərpətmədi? Çünki romanın həcmində o ağrını yaşamağa müvəffəq olmuruq, Mustafanın həyat yolu dərin bədii idrak obyektinə çevrilə bilmir.

Əlbəttə, təfsilatın reallığı bizdə şübhə doğurmur, o cümlədən Mustafanın uğursuzluğu və məğlubiyyəti bizi acıdır, amma sarsıtmır, düşündürmür.

Bu hansı məğlubiyyətdir? Mustafanın o qədər də dərin hisslərlə bağlanmadığı sevginin alınmamasımı, yoxsa əsərdə xəsis boyalarla təsvir olunan siyasi fəaliyyətinin uğursuzluğumu?

Əgər bunlardırsa, bu səbəblər əsərdə tutalğası yox kimi görünür. Müəllifin faciəvi-dramatik məzmun verməyə çalışdığı sevginin qəhrəmanı da, sonradan həmin qəhrəmanın inqilabçı ədada bulunması da əsərə deklarativ şəkildə daxil olur.

Çünki hər iki məqama gətirən problem-situasiya primitiv təsir bağışlayır. Bütün əsər boyu sadəlövh görünən Mustafa son səhnədə birdən-birə böyüyür, əxlaqi-didaktik notlarla danışır, həyata seyrçi-fəlsəfi baxışlarla nəzər salır:

“Səni bura çağırmaqda bircə məqsədim var. Həmişə ürəyinin səsini dinlə. Səhv etməkdən qorxma. Həyatda məqsədlər çoxdur, vasitələr var. Məqsədə çatmaq əsas deyil, əsas ona sarı getməkdir. Əsas hansı məzhəbə qulluq etməyin deyil, ona nə qədər sədaqətli olmağındır. Əsas məqsədə çatmaq deyil, məqsəddən sarpmamaqdır.”

Əlbəttə, bu böyüməni müəllif oxucuya vəd etmişdi: “Mustafa hələ böyüməmişdi. Amma mütləq böyüyəcəkdi.” Fəqət roman qəhrəmanının böyüməsi, daxili-mənəvi inkişafı əsərin hərəkət trayektoriyasında cızılmır. Məgər bədii obraz həm də yaşam deyilmi? Ki, onun mənəvi dünyasından keçib də orda, qəhrəmanın iç duyğularında özünü, keçmişini, yaşantılarını tapa biləsən?!

“Mustafa”nın düşüncələri, hadisələrə yanaşma və münasibəti, Azərbaycan insanına və məkanına dair mülahizələri sivil mövqeni, mütərəqqi dünyagörüşü qabardır, nominal səviyyədə müqayisələrə də yol açır. Belə ki, əsərdə müqayisə yalnız Şərqlə Qərb arasında deyil, elə Şərqlə Şərq arasında aparılır.

Türkiyədəki azad həyat tərzinin, təhsilin, tələbə həyatının üstünlükləri bu müqayisənin təcəssümü kimi təzahür edir. Həmçinin din, cəmiyyət, dövlətçilik qanunları, idarəediciliklə bağlı düşüncə sırası əsərdə bir məqam, reaksiya olub keçsə də bu mövzularla bağlı Mustafanın intellektual-təfəkkür aləmi bizi qane edir.

Bu kontekstdən yanaşaraq əsərdəki sosial-mənəvi çalarların vüsət almasını gözləyirik.

Lakin Mustafa nəinki cərəyan edən hadisələrin, həmçinin özünün daxili təlatümlərinin məğzinə yetmir, onların daha çox zahiri şəklini çəkməklə kifayətlənir.

Bu təbii ki, müəllifin üslubi xüsusiyyəti, onun analitik təhkiyəyə meylinin zəifliyi ilə bağlıdır.

Çünki qəhrəmanın zamanının, mühitinin sosial-əxlaqi panoramının dolğun inikasını vermək gərəkirdi.

Bir halda ki, mühit, sosial-siyasi toplum, əxlaqi-mənəvi tənəzzül insanı öz ideallarını realizə etmək yolunda əngələ çevrilir, o zaman problemin ictimai mahiyyətinə müdaxiləni dərinləşdirmək, onun sosial-psixoloji köklərini incələməklə mündəricə mənalılığına yetmək olardı.
XS
SM
MD
LG